Laçın qartalı
Region

Laçın qartalı

Uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə başa çatan 44 günlük  Vətən müharibəsində əsgər və zabitlərimizin əqidəsi, məsləki, dəmir iradəsi, yurd sevgisi, inamı qarşısında ermənilərin döyüş silahları belə aciz qaldı. Öldü var, döndü yoxdur deyən igidlərin hünəri düşmənləri vahiməyə saldı.

Vətən müharibəsində qəhrəmanlıq göstərən, torpaqların azad edilməsi üçün qanını və canını əsirgəməyən oğullardan biri də Elnur Cabbarovdur. Onun valideynləri Ermənistanın hərbi təcavüzü nəticəsində Laçın rayonundan didərgin düşüblər. Ağcabədi rayonu ərazisindəki Taxtakörpüdə məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayıblar. 1994-cü il sentyabrın 15-də Elnur burada anadan olub, orta məktəbdə təhsil alıb, üzləşdiyi çətinliklər onun qəlbində düşmənə nifrət yaradıb, yurdsuzluq ağrısı ilə yaşayıb. 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılıb, nümunəvi əsgər kimi tanınıb, komandanlıq tərəfindən verilən əmrləri layiqincə yerinə yetirib. Hərbi xidmətdən tərxis olunduqdan sonra daxili işlər orqanlarında polis nəfəri kimi asayişin qorunmasında fəaliyyət göstərib. Lakin Vətən məhəbbəti dədə-baba torpaqlarının işğal altında qalmasına dözə bilməyən Elnuru ordu sıralarına gətirib, müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib.

İkinci Qarabağ müharibəsinin ilk günündən döyüşlərə qatılıb, cəsarəti, qoçaqlığı ilə fərqlənib, düşmənin canlı qüvvəsinin məhv edilməsində iştirak edib, işğalçılardan artıqlamasilə qisas alıb. Elnurun döyüş yolu demək olar ki, bütün qaynar nöqtələrdən keçib, qəhrəman döyüşçü Füzulinin, Cəbrayılın, Zəngilanın, Hadrutun, Qubadlının işğaldan azad edilməsində igidlik göstərib. Döyüş yoldaşları onu Laçın qartalı adlandırıblar. O, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə öz həyatını təhlükəyə ataraq yaralı yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 2020-ci il noyabrın 12-də Ağcabədi rayonu Taxtakörpü ərazisində Qarakeçdi kənd qəbiristanlığında dəfn edilib. Şəhid Elnurun üzünü görə bilmədiyi körpəsi yadigar qalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə  ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu  şərəflə yerinə yetirən Elnur Şahmurad oğlu Cabbarov ölümündən sonra “Qarabağ” ordeni, ”Vətən uğrunda”,  "Cəbrayılın azad olunmasına görə",  "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidlərin əziz xatirəsi həmyerliləri tərəfindən uca tutulur, onların qəhrəmanlığı dillərdə dolaşır. Laçın Rayon İcra Hakimiyyətinin rəhbərliyi,   rayon ictimaiyyəti nümayəndələri və şəhidin ailə üzvləri həlak olmasının ildönümü ilə əlaqədar olaraq Elnurun uyuduğu müqəddəs guşəni ziyarət ediblər, məzarı önünə tər qərənfillər düzərək xatirəsini ehtiramla yad ediblər. 

                                                  Salman ALIOĞLU,

“Respublika”.