Regionda xaos dərinləşir – fərqli bəhanələr, oxşar şüarlar
Siyasət

Regionda xaos dərinləşir – fərqli bəhanələr, oxşar şüarlar

Cənubi Qafqaza mənfi təsirlərin əhatə dairəsi getdikcə genişlənir. Regionda destabilliyin dərinləşdirilməsi, xaos və anarxiyanın dəstəklənməsi sabitliyə, əməkdaşlıq mühitinə ciddi zərbə vurur.

Məkrli dairələrin yeni dünya düzənindəki əsas planı rəsmi Moskvanın regionda nüfuzunu zədələməkdir. Bunun üçün müxtəlif yollara əl atan kollektiv Qərb və rəsmi Vaşinqton sözügedən oyunçuları Rusiyanın orbitindən uzaqlaşdırır.

Məlumdur ki, Qərbin regiondakı ilk "şikarı" Gürcüstan idi və XX əsrin başlanğıcından bu yana Avropa İttifaqına üzvlük məsələsi, bu yolla əldə ediləcək dividendlərlə inkişafın təmin olunması kimi amillərlə ölkə daxilindəki xaosun təməli qoyuldu.

2003-cü il noyabrın 23-də baş verən "Qızılgül inqilabı"da məhz belə vədlərin nəticəsi idi. Lakin illər keçdikcə Qərbin Gürcüstana verdiyi pikant sözlər reallığa çevrilmədi və ölkədə narazılıq daha da  artdı. Reallıq bundan ibarətdir ki, antirus meyillərin güclənməsi ölkəni iki yerə böldü. Fasilələrlə baş verən iğtişaşlar hakimiyyət dəyişikliyi ilə nəticələndi. Lakin bu hələ Gürcüstan üçün sabitliyin əldə olunması deyildi. Radikal qruplaşmaların aldığı "qrant"lar, ölkədə fikir ayrılığı yaşayan vətəndaşların kütləvi qarşıdurması Qərbin dəstəyi ilə  növbəti dəfə baş qaldırdı. Belə ki, hazırda qonşu dövlətdə xalq və iqtidar arasında qızğın mübarizə hökm sürür. Bu dəfə də kollektiv Qərbin və ABŞ-ın izlərinin rəsmi Tbilisidə özünü göstərməsi təəccüb doğurmur. Gürcüstan parlamentinin qarşısında "Xarici təsirin şəffaflığı haqqında" qanuna qarşı etiraz aksiyaları getdikcə böyüyür. Nümayişçilər aksiyada antirus şüarlarla iştirak edirlər. Bununla yanaşı, Avropa İttifaqı bayraqlarının dalğalanması onu deməyə əsas verir ki, Gürcüstan növbəti dəfə kollektiv Qərbin xaos girdabına düşüb.  Qeyd edək ki, paytaxtın mərkəzindəki Qəhrəmanlar meydanında polislə etirazçılar arasında toqquşmalar baş verir.

Mayın 1-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini qəbul edib. Qanun layihəsi yaxın iki həftə ərzində yekun 3-cü oxunuşa təqdim ediləcək. Əgər ölkə prezidenti qanuna veto qoyarsa, dörd həftə ərzində prezidentin vetosu ləğv olunacaq. Xatırladaq ki, sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatları və mətbuat orqanlarının xüsusi reyestrdə qeydiyyata alınması və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Layihəyə nəzər yetirdikdə aydın olur ki, qanun məhz xarici təsirlərin qarşısının alınmasını ehtiva edir. Bu səbəbdən, ABŞ və kollektiv Qərbin narahatlığı daxildəki radikal qrupların aksiyalar təşkil etməsi kimi dolayı yollarla üzə çıxır. Məlumdur ki, qanun layihəsinin nəticəsi kimi qərəzli qüvvələrin Gürcüstandakı riçaqları sıradan çıxacaq və daxili sabitliyin təmin olunması üçün bu, önəmlidir. Lakin sözügedən qanun layihəsi ilə bağlı Qərbin özündə də ziddiyyətlər mövcuddur. Belə ki,  "Xarici agent haqqında" qanun hələ 1938-ci ildə ABŞ-da qəbul olunub. "Xarici Agentlərin Qeydiyyatı Aktı" (FARA) adlanan qanuna əsasən ərazilərdə xarici güclərin maraqlarını təmsil edən şəxslər xarici hökumətlə əlaqəli fəaliyyəti, münasibəti və maliyyə barədə məlumatları dövlətə açıqlamalıdır. Bununla yanaşı, qanuna ABŞ Ədliyyə Departamentinin Milli Təhlükəsizlik Departamentinin Əks-kəşfiyyat və İxracın Mühafizəsi Bölməsi tərəfindən nəzarət olunur.

