Reinteqrasiya Qarabağda yeni mərhələnin başlanğıcı olacaq
Digər xəbərlər

Reinteqrasiya Qarabağda yeni mərhələnin başlanğıcı olacaq

İkinci Qarabağ müharibəsi bitdikdən sonra qarşıya qoyulan əsas məsələlərdən biri də Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesi idi. Reinteqrasiya dedikdə, ilk növbədə ölkəmizin qanunları çərçivəsində birgəyaşayış nəzərdə tutulur. Burada əsas məsələ ondan ibarətdir ki, Qarabağda yaşayan erməni sakinləri Azərbaycan vətəndaşlığını qəbul edərək ölkəmizin beynəlxalq hüquqa əsaslanan qanunvericiliyinə tabe olmaqla, ərazi iddialarından birdəfəlik imtina edib, cəmiyyətlə inteqrativ şəraitdə yaşayacaqlar. Tarixən mövcud olan birgəyaşayış təcrübəsini ermənilər yenidən mənimsəməlidirlər. Əslində erməni xalqı, Qarabağın erməni icmasının əksər hissəsi artıq müharibədən bezib, onlar Azərbaycana reinteqrasiyada maraqlıdırlar. Artıq yüzlərlə erməni vətəndaşı həqiqətlərə gözünü açıb.

Belə ki, Ermənistanda ictimai fəal Hayk Barsegyan Azərbaycana səfər etmək istədiyini bildirib: "Mən azərbaycanlılarla normal münasibətdə olmaq, Azərbaycana getmək, onlarla ünsiyyət qurmaq istəyirəm və istəyirəm ki, azərbaycanlılar da bura gəlsinlər. İstəyirəm ki, xalqlarımız düşmən yox, dost olsun".

Digər erməni sosial media istifadəçisi İşixan Verdiyan qeyd edib ki, erməni xalqı sakit, müharibəsiz yaşamaq istəyir. Medianın və rəsmilərin bildirdiyi revanşist yazı və görüntülər erməni vətəndaşlarının mövqeyini əks etdirmir. Verdiyan Ermənistanın revanşist mətbuatını da tənqid edib.

Ölkəmizdə erməni xalqına mənsub kilsə, məbəd hələ də qorunub saxlanılır. Belə ki, Qriqori kilsəsi "Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı" siyahısına daxil edilib. Bütün bunlar da onu deməyə əsas verir ki, Azərbaycanın sərgilədiyi humanist mövqe ölkə daxilində yaşayan etnik azlıqların firavan yaşayışına yönəlib.

Ermənistanın siyasi rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan öz mövqeyinə sadiq qalır, iki ölkə arasında münasibətlərin normallaşmasına, eləcə də Qarabağda yaşayan ermənilərlə təmasların qurulmasına çalışır. Reinteqrasiya prosesinin həyata keçiriləcəyi təqdirdə regionda yeni iqtisadi inkişaf dövrünün başlayacağı da məlum məsələdir. Bunu isə ancaq Azərbaycan reallaşdıra bilər.

Prezident İlham Əliyev bölgədəki erməni əsilli vətəndaşların Azərbaycan qanunları altında rahat, firavan yaşayacaqlarını bildirib: "Qarabağda yaşayan ermənilərin Azərbaycanda yaşayan digər xalqların nümayəndəsi kimi, konstitusion hüquqları təmin olunacaq. Onlar Azərbaycanın tamhüquqlu vətəndaşları olacaq".

Görünür, artıq Qarabağda yaşayan ermənilər də vəziyyətin nə yerdə olduğunu anlayırlar. Onlar da çıxış yolunu Azərbaycan cəmiyyəti ilə inteqrasiyada görürlər. Nəhayət anlayırlar ki, başqa çıxış yolları yoxdur və azərbaycanlılarla bir yerdə yaşasalar, onlar üçün daha yaxşı olar. Öz doğma yurdlarından qovulmuş azərbaycanlılar Xankəndi və ətraf ərazilərə qayıtmalı, oradakı erməni sakinlər Azərbaycan vətəndaşlığını qəbul etməli, bölgəmiz nəhayət ki, gərginlikdən, erməni terror və təxribatından azad olmalıdır. Reinteqrasiya baş tutacaq və tarixən birgə yaşamış iki xalq yenidən öz dinc həyatlarına qovuşacaqlar. Xarici qüvvələr nə qədər çalışsalar da, buna mane ola bilməyəcəklər. Məlum məsələdir ki, qısa müddət ərzində Paşinyan hakimiyyəti də erməni vətəndaşlarının etirazlarına qarşı gələ bilməyib, sənəd üzərində də Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını təsdiqləyəcək.

Röya RÜSTƏMLİ,

"Respublika".