Seçimimiz Heydər Əliyev siyasətidir
Siyasət

Seçimimiz Heydər Əliyev siyasətidir

Azərbaycanda keçirilən prezident seçkiləri bir çox beynəlxalq və müstəqil təşkilatlar tərəfindən müşahidə edildi, "exit-poll" keçirildi. Ümumilikdə, Azərbaycanda növbədənkənar prezident seçkiləri demokratik, azad mühitdə təşkil edildi və bu seçkiləri ATƏT-in müşahidə missiyası da izlədi. Bu müşahidə missiyasında bir çox təşkilatlar və müstəqil ekspertlər təmsil olunurdu. ATƏT-in bəlkə də bu günə qədər Azərbaycanda keçirilmiş seçkilərlə bağlı ən obyektiv fikirlərini eşitdik. Bu isə onu deməyə əsas verir ki, 7 fevral prezident seçkiləri şəffaf və demokratik şəraitdə keçirilib.

Qeyd etməliyik ki, prezidentliyə namizədliyin irəli sürülməsi könüllülük əsasında həyata keçirilir və Azərbaycanda hər bir vətəndaş qanunvericiliyin tələbləri əsasında namizədliyini irəli sürə bilər. Respublikamızda kifayət qədər siyasi partiyalar fəaliyyət göstərir. Bu seçkilərdə iştirak edən namizədlər arasında tamamilə fərqli platformalardan çıxış edənlər də var idi. Buna baxmayaraq, cəmiyyət tərəfindən qəbul edilməyən, ətrafında çox az adam cəmləşən qruplar var ki, onlar özlərində güc tapıb bu seçkilərə qatılmadılar.

Düşünürəm ki, hər kəsin səsi cənab Prezidentə idi və bu, seçkilərin nəticəsindən də aydın göründü. Bu baxımdan, ATƏT-in səsləndirdiyi fikirlərdə müəyyən dərəcədə təzadlar var. Çünki xalqın seçimi Heydər Əliyev siyasətidir, cənab Prezidentdir, cənab İlham Əliyevdir. Rəqiblər bacardıqları qədər alternativ fikir ortaya qoyaraq çox radikal tənqidi fikirlər səsləndirsələr də, bəziləri səslərin heç bir faizini belə qazana bilmədi. Bu isə o deməkdir ki, bu alternativ fikirlər dəstəklənmir, pafoslu çıxışlar, yalançı vədlər insanları artıq cəlb etmir. Çünki hər kəs başa düşür ki, bunlar hamısı yalnız seçkidə qalib gəlməyə hədəflənmişdir. Cənab Prezident isə çox açıq şəkildə seçki platformasında gələcək hədəflərini ortaya qoymuşdu. Və xalq da cənab İlham Əliyevə növbəti dəfə səs verdi. İnanıram ki, ATƏT-in müşahidə missiyası da artıq anlayır ki, Azərbaycanda bəlkə də bu günə qədər ilk dəfə idi ki, belə coşqulu və aktiv seçkiyə şahidlik edirdilər. Sadəcə olaraq, bunu etiraf etmək onların siyasətlərinə zidd idi və istənilən halda onlar nəsə tənqidi bir şeylər tapıb yazmalı idilər. Çünki onlar buraya daha çox problem görmək, nöqsan tapmaq, daha çox tənqid etmək məqsədilə gəlmişdilər.

Seçkilər çox demokratik, azad mühitdə keçirilib və Azərbaycan tarixinin Zəfər seçkisi olaraq yadda qalacaqdır.

Naqif HƏMZƏYEV,

Milli Məclisin deputatı.