Digər tərəfdən, 2023-cü ildə Ursula Fon der Lyayen Avropa Parlamentindəki çıxışında "demokratiyanı qorumaq üçün bu qanunun qəbul edilməsi vacibdir" deyərək layihənin lehinə olduğunu ifadə etmişdi. Lakin bu fikirlərin də altında antirus meyillərin olduğu bilinirdi. Həmin dövrdə Avropa İttifaqı Rusiyanın açıq və qapalı şəkildə maliyyələşdirdiyi QHT-lərin fəaliyyətindən narahat idi (elə indi də). Qərb bu məsələni təhdid olaraq qəbul etdiyindən qanun layihəsinin PR-nı aparırdı. Görünür indi külək "əks istiqamətdən əsir". Bu məsələdə də Qərbin ikili yanaşması sübut olunur. Əgər ötən il qanuna dəstək verilməsi antirus meyillərindən qaynaqlanırdısa,  bu, indi də dəyişməyib. Sadəcə kollektiv Qərb və ABŞ sözügedən məsələyə Gürcüstanda yaxşı "don geyindirə" bilməyiblər.

Qonşu dövlətdə baş verən insidentlər birbaşa qərəzli dairələrin regiona müdaxilə etməsini təsdiq edir. Etirazçıların qanun layihəsindən çox, "Rusiyaya yox, Avropaya hə" şüarları eşidilir. Düzdür, aksiyaçılar qanun layihəsinin qəbul edilməsi məsələsində rəsmi Moskvanın əli olduğunu düşünürlər. Nəzərə alsaq ki, Qərbdə də sözügedən qanunla bağlı ziddiyyətlər var, o zaman Avropa İttifaqı bayraqlarının dalğalanmasının məntiqi izahı qalmır. Görünür qonşu dövlət keçmişdəki fəlakətləri olduqca tez unutmağa çalışır. Qərb təsisatlarının və ABŞ-ın verilən vədlərə "sadiqliyi" artıq dünya təcrübəsində mövcuddur. Məhz bu yol xəritəsinə nəzər salsaq, onların "ipi ilə quyuya enməyin" təhlükəli olduğunu bilərik. Məlumdur ki, sözügedən güc dairələri Ukrayna daxilində də bu cür eyforiyalar yaratmışdı. Lakin bu gün milyardlarla dollarlıq dəstəklərin, hərbi-siyasi yardımların səngiməsini müşahidə edirik. Bunu Avropa İttifaqı daxilindəki bəzi rəsmilər də açıq etiraf edirlər. Xüsusilə NATO-ya üzvlük məsələsi Ukraynada böyük qarışıqlıq yaradıb.

Qərbin Cənubi Qafqazdakı yeni planı da məhz Ukrayna modeli üzrə qurulur. "Demokratiya", "azadlıq" kimi ali mövhumlarla pərdələnən məkrli maraqlar regionun təhlükəsizliyinə xələl gətirirlər. Bir tərəfdə Qərbin ağuşuna atılan Ermənistanda, digər tərəfdə radikal qruplaşmaların "qrantlar" hesabına etiraz aksiyaları təşkil etdiyi Gürcüstanda daxili destabillik dərinləşməkdədir. Rəsmi İrəvanda kilsə və iqtidar arasındakı çaxnaşmalar böyük etirazlara səbəb olur, paytaxt Tbilisidə antirus şüarlar fonunda iqtidara təzyiqlər güclənir. Hər iki ölkədə səsləndirilən ortaq şüar isə bəllidir: "Rusiyaya yox!".

Cənubi Qafqazdakı xaosa paralel olaraq, davamlı sülhü və sabitliyi təşviq edən, regional lider olan Azərbaycan "sabitlik adası" statusunu layiqincə qoruyur. Qonşu dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan müsbət münasibətlərin qurulması, regional inkişafa dəstək çərçivəsində təşkilatçısı və iştirakçısı olduğu meqalahiyələrin realizəsi qüdrətli dövlətimizin düzgün və balanslı siyasi xəttə sahib olduğunu sübut edir.

Nurlan ABDALOV,

"Respublika".