Rusiya-Ukrayna müharibəsi - 1 il.  Döyüşlərə davammı, yoxsa tamammı?
Siyasət

Rusiya-Ukrayna müharibəsi - 1 il.  Döyüşlərə davammı, yoxsa tamammı?

Ötən il fevralın 24-də Rusiya Ukraynanın Donbas vilayətində hərbi əməliyyatlara başlayacağını açıqladı. Ardınca isə Ukraynanın şimal, cənub və şərq istiqamətindən hücum əmri verildi. Artıq martın əvvəllərində Mariupol kimi strateji liman şəhəri dağıntılar altında idi. Müharibənin həlli istiqamətində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Dolmabağça sarayında hər iki ölkənin nümayəndələri görüşsə də, sülh bərqərar olmadı. Ümumilikdə, Rusiya-Ukrayna müharibəsi beynəlxalq məkanda geosiyasi və iqtisadi planları alt-üst etdi. Hər iki ölkənin dünyanın ən böyük taxıl tədarükçüsü olması isə qlobal qida problemini gündəmə gətirdi. 

Rusiya-Ukrayna müharibəsinin bu vaxta qədər davam etməsi proqnoz edilmirdi. Artıq 1 ildir ki, tərəflər müharibə bölgəsindəki aktivliyi qoruyur. Müharibənin nə zaman bitəcəyi hələ də sual altındadır. Türkiyə tərəfi bu barədə çoxsaylı təşəbbüslər həyata keçirsə də, həll yollarında əsaslı irəliləyiş qeydə alınmayıb. Buna baxmayaraq, müharibənin başa çatmasına diplomatik çərçivədə aparıcı qüvvələr tərəfindən səy göstərilir. Bu cəhdlərdən biri də  ABŞ Prezidenti Co Baydenin imzaladığı "lend-liz" proqramıdır.  Lakin proqram  çox qısa müddət ərzində müharibənin dayandırılması ilə bağlı suallara cavab vermir. Digər tərəfdən, dünyanın qlobal gücləri Ukraynaya siyasi-hərbi və iqtisadi yardım göstərir. Bu addım isə sülh prosesinə bir qədər kölgə salır. Regionda hərbi əməliyyatların artırılması  tərəflərin heç biri üçün qəbul edilən deyil. Lakin tərəflərdən əlavə, qlobal liderlərin əraziyə müdaxiləsi itkini daha da artırır. Bundan başqa, Finlandiya və İsveçin NATO-ya üzvlüyü də Rusiyanın maraqlarından kənardır. Qərb blokunun isə ortaq fikri bundan ibarətdir ki, İsveç və Finlandiya NATO-ya üzv olmaqla təhlükəsizliklərini bir qədər möhkəmləndirə bilər. Bu baxımdan da Rusiya-Ukrayna müharibəsi digər amilləri də aktuallaşdırır və dünyanın müxtəlif bölgələrində siyasi iddialar səslənir. Bu, beynəlxalq münasibətlər sistemində problemlərin qalıcı xarakterindən xəbər verir.  Ukraynaya həm humanitar, həm də hərbi dəstəyin verilməsi Rusiya ilə müharibədə müəyyən dayanıqlıq əldə etməsinə imkan vermişdir. Rusiyanın növbəti planı isə heç şübhəsiz, üstünlüyü ələ alıb Ukraynanı danışıqlar masasına oturtmaqdır.

Müharibənin təsir dairəsi çox böyükdür. Belə ki, diplomatik arenada yeni yol xəritəsinin aşkara çıxması və qlobal güclərin müharibənin gedişinə təsiri bunu göstərir. Müharibənin tərəfləri qismində Qərbin və ABŞ-ın mövqeyi olduğu kimi, Çinin də siyasi gedişi müzakirə olunan məsələlərdəndir. Çinin müharibənin başlanmasından əvvəl bəyan etdiyi ikitərəfli münasibətlərlə bağlı "sərhədsiz dostluq" konsepsiyasını nəzərdən keçirə biləcəyi sirr deyil. Çin Prezidenti Si Tsinpinin Rusiyanın hərbi əməliyyatlara başlayacağından xəbərsiz olduğuna əmin ola bilməsək də, Çinin BMT Təhlükəsizlik Şurasının ötən ilin mart ayında Moskvanı pisləyən qətnaməsinə qarşı bitərəf qalması Pekinin əvvəldən təmkinli bir mövqe xətti tutduğuna işarədir. Müharibənin əvvəlində Çin ictimaiyyətinin bir hissəsi Rusiyanın atdığı addımları dəstəklədi və V.Putinin xüsusi hərbi əməliyyatların başlanması ilə bağlı çıxışının Çin dilinə tərcümə edilmiş videoları internetdə geniş şəkildə paylaşıldı. Lakin rəsmi səviyyədə Pekin strateji qeyri-müəyyənlik xəttini qorudu. Çin hökuməti bir tərəfdən müharibənin başlamasına NATO-nun Avropada genişlənmə strategiyasının səbəb olduğunu bildirərək ABŞ-ı günahlandırır, digər tərəfdən isə Rusiyaya dəstək verməyə tələsmirdi.

Rusiya regional olaraq təhlükəsizliyin təmin olunmasını müharibənin  ilk günündən tələb edir.  Genişmiqyaslı müharibə başlayandan bəri Rusiya rəsmiləri bu tezisi müxtəlif tribunalardan tez-tez səsləndirirlər. Bu yaxınlarda xarici işlər naziri Sergey Lavrov eyni fikri, demək olar ki, təkrarladı. Ukraynada baş vermiş hərbi əməliyyatlarla yanaşı, Rusiyada da Belqorod, Bryansk və Kursk vilayətləri mütəmadi olaraq atəşə tutuldu. Rusiya ordusu Xersonu tərk etdi və hətta cəbhə xəttini Donetskin sərhədlərindən uzaqlaşdıra bilmədi. Bundan başqa, Kaluqa, Saratov və Rostov vilayətləri, o cümlədən 2014-cü ildə ilhaq edilmiş Krım atəşə məruz qaldı.

Rusiya-Ukrayna müharibəsi dünyanın COVİD-19 böhranından sonra bərpa olmağa və əvvəlki rifah artımı templərinə qayıtmasına mane oldu. Rusiya daxil olmaqla, ölkələr iqtisadi və siyasi böhran yaşayır. Dünya bu müharibənin əvəzini çox ağır ödəməli olacaq. Bu müharibə iki il davam edən pandemiyadan sonra iqtisadiyyatın bərpasını təhlükə altına qoyur. Müharibə qlobal iqtisadiyyata ziyan vurur, enerjidaşıyıcıları bazarlarının sabitliyini pozur.

Nurlan ABDALOV,

"Respublika".