Şabran rayonunda yeni suvarma mövsümü başlandı
Region

Şabran rayonunda yeni suvarma mövsümü başlandı

Artıq   yazın   ortalarıdır   və  bəzi   bölgələrdə  əkinlərə   ilk   suvrma  suyu   verilir. Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti  bildirir ki, Şabran rayonunda yeni suvarma mövsümünə start verilib. Rayon Suvarma Sistemləri İdarəsi əməkdaşlarının əvvəlcədən gördüyü meliorativ tədbirlər nəticəsində sahələrin suvarılmasında hər hansı çətinlik yaşanmır. Yeni mövsümdə sahələrin vaxtında suvarılmasını düzgün təşkil etmək məqsədilə torpaq kanallar lil və kol-kosdan təmizlənib və bu işlər hazırda da davam etdirilir. Görülən işlər nəticəsində kanalların ötürücülük qabiliyyəti artırılır ki, bu da su itkisinin qarşısını alır. Kanalların təmizlənməsi işlərinə 15 ədəd ağır texnika cəlb olunub.

 Şabran Suvarma Sistemləri İdarəsi əməkdaşları tərəfindən eyni zamanda yeni mövsumdə təsərrüfat sahiblərini vaxtinda və itkisiz su ilə təmin etmək üçün torpaq məcralı kanalların beton üzlüyə alınması işləri də görülüb. Yaxın günlər isə daha iki kanalın beton üzlüyə alınması nəzərdə tutulub. Ümumilikdə isə son illər rayonda 100 kilometrdən artıq torpaq kanal beton kanalla əvəz edilib.

Görülən tədbirlərin nəticəsidir ki, təsərrüfat sahibləri rahat şəkildə sahələrini suvara bilirlər. Bu da öz növbəsində fermerlərə bol məhsul əldə etməyə və sahələrini daha da genişləndirməyə şərait yaradır.

Hazırda Şabranda 19 min hektara yaxın əkinəyararlı torpaq sahələrini suvarmaq üçün 770 kilometr uzunluğunda təsərrüfatdaxili və təsərrüfatlararası suvarma kanallarından istifadə edilir. Qeyd edək ki, 2019-cu ildə aparılan melorativ tədbirlərdən sonra Şabranda 9 min hektar əldə sahə əkin dövriyəsinə cəlb olunub. Əkinə yeni cəlb edilən sahələrin suvarılması məqsədi ilə ərazidə yeni qapalı sistemi   qurulub.

Nəriman CAVADOV,

“Respublika”.