Pikant vədlər Brüsseldə boşa çıxdı
Siyasət

Pikant vədlər Brüsseldə boşa çıxdı

Revanşist duyğularla yanıb-tutuşan haylar çirkin xislətlərindən əl çəkmək niyyətində deyillər. 30 ilə yaxın bir dövr ərzində münaqişəni əbədi olaraq dondurmaq istəyən Ermənistan və onun havadarları hərbi-diplomatik sferada aldıqları məğlubiyyətlərdən hələ də dərs çıxarmırlar.

Nikol Paşinyanın sülh imitasiyası Cənubi Qafqazda ayırıcı xətlərin yaranmasına dəstək verir.

Halbuki, regional müstəvidə aparılan danışıqların nəticəsi kimi Ermənistanın aqressiv ritorikalarının təxirə salındığını görmək mümkün idi. Xüsusilə "3+3" formatında aparılan danışıqların konstruktiv olması qeyd edilməlidir. Buna baxmayaraq, rəsmi Bakının diktəsini həzm edə bilməyən, yeni reallıqlarla barışmayan hayların hər fürsətdə qərbə meyillənməsi regionun gələcəyini sual altında qoyur. Yeni "Ukrayna" planı üçün əsas namizəd olan Ermənistanın sülh prosesindən uzaqlaşması, hərbi eskalasiyaları intensivləşdirməsi Cənubi Qafqazda yeni münaqişə ocağının yaranmasına gətirib çıxara bilər.

Regiona yad qüvvələrin cəlb edilməsi, kollektiv Qərbin tezisləri əsasında formalaşan bəyanatların beynəlxalq ictimaiyyətə sırınması xaosu daha da dərinləşdirir. Xatırladaq ki, Brüssel, Kişineu, Moskva və çoxsaylı görüşlərdə sülhdən dəm vuran baş nazirin öz öhdəliklərindən boyun qaçırmasına paralel olaraq regionda təzyiqi daha da artırması ifrat həddə çatıb. Havadarlarının himayəsində "komfortlu" siyasət anlayışına aldanan baş nazir pikant (diqqətçəkən, cazibədar; xüsusi görünüşü ilə maraq doğuran) görünən kollektiv Qərbin maraqlarına xidmət edir. Bu cür çirkin təxribatlara hayların havadarları və ikili standart sərgiləyən dövlətlər göz yumsa da, Azərbaycan dövləti hər cür təhdid və təxribatlara adekvat cavab verməyə qadirdir.

Rəsmi Bakının "sülhə heç olmadığı qədər yaxınıq" bəyanatından sonra hayların təxribatları intensivləşdirməsi kövrək olan əlaqələrin məhv olmasına səbəb ola bilər. Rəsmi İrəvan törətdiyi təxribatlarla bir növ "sülh istəmirik" mesajı verir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz nitqində regionda sülhün formalaşması, əməkdaşlığın yaradılması istiqamətində bir sıra vacib məqamlara toxunmuş, Ermənistana çıxış yolları göstərmişdir. Dövlət başçımız siyasi dialoqun formalaşması, iqtisadi rifahın inkişaf etdirilməsi, regionda daimi sülhün bərqərar olması barədə mühüm fikirlər irəli sürür, sülh müqaviləsinin imzalanması üçün önəmli addımlar atır. Azərbaycan hər zaman olduğu kimi, sülh təşəbbüslərinin həyata keçirilməsinə çalışır. Ermənistandan fərqli olaraq ölkəmiz hüquqi-siyasi müstəvidə öz fəaliyyətini daha da genişləndirir.

Xatırladaq ki, şərti sərhəddə 4-5 ay davam edən nisbi sakitlikdən sonra haylar yenidən təxribata əl atdı. Fevral ayında erməni snayperinin Azərbaycan əsgərini ağır yaralamasından dərhal sonra silahlı qüvvələrimiz düşmən tərəfə adekvat cavab verdi və aqressor yerinə otuzduruldu. Lakin bunun ardınca hayların insinuasiyaları bir-birini əvəzləməyə başladı. Azərbaycanı hücuma hazırlaşmaqda ittiham edən rəsmi İrəvan növbəti böhtan kampaniyasına start verdi. Hətta bu çərçivədə bir sıra beynəlxalq institutlarda çıxışlar etdilər. Xüsusilə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin qeyri-adekvat bəyanatı hayları daha da "ruhlandırdı". Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək.

Son günlərdə isə Ermənistanın Azərbaycanla şərti sərhədə qoşun və texnika topladığının şahidi oluruq. Bu barədə videogörüntülər aydın fikir ifadə etməyə imkan verir və sözügedən məlumatı Azərbaycan Müdafiə Nazirliyi də təsdiq edib. Nazirlik bildirib ki, Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində düşmən ölkənin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur. Bununla yanaşı, aprelin 5-i saat 21:55-dən 23:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Günəşli və Gorus rayonunun Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əlibəyli, Daşkəsən rayonunun Xoşbulaq, Kəlbəcər rayonunun Yellicə, Zəylik və Laçın rayonunun Çağazur yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlifçaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Qeyd edək ki, ötən sutka ərzində Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri ümumilikdə 30 dəfə atəşə tutulub.

