Şamaxı: Ulu öndərin xatirəsinə ehtiramımız əbədidir
Region

Şamaxı: Ulu öndərin xatirəsinə ehtiramımız əbədidir

Ulu öndər Heydər Əliyev bütün intellektual bacarığını vətənimizin istiqlaliyyətinə, ölkəmizin bütün sahələr üzrə inkişafına, xalqımızın rifahının durmadan yaxşılaşmasına həsr etmişdir.

Xalqımızın tarixində elə bir şəxsiyyət yoxdur ki, ulu öndər qədər xalqına şərəflə xidmət edərək tənəzzülə doğru yuvarlanan, dağılmaq ərəfəsində olan Azərbaycanı xilas etsin.

Qanlı 20 Yanvar hadisələrində oğlum Hikmət Qasımov ağır yaralanmışdı. Bərk sarsılmışdıq. Həmin anda Heydər Əliyevin cəsarətlə Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib bu faciəyə öz etirazını qəti şəkildə bildirməsi xalqımıza böyük mənəvi dayaq oldu.

Azərbaycan qadınlarının 1998-ci ildə keçirilən birinci qurultayında unudulmaz liderimiz Heydər Əliyevin dərin məzmunlu nitqini daim xatırlayır, onun müdrik kəlamlarını şəxsən öz dilindən eşitdiyim üçün özümü xoşbəxt hesab edirəm. Həmin qurultayda dahi rəhbərimiz 1994-cü ilin oktyabr hadisələri zamanı Prezident sarayının qarşısına gələrək Azərbaycan dövlətini və dövlətçiliyini sidq-ürəkdən müdafiə edən qadınların hərəkətini qəhrəmanlıq adlandıraraq Azərbaycan qadınları ilə fəxr etdiyini və onlara güvəndiyini bildirdi. Ulu öndərin qurultay ərəfəsində mən də daxil olmaqla bir qrup qadınla çəkdirdiyi şəkli unudulmaz xatirə kimi daim əziz tuturam.

Mən dəfələrlə ümummilli liderimizin iştirak etdiyi tədbirlərdə - Yeni Azərbaycan Partiyasının qurultaylarında, Azərbaycan qadınlarının ali məclislərində rayonumuzu ləyaqətlə təmsil etmişəm. Eyni zamanda, hər dəfə xalqımızın dahi oğlu Heydər Əliyevin böyüklüyünü, uzaqgörənliyini və müdrikliyini kəşf etmişəm. İnanmışam ki, Azərbaycan ulu öndərin ideyaları və möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə daim inkişaf edəcək.

Ulu öndər bütün xidmətləri ilə yanaşı, layiqli siyasi davamçısı olan Prezident İlham Əliyevi müdrik bir siyasətçi kimi xalqımıza bəxş etməsi xalqı qarşısında misilsiz xidmətidir. Dövlətimizin başçısı İlham Əliyev dəfələrlə xalqımızın yekdil səsi ilə Prezident seçilərək ulu öndərin məqsədyönlü siyasi xəttini uğurla həyata keçirməklə müstəqil respublikamızı yeni inkişaf mərhələsinə yüksəldib.

Nəzakət ABDULRAZAQOVA,

təqaüdçü həkim, 2-ci dərəcəli 20 Yanvar əlili anası.