ŞƏHİD ANALARI İLƏ GÖRÜŞ
Region

ŞƏHİD ANALARI İLƏ GÖRÜŞ

8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Lerik bələdiyyəsinin sədri Balaşirin Nəsirov bələdiyyə üzvləri ilə birlikdə şəhid ailələrinə baş çəkiblər.

Bələdiyyənin sədri B. Nəsirov Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan Valeh Müslümovun anası Nənəgül xanım, Vətən Müharibəsi qəhrəmanı Amid Heydərovun anası Şükufə xanım, “Azərbaycan bayrağı” ordenli baş leytenant Əliqismət Yaqublunun anası Təranə xanım, mayor Ramin Ağayevin anası Şərafət xanım, Elgün və Altay Mövlanov qardaşlarının anaları Sevda xanım, Elnur Əsədullayevin anası Şinayət xanım və Ağamid Ağacəfərlinin bacısı Ülviyyə xanımı Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün tam təmin olunmasında cəsur, vətənpərvər oğulların şücaətindən, qəhrəmanlığından söhbət açıb. Döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının öz canları, qanları ilə Azərbaycan tarixinə yeni və parlaq səhifə yazdıqlarını vurğulayan bələdiyyə sədri şəhidlərin əziz xatirələrinin heç zaman unudulmayacağını diqqətə çatdırıb.

El-obaya, Vətənə bağlı igid, qəhrəman övladlar böyüdüb ərsəyə yetirdikləri üçün şəhid analarına minnətdarlığını bildirən Balaşirin Nəsirov onlara təşəkkürnamə və bayram hədiyyələri təqdim edib.

Şəhid anaları dövlətmiz tərəfindən göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılıqlarını ifadə ediblər.

Əlisəfa Həsənov,

“Respublika”.