Şəhid ailələri ziyarət  olunur  
Region

Şəhid ailələri ziyarət  olunur  

Cəlilabad  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Rafiq  Cəlilov  və  Aparatın  məsul  əməkdaşları   Azərbaycanın  ərazi  bütövlüyü  uğrunda  gedən  Vətən  müharibəsində   şəhid  olmuş  İşiyev   Rafail  Əhmədağa   oğlunun  ailəsinə  baş  çəkdi.  Rafiq  Cəlilov  görüş  zamanı  şəhidin  ailəsinə  başsağlığı  verərək  Prezident  İlham  Əliyevin  rəhbərliyi  ilə  Vətən  müharibəsində  qazanılan  qələbənin  tarixi  əhəmiyyətindən,  bu  qələbədə  Silahlı  Qüvvələrimizin,  onun  sıralarında  döyüşən  cəlilabadlı  əsgər  və  zabitlərin   şücaətindən, habelə  bu  gün  ölkəmizdə  şəhidlərimizin  ailələrinə  və  qazilərə,  eləcə  də veteran döyüşçülərə  göstərilən  dövlət  qayğısından  danışdı.  Rafail  İşiyev  4  sentyabr  1979-cu  ildə  Cəlilabad  şəhərində  müəllim  ailəsində  anadan  olub.  1996-cı  ildə  Cəlilabad  şəhər  8  saylı  orta  məktəbi  bitirib  və  hərbi  xidmətə  yollanıb,  ömrünün  16  ilini  orduda  keçirib.  PDM  (BMP)  mütəxəssisi  olan  Rafail  2016-cı ilin  Aprel  döyüşlərində  iştirak  edib.  Döyüş  peşəkarlığına  görə  bir  neçə  dəfə  hərbi  paradlarda  iştirak  edib, medallarla  təltif  edilib.  R.İşiyev  hərbi  xidməti  dövründə  xüsusi  keyfiyyətlərinə, əməliyyatlarda  göstərdiyi  şücaətə  görə  III dərəcəli,  “Qüsursuz  xidmətə  görə”  Azərbaycan  Silahlı  Qüvvələrinin  90  illiyi,  95  illiyi,  100  illiyi yubiley  medalları  ilə  təltif  edilib.

Vətən  müharibəsində  Cəbrayıl  rayonunun  işğaldan  azad  edilməsi  uğrunda  gedən  döyüşlərdə  Rafailin  idarə  etdiyi  BMP  vurulmuş, amma   yaralanmasına baxmayaraq,  iki gün  sonra  yenidən  döyüşlərə  qatılmışdır. Yaralı  olsa da,  döyüş  yoldaşının  BMP-sini  idarə  edərək  Cəbrayıl,  Füzuli  uğrunda  gedən  döyüşlərdə  düşmənə  ağır  zərbələr  vurmuşdur. İkinci  dəfə  də  texnikası  vurularaq  yaralanmışdır.  Bir  müddət  sonra  erməni  qəniməti  olan  3-cü  BMP  ilə  döyüşlərə  qatılaraq  düşmənə  zərbələr  vurmuşdu.  3  noyabrda   Xocavəndin  azad  olunması  uğrunda  gedən  ağır  döyüşdə  qəhrəmancasına   şəhidlik  zirvəsinə  ucaldı  və  doğulduğu  Cəlilabad  şəhərində  dəfn  olundu. Azərbaycanın  ərazi  bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarına  qatılan  və  hərbi  hissə  qarşısına  qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə  görə   Azərbaycan    Prezidenti İlham  Əliyevin  müvafiq  sərəncamlarına  əsasən  Rafail  Əhmədağa  oğlu  İşiyev  ölümündən   sonra  “Vətən  uğrunda”,  “Şuşanın  azad  olunmasına  görə”,  “İgidliyə  görə”, “Füzulinin  azad  olunmasına  görə”, Cəbrayılın  azad  olunmasına  görə” və  “Xocavəndin  azad  olunmasına  görə” medalları  ilə təltif  edilib.    

Şəhidin   ailə  üzvləri  göstərilən  diqqət  və  qayğıya  görə  dövlətimizin  başçısı  İlham  Əliyevə  və  Birinci  vitse-prezident   Mehriban  xanım  Əliyevaya  minnətdarlıqlarını  bildirdilər.

Ərəstun ABDULOV,

“Respublika”.