Şərti sərhəddə baş verən təxribatların 5 aprel görüşünün gündəmdə olması ilə birbaşa bağlantısı var idi. Məlumdur ki, ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüşdülər. Lakin 5 aprel tarixinə qədər regional destabillik artdı. Naxçıvanla şərti sərhəddə haylar istehkamlar qurmağa başladı, eskalasiya apardı. Rəsmi Bakının narahatlığı artdığına görə 5 aprel görüşü haqqında izahata ciddi ehtiyac yarandı. Nəticədə görüşdən öncə həm Antoni Blinken, həm də Ursula Fon der Lyayen Prezident İlham Əliyevə telefon zəngi etdilər və görüş haqqında məlumat verdilər. Şübhəsiz ki, bu hesabat ölkə başçımızın şəxsi nüfuzunun daha bir göstəricisidir.

Brüssel görüşünün yekunları haqqında beynəlxalq ictimaiyyətə ətraflı açıqlama verilməsə də, hayların umduğunu tapa bilməməsi aşkardır. Sadəcə Avropa İttifaqı Ermənistana qarşıdakı dörd ildə 270 milyon avro, ABŞ isə 65 milyon dollar yardım ayıracağı məlum oldu ki, bu da rəsmi İrəvanın arzuladığı məbləğ deyil. İstənilən halda 5 aprel görüşü Cənubi Qafqaza narahatlıq gətirdi. Xüsusilə region ölkələrinin rəsmi bəyanatları bunu deməyə əsas verir. Rəsmi Moskva aprelin 5-də ABŞ-Avropa İttifaqı-Ermənistan formatında Brüsseldə keçirilən görüşü Cənubi Qafqazı geosiyasi qarşıdurmaya sürükləmək üçün "kollektiv Qərb"in növbəti cəhdi kimi qiymətləndirir. Yayılan bəyanatda qeyd olunur ki, regiondan kənar qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz və destruktiv şəkildə müdaxiləsi, region ölkələri və onların qonşuları arasında nifaq salmaq istəyi sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün olduqca mənfi nəticələrə, haçalanmış fikirlərin yaranmasına, həmçinin nəzarətdən kənar gərginliyin artmasına səbəb ola bilər.

Digər tərəfdən qardaş ölkə Türkiyənin də mövqeyi olduqca qətidir. Rəsmi Ankara bu görüşü gələcək perspektiv üçün böyük zərbə sayır. Belə ki, Türkiyə Xarici İşlər Nazirliyinin aprelin 5-i ərəfəsindəki bəyanatında bildirildi ki, üçtərəfli görüş regiondakı mürəkkəb problemlərin həlli üçün neytrallıq yanaşmasına zərbə vuracaq.

Ümumiyyətlə, qardaş ölkənin sülh prosesindəki mövqeyi ilk gündən konstruktivliyə indekslənib. Ölkə başçımızın aprelin 5-də Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğlunu qəbul edərkən səsləndirdiyi fikirlər bunu bir daha təsdiq edir. Həmçinin cənab Prezidentin andiçmə mərasimindəki çıxışında Türk dünyasını bizim bir ailəmiz adlandırdığını qeyd edən Mövlud Çavuşoğlu diqqətə çatdırdı ki, Türk dünyasının birliyi ilə bağlı dövlət başçımızın dediyi çox dəyərli fikirlər böyük məmnunluqla qəbul olunub. Mövlud Çavuşoğlu vurğuladı: "Siz dünyada önəmli bir lidersiniz və Sizin Türk dünyasının güclənməsi istiqamətində atdığınız addımlar bütün Türk dünyasına bəllidir". Şübhəsiz ki, Qarabağ Zəfərimizin böyük Türk dünyasının uğuru hesab olunması mövcud əlaqələri daha da gücləndirir. Xüsusilə, Şuşa bəyannaməsi imzalanandan sonra Türkiyə ilə Azərbaycan rəsmən müttəfiq olmaları Qərb blokunu da ciddi narahat edir. Bu səbəbdəndir ki, Azərbaycan-Türkiyə tandeminin regionda zəiflədilməsinə çalışılır.

Qıraqda sadəcə xarici siyasətdə anti-Azərbaycan ritorikasının qurbanı olan cənub qonşumuz İran və Aİ-yə şirin görünməyə çalışan Gürcüstan qalır ki, hər iki dövlətin bu məsələdə mövqeyi bilinmir. Bəlkə də "susqunluğun özü elə bir cavabdır" tezisi ilə yanaşsaq, sözügedən dövlətlərin bu məsələdə rəsmi Bakının əleyhinə olan mövqeyini görmək olar. Lakin Qərbin Ermənistanda güclənməsinə İranın səssiz qalması absurdluğu ilə seçilir. ABŞ-ın İran sərhədlərinə bu qədər yaxın olması Tehranda həyəcan təbilini işə salmırsa, gələcək perspektivdə nələrin baş verəcəyi sual altındadır. Xatırladaq ki, İran həmin ölkədir ki, Ermənistanın ərazi bütövlüyünü özünün "qırmızı xətti" elan edirdi və bölgədə sərhədlərin dəyişdirilməsinə dözməyəcəyini, regiona aid məsələləri həmin ölkələrin özlərinin həll etməsinin vacibliyini dəfələrlə bildirirdi.

İstənilən halda rəsmi Bakının mövqeyi qətidir. Regional destabillik aradan qalxmayınca "kötəyi" yerə qoymaq olmaz. Sülh müqaviləsinin imzalanmaması, sərhədlərin delimitasiya və demarkasiyasının baş tutmaması, kommunikasiyaların bərpa edilməməsi reallığı qarışıqlığı hələ bundan sonra daha da artıracaq.

Nurlan ABDALOV,

"Respublika".