Səfəralı Məmmədov
Sosial həyat

Səfəralı Məmmədov

Səfəralı Məmmədov

Erməni daşnakları zaman-zaman Azərbaycan torpaqlarına göz dikmiş, "Dənizdən dənizə böyük Ermənistan" xülyasını reallaşdırmaq üçün xaricdəki havadarlarına güvənərək vəhşiliklər törətmişlər.

Erməni terrorçuları Sovet hakimiyyətinin süqutundan sonra 1990-cı ilin əvvəllərində Azərbaycan ərazisində Birinci Qarabağ savaşına başlamış, günahsız insanlara olmazın əzab-əziyyətini vermiş, ərazilərimizi işğal etmişlər.

Qarabağ uğrunda gedən ölüm-dirim savaşında şəhidlik zirvəsinə yüksələn cəsur Azərbaycan oğullarından biri də Səfəralı Qurban oğlu Məmmədov idi.

Səfəralı Məmmədov 16 oktyabr 1963-cü ildə yurdumuzun səfalı guşələrindən olan Masallı rayonunun Sərçuvar kəndində dünyaya göz açmışdır. O, 1981-ci ildə doğma kəndlərində orta məktəbi bitirmiş və həmin il hərbi xidmətə çağırılmışdır. Səfəralı iki il Minsk şəhərində qulluq etdikdən sonra 1983-cü ildə ordudan tərxis olunur və Krasnodar şəhərinə gedərək burada milis sistemində işə düzəlir. O, müəssisədən kənar mühafizə şöbəsində milis nəfəri kimi fəaliyyətə başlayır və az müddətdə xüsusi bacarığı ilə seçilir. Təsadüfi deyil ki, o, xidmətinin ilk ilində iki dəfə ictimai asayişin keşiyində ayıq-sayıq dayandığına görə mükafatlandırılır. 1988-ci ildə səmərəli fəaliyyətini nəzərə alaraq onu Bakı Xüsusi Orta Milis Məktəbinin (indiki Polis Akademiyası) qiyabi şöbəsində təhsil almağa göndərirlər. S.Məmmədov 1990-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirərək leytenant rütbəsi alır. Bundan sonra xidmətini davam etdirmək üçün doğulduğu rayona qayıdır. Ağdam DDİŞ-də polis-patrul xidmətində vzvod komandiri təyin edilir. İlk gündən döyüş meydanına atılan Səfəralı əməliyyatlarını uğurla yerinə yetirir. Səfəralı Fərruxda, Ağbulaq fermasında, Qarakənd kəndində ermənilərə ağır zərbələr endirir, daşnak quldurları əsir götürürdü.

1992-ci il fevralın 16-sı Səfəralının son döyüşü oldu. Azğınlaşmış ermənilər Xocavənd rayonunun Qaradağlı kəndində görünməmiş vəhşiliklər törədəndə Səfəralının başçılıq etdiyi dəstə düşmənə ağır zərbələr endirdi. Ancaq əsas mövqelər ermənilərin əlində idi. Onlar ölümlə üz-üzə idilər. Səfəralının idarə etdiyi zirehli maşın qumbaraatanla vuruldu. Masallının cəsur, qorxmaz oğlu qəhrəmancasına həlak oldu.

Masallı rayonundakı Sərçuvar kəndində dəfn olundu.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Məmmədov Səfəralı Qurban oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Masallı şəhərindəki küçələrdən biri və vaxtilə təhsil aldığı Sərçuvar kənd orta məktəbi Səfəralının adını daşıyır.

Qədir ASLAN,

"Respublika".