Rusiya regionda sülhün təminatına maraqlı olmalıdır
Digər xəbərlər

Rusiya regionda sülhün təminatına maraqlı olmalıdır

Ukrayna ilə müharibə aparan Rusiya bütün resurslarını bu istiqamətə yönəldib. Hazırda Rusiya üçün prioritet məsələ Ukraynadakı maraqlarını müdafiə etmək olsa da, Cənubi Qafqaz da rəsmi Moskva üçün mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına, regiona tezliklə sülh və sabitliyin gəlməsinə Rusiya da maraqlı olmalıdır. Baxmayaraq ki, şimal qonşumuz sözügedən müqavilənin imzalanmasında qərbin iştirakına qarşıdır, lakin reallıqdan qaçmaq mümkünsüzdür. Sözsüz, Rusiya nə qədər regionda sülhün təminatını dəstəklədiyini bəyan etsə də, burada bir sıra çatışmazlıqlar var. Buna misal olaraq, Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan ərazilərimizdə sərvətlərimizin qanunsuz istismarını göstərə bilərik. Bəs, bütün bunlar baş verərkən şimaldan gələn sülhməramlılar hara baxırdı? Bu mənada, Rusiyanın bu istiqamətdə atdığı addımlarını yenidən nəzərdən keçirməsi məqsədəuyğundur. İkinci mühüm məqamlardan biri isə Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanla sərhəddə, o cümlədən Laçın yolunda nəzarət-keçid məntəqələrinin yaradılmasına münasibətidir. Belə ki, həmin məntəqələr yaradıldığı təqdirdə ərazidə şəffaflıq hökm sürə bilərdi. Rusiyanın məsələyə bu cür yanaşması onun sırf öz maraqlarına xidmət etməsinin, Qərblə prinsip aparmasının təzahürüdür. Bundan başqa, Rusiyanın siyasi və hərbi elitasının tutduğu qərəzli mövqe də qəbuledilməzdir. Bütün bunlara baxmayaraq, ölkə başçımızın məqsədəuyğun siyasəti ölkəmizə qarşı bütün təsir və təhdidlərin qarşısını alır.

Bu gün Cənubi Qafqazda sülhün təminatı ən əsas məsələlərdən hesab olunur. Rusiyanın regionda vasitəçiliyinə təsir edən bir sıra qüvvələr mövcuddur. Avropa İttifaqının Ermənistanda möhkəmlənmək cəhdləri də təsiredici amillər arasında özünü büruzə verir. Rusiyanın vasitəçilik səylərinin sıxışdırılması regionun sülh yolu ilə inkişafına mane olur. Bu prosesin həyata keçməsinə maneçilik törədənlərdən biri olan Fransa da "Aİ missiyası" kartından istifadə etməkdədir. Ən diqqətçəkən məqam isə sülh məsələsindən söz açıldıqda Ermənistanın Rusiyadan uzaqlaşaraq özünə yeni havadarlar axtarmasıdır. Praqa və Soçidə Cənubi Qafqazda gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən mühüm sənədlər də qəbul olunmuşdur. Sözügedən sənədlər sülhə nail olunmasında əsas rola malikdir.

Xatırladaq ki, Cənubi Qafqaz əlverişli geosiyasi mövqedə yerləşdiyinə görə daim maraqların toqquşduğu bölgə olmuşdur. Və Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə yeni müstəqil hərbi-siyasi güc mərkəzinin yaranmasına gətirib çıxarmışdır.

N.BEYDİYEVA,

"Respublika".