ŞƏHƏRİN İÇMƏLİ SU ŞƏBƏKƏSİNİN YENİDƏN QURULMASI İŞLƏRİ DAVAM ETDİRİLİR
Region

ŞƏHƏRİN İÇMƏLİ SU ŞƏBƏKƏSİNİN YENİDƏN QURULMASI İŞLƏRİ DAVAM ETDİRİLİR

Yevlax

Regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu sahədə qəbul edilmiş və uğurla həyata keçirilmiş Dövlət proqramlarında, habelə əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun inkişafına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramına uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması uğurla davam etdirilir. Prezident İlham Əliyevin "Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında" 2019-cu il 13 noyabr tarixli Sərəncamına əsasən Yevlax şəhərinin içməli və tullantı su infrastrukturları yenidən qurulur. Belə ki, Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən icra olunan layihənin birinci mərhələsində şəhəri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün müasir sutəmizləyici qurğu inşa edilib, şəhər ərazisində içməli su şəbəkəsinin yenidən qurulmasına başlanılıb.

Şəhəri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Kür çayının sahilində məhsuldarlığı sutkada 20 min kubmetr olan qumsüzgəc texnologiyalı sutəmizləyici qurğular kompleksi inşa edilib. Kompleksdə nasos stansiyası, 5 ədəd radial sudurulducu, 16 ədəd qumsüzgəci tikilib. Layihənin ilkin mərhələsində ümumi həcmi 2500 kubmetr olan 2 içməli su anbarının və 2,6 kilometr magistral su kəmərinin inşası başa çatdırılıb. Hazırda sutəmizləyici qurğu sınaq rejimində istismar olunur. Ümumilikdə layihə çərçivəsində Yevlax şəhərində 135 kilometr içməli, 115 kilometr uzunluğunda tullantı su şəbəkəsi yaradılacaq. Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 12500 kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası nəzərdə tutulur. Layihənin icrasından 2035-ci ildə perspektiv inkişaf nəzərə alınmaqla 70 min nəfər faydalanacaq.

Respublikanın bütün bölgələrində əhalinin içməli su ilə fasiləsiz təmin olunması, eləcə də əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində kompleks işlər, məqsədyönlü tədbirlər davamlı xarakter daşıyır.

Zabit XƏLİLOV,

"Respublika".