ŞƏHİDİMİZİN QANI YERDƏ QALMAMALIDIR
Region

ŞƏHİDİMİZİN QANI YERDƏ QALMAMALIDIR

Son günlərdə İran İslam Respublikasının paytaxtında Azərbaycan səfirliyinə qarşı törədilən terror əməliyyatı xalqımızın qəzəbinə, nifrətinə səbəb olmuşdur. 44 günlük müharibədə qələbəmizi həzm edə bilməyən İranın fars-molla rejimi erməni dostlarının məğlubiyyəti ilə barışmır, Azərbaycana arxadan zərbə vurmaq üçün məqam gözləyirdi.  Nəhayət, yanvar ayının 27-də səfirliyimizin binasında dəhşətli faciə törədildi. Qabaqcadan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış İran vətəndaşı Yasin Hüseynzadə səfirliyimizə hücum edərək  iş başında olan əməkdaşlara odlu silahdan atəş açdı. Hadisə zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid oldu, iki əməkdaş yaralandı.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə terror aktının qarşısının alınmasında həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcunu mərdlik və qətiyyətlə yerinə yetirdiyinə görə Vasif Tağıyev 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. Qanlı olayı o, belə xatırlayır: “Əli silahlı bir nəfər binanı mühafizə edən İran polisinə işarə göstərərək avtomat silahdan atəş aça-aça binaya daxil oldu. Polis ona heç bir reaksiya vermədi, kabinetində öz yerində oturdu. Məlumat üçün deyim ki, polis orada tam silahlı olur. Terrorçunun fikri səfirliyin bütün işçilərini öldürmək idi. Çünki o bura tam hazırlıqlı gəlmişdi. “Kalaşnikov” avtomatı, iki dolu daraq, tapança, ağır alət, benzin doldurulmuş şüşələr. İlk atəşi Orxan Əsgərova açandan sonra onu tərksilah etmək istəyəndə ikinci atəş çiynimdən dəydi. Mən onu çölə atmaq istəyirdim. Onu tutduğum anda İran polisi ilə aramızdakı məsafə heç 10 metr deyildi. Qışqırırdım ki, polis kömək etsin. Həm fars, həm də Azərbaycan dilində”.

Təəssüf ki, İran polisi vəzifə borcunu yerinə yetirməyib. Səfirliyin əməkdaşı Vasif Tağıyev olmasaydı, faciə daha böyük miqyas alacaqdı.

Bir ağsaqqal yazıçı olaraq fars-molla hakimiyyətinin bu terror əməlini qətiyyətlə pisləyirəm. Törətdikləri və ört-basdır etməyə çalışdıqları qanlı olay islam dininə tamamən ziddir.

Çox təəssüf ki, ölkəmizdə onlara meyilli qüvvələr, havadar çıxanlar var.  Azərbaycanın çörəyini yeyə-yeyə İran dövlətinin ideologiyasına xidmət edir və onun əsirinə çevriliblər. Ancaq bu cür oyunların sonu olmur. Din pərdəsi arxasında dövlətə qarşı hər hansı təxribat yolverilməzdir. Ölkəmizin güc nazirlikləri belələrini vaxtında aşkar edib cəzalandırmağı yaxşı bacarır.

İran tərəfinin həyata keçirdiyi mənfur terror hadisəsi beynəlxalq ictimaiyyət tərəfindən qəzəblə, nifrətlə qarşılanıb. Qonşu dövlət terrorçuları nə qədər gizlətməyə, cinayətdən yayındırmağa çalışsa da, haqq qalib gələcək. Azərbaycan xalqının qəti tələbi belədir: cinayətkarlar cəzalarını almalıdırlar. Şəhidimizin qanı yerdə qalmamalıdır.

Səyavuş SÜLEYMANLI,

yazıçı-publisist, Prezident təqaüdçüsü,

Lənkəran rayonu, Liman şəhəri.