Səməd Seyidov: AŞPA-nın məruzəsi regionda sülhə əks-təsir göstərəcək
MÜSAHİBƏLƏR

Səməd Seyidov: AŞPA-nın məruzəsi regionda sülhə əks-təsir göstərəcək

Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində dinlənilən "Laçın dəhlizi ilə sərbəst təhlükəsiz girişin təmin edilməsi" adlı məruzənin ilk andan qərəzli siyasi xarakter daşıdığı aydın göründü. Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti məruzədə olan yanlış qeyri -obyektiv məlumatlara bənd-bənd etirazlarını bildirdilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

O bildirib: "Bölgə tarixində ilk dəfədir ki, iki xalq bir-birinə çox yaxındır. İki dövlət sülh axtarır əslində, onlar sülhə nail olmaq üçün çox işlər görüblər. Bu cür müzakirələrlə sülh o qədərdə asan olmayacaq". S.Seyidov vurğulayıb ki, bu məruzə müzakirələr region sakinləri üçün qeyri-məhsuldar olacaq.

Paul Qavanın əvvəlcə hesabatının siyasətlə bağlı olmadığını, humanitar məsələlərə həsr edildiyini dediyini bildirən S.Seyidov qeyd edib: "Lakin məruzə siyasi məqamla başladı. Məruzədə "Dağlıq Qarabağ" terminindən istifadə edilib ki, bu da məhz siyasi amildir. Çünki "Dağlıq Qarabağ" adlı ərazi vahidi yoxdur. Azərbaycanın Qarabağ bölgəsi var, ölkəmiz müstəqil dövlət kimi Avropa Şurasına məhz belə qəbul olunub. Bu termin ölkənin ərazi bütövlüyünü şübhə altına almaqdır". O, avropalı deputatların bəzilərinin elə ilk olaraq özlərinin dediklərini təkzib etdiklərini diqqətə çatdırıb.

Avropalı parlamentarilərə müraciət edən S.Seyidov deyib: "Azərbaycana qarşı çoxlu ittihamlar eşitmisiniz. Heç Qarabağda aclıq çəkən uşaqların bircə şəklini görmüsünüzmü? Yox! Bu, mümkün deyil. Çünki belə saxta ittihamlar "cənab" Ruben Rubinyanın təbliğatıdır. Heç görmüsünüzmü ki, Qırmızı Xaç Komitəsinin nümayəndələrinin əraziyə girişinə maneə olunsun? Heç vaxt! Qarabağda ya Azərbaycanın digər rayonlarında yaşayan ermənilərin danışıqlara qarşı çıxdıqlarını eşitmisinizmi? Yox! Azərbaycan parlamenti ermənilərlə əlaqə saxlamaq üçün xüsusi nümayəndə heyəti yaradıb. Onlar bizim vətəndaşlarımızdır. Buradakı erməni nümayəndəsi Azərbaycanı ittiham etməklə, Avropa Şurasına şikayət etməklə, beynəlxalq təşkilatlara yalvarmaqla danışıqlardan qaçırlar. Bilirsiniz niyə? Cavab aydındır. Onlar sülhdən danışmaq istəyirlər, amma sülhə nail olmaq istəmirlər. Sadəcə olaraq, burada məsələ ilə bağlı öz niyyətlərini nümayiş etdirmək istəyirlər. O qədər məqbuldurlar, o qədər dinlənilirlər".

S.Seyidov diqqətə çatdırıb ki, Paul Qavan səmimi deyil. "2021-ci ildə Azərbaycanda olanda Qarabağa getdi, Ağdam rayonunda oldu, Ermənistanın azərbaycanlılara qarşı etdiklərini öz gözləri ilə gördü. Azərbaycana səfəri zamanı Gəncənin erməni raketləri ilə dağıdılmasının məruzəsində əks etdirməsi xahiş olundu", - deyən nümayəndə heyətinin rəhbəri üzünü müəllifə tutaraq bildirib: "Qəbul edin ki, Bərdə şəhəri müharibə zamanı ermənilər tərəfindən raket hücumuna məruz qalıb. Söz vermişdiniz ki, bunu əks etdirəcəksiniz. Sonra dediniz ki, yox, bunu bacarmıram. Sonra bütün bu məlumatlarla məruzəçi oldunuz Azərbaycanı o cür təqdim etməyə çalışdınız. Bu ədalətli deyil. Biz sülh tərəfdarıyıq bu cür ittihamlara baxmayaraq sülhə nail olacağıq".

O, məruzənin bəndlərində olan səhv qərəzli siyasi məlumatlara etirazlarını əsaslandırdıqlarını, bəzi dəyişikliklərə nail olduqlarını bildirib.