Şər zənciri: Məkrli fəaliyyətlər davam etdirilir
Siyasət

Şər zənciri: Məkrli fəaliyyətlər davam etdirilir

"Qəzzada atəşkəs HƏMAS-ın yenidən güclənməsinə səbəb olacaq. ABŞ administrasiyası hesab edir ki, Qəzza zolağında atəşkəs elan olunarsa, HƏMAS yenidən güclənəcək və 7 oktyabr hadisələrini yenidən törətmək imkanı qazanacaq". Bu fikirləri ABŞ dövlət katibi Antoni Blinken İordaniyanın paytaxtı Əmmanda Misir və İordaniya XİN rəhbərləri ilə görüşdən sonra birgə mətbuat konfransında deyib. Blinken bununla ölkəsinin müttəfiqlərinin Qəzzada atəşkəs elan olunması ideyasının dəstəklənməsi çağırışlarına münasibətini bildirib.

Bir çox ölkələr münaqişənin müzakirəsi üçün danışıqlara tezliklə başlamağın vacibliyini qeyd edir. Lakin Qərb ölkələri indiyədək baş vermiş bir çox savaş və qarşıdurmalarda qeyri-konstruktiv mövqedən çıxış edərək, münaqişə ocaqlarını daha da alovlandırmağa çalışıb. Bu dövlətlər daim yalandan sülhə çağırış edir, əslində isə eqoist siyasət yürüdərək öz maraqlarını düşünürlər.

Qərb ölkələrinin yalnız öz maraqlarına uyğun siyasət yürütmələri onların cəmiyyətin dəyərlərinə hörmət etməyən mövqelərindən də aydın olur. Belə ki, Fransada son bir ayda antisemitizm aktlarının sayı 1100-ə çatıb və 490-dan çox insan saxlanılıb. Öz daxilində azadlıq meyillərinin qarşısını zorakılıqla alan rəsmi Paris digər dövlətlərə demokratiya dərsi verməklə onların daxili işlərinə qarışmağa cəhd edir.

Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında "ABŞ-ın rəhbərliyi altında İŞİD terror təşkilatına qarşı yaradılmış beynəlxalq koalisiya HƏMAS-a qarşı da mübarizə aparmalıdır" təklifi ilə çıxış edib. Rəsmi Paris bu fikri ilə sabitliyin yaranmasını deyil, əksinə, Yaxın Şərqdə silahlı qarşıdurmaların daha da artmasını hədəfləyib. Görünür, Fransa "harada aş, orada baş" ideyası ilə Afrika ölkələri, Ukrayna və Cənubi Qafqazdan sonra indi də Yaxın Şərqə müdaxilə niyyətindədir. Şərqi Aralıq dənizində qeyri-regional güclərin hərbi mövcudluğunu artıracaq koalisiya yaratmaq təklifi bölgədəki problemlərin kökünə vara bilməyən, yalnız öz maraqlarını düşünən rəsmi Parisin növbəti təşəbbüslərindən biridir. Fransanın belə faydasız səyləri yalnız sabitliyin və sülhün pozulmasına gətirib çıxara bilər. Əgər rəsmi Paris həqiqətən də münaqişə zonasında atəşkəs olmasını, qan tökülməsinin qarşısının alınmasını istəsəydi, silah satmağa, yaxud, hərbi təlim keçirməyə deyil, Fələstin-İsrail və Yaxın Şərq münaqişələrinin həlli istiqamətində siyasi və diplomatik vasitələrə daha çox diqqət yetirərdi.

Qərb ölkələri Rusiya-Ukrayna müharibəsində də qeyri-konstruktiv mövqedən çıxış edərək, rəsmi Kiyevə müasir silahlar, siyasi dəstək sözü verməklə, sülhü baltalayıb. İndi isə verdiyi sözə əməl etmir, imtina edib. Bu, bizim üçün heç də təəccüblü deyil, çünki Qərbin ikibaşlı siyasətinin dəfələrlə şahidi olmuşuq. Qərb ölkələri Qarabağ münaqişəsinin həlli üçün əhəmiyyətli bir fəaliyyət göstərməyib.

Almaniya və Fransa kimi tarixdə neokolonializm siyasəti ilə məşğul olmuş, soyqırımları törətmiş dövlətlərin Ermənistana dəstəyi təəccüblü deyil. Fransa İsrail məsələsində ABŞ-ın tutduğu mövqeyi davam etdirir, Almaniya isə Qarabağ mövzusunda Fransanın siyasətini özünə nümunə götürür. Qərbin şər zənciri bir-birini davam etdirir. Böyük dövlətlərin Cənubi Qafqaza marağı hər kəsə məlumdur. 30 il ərzində heç bir əhəmiyyəti olmadan davam etmiş bu səfərlər, bu gün də Azərbayacanın əleyhinə yönəlib. Fransanın xarici işlər naziri Ketrin Kolonnadan sonra almaniyalı həmkarı Annalena Berbok da bu "faydalı" səfərlərini davam etdirib.

Almaniya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri İrəvanda mətbuat konfransı keçirərək Qərbi Zəngəzurda Qarabağdan könüllü şəkildə köçmüş erməni sakinlərlə görüşüb, onların problemləri ilə maraqlanıb. Almaniya keçmiş münaqişənin həllində heç bir zaman aparıcı rol oynamayıb. Bu səbəbdən Annalena xanımın da Bakıda və İrəvanda verdiyi açıqlamalar Fransanın təkrarçılığını etməkdən ibarətdir.

Qərb bu cılız siyasət nəticəsində fərqli regionlarda yaratdığı eyni mənzərə ilə qarşılaşa və yeni münaqişə ocağının mərkəzinə çevrilə bilər.

Nurcan SÜLEYMANOVA,

"Respublika".