Saxta iddialardansa reallıqlara baxsınlar
Siyasət

Saxta iddialardansa reallıqlara baxsınlar

Ermənistan regionda baş verən dəyişikliklərdən istifadə etməyə çalışır və eyni zamanda Azərbaycana qarşı qərəzli və saxta kampaniyasını davam etdirir. Əslində Qarabağı tərk edən ermənilər öz istəkləri əsasında çıxıb gediblər. Onların Qarabağı tərk etmələrinə Azərbaycan dövləti tərəfindən hər hansı bir təzyiq və ya təsir olmayıb.

Hətta onların Azərbaycan mətbuatına, yerli və xarici mətbuata verdikləri müsahibələrində xüsusilə qeyd olunur ki, Qarabağı tərk edən zaman Azərbaycan əsgərləri, polisləri onlara getməməyi və ölkəmizə inteqrasiya olunmağı təklif ediblər. Bu əslində ondan xəbər verir ki, Azərbaycan Qarabağ ermənilərinin inteqrasiyasında maraqlıdır. Amma biz Ermənistanın saxta və qərəzli kampaniyasının davam etməsini müşahidə edirik. Bildiyiniz kimi, Ermənistan Xankəndi və ətraf ərazilərdən gedən ermənilərə "qaçqın" statusu vermək barədə düşünür. Bununla yanaşı, Qarabağdan gedən ermənilərin sayını 100 min, hətta 120 min olaraq bildirir. Bu yolla Avropadan yardım paketi dilənən Paşinyan rejiminin öz istəkləri ilə ərazini tərk edən insanlara "qaçqın" statusu verməsi qəbuledilməzdir. Ermənistan qərb dairələrinin əli ilə bu tip hallardan istifadə etməklə Azərbaycana təzyiq formalaşdırmağa çalışır. Bir sıra ölkələrdə bu istiqamətdə müzakirələr aparılıb, hətta bəzi Qərb ölkələrində Azərbaycana qarşı qərəzli və saxta qətnamələr qəbul edilir. Amma bunların hamısı kağız parçasından ibarətdir. Unutmasınlar ki, bütün bunlar Azərbaycanın haqq işinə heç bir təsir göstərmir və göstərməyəcək.

Azərbaycan Qafqazda kommunikasiyalarının bərpa edilməsində, sülhdə, reinteqrasiyada maraqlıdır. Ona görə Ermənistanın ucuz kampaniyası sadəcə ölkəyə yardımların cəlb edilməsinə, eyni zamanda özləri haqqında xüsusi bir mifin formalaşdırılmasına xidmət edir. Reallıq bundan ibarətdir ki, artıq Azərbaycan daha güclü şəkildə yeni reallıqlara təsir göstərir və dünya düzəninin formalaşmasında birbaşa iştirak edir. Bu gün Azərbaycan Ermənistanın 30 illik işğal müddətində dağıtdığı və xarabalığa çevirdiyi əraziləri bərpa etməklə məsğuldur. Ona görə də Qərb ölkələri saxta kampaniya aparan Ermənistana deyil, Azərbaycana dəstək olmalıdırlar ki, xarabalığa, erməni vandallığının qurbanına çevrilmiş ərazilərimiz daha qısa müddətdə bərpa olunsun, yenidən qurulsun. Amma erməni lobbisinin maliyyəsi ilə ayaqda qalan bu qərəzli qüvvələr daim təxribatla məşğuldular. Onlar saxta gündəm yaratmaqdan əl çəkib, 1 milyondan çox yurd-yuvasından didərgin düşmüş vətəndaşımızın qeydinə qalmalıdırlar.