Sərdar Karagöz: AZƏRTAC və Anadolu Agentliyi Türkdilli Xəbər Agentlikləri Birliyini yenidən formalaşdırır
MÜSAHİBƏLƏR

Sərdar Karagöz: AZƏRTAC və Anadolu Agentliyi Türkdilli Xəbər Agentlikləri Birliyini yenidən formalaşdırır

Bu gün burada türk dünyasının mediasına istiqamət verən vacib şəxslər bir araya gəldilər. Bir çox mövzu haqqında fikir mübadilələri aparıldı. Türk dünyasını bir-birinə yaxınlaşdıran ortaq media dilinin yaradılması çox böyük əhəmiyyət kəsb edir. Biz də Anadolu Agentliyi olaraq türk dünyasında fəaliyyət göstərən xəbər agentliklərini bir araya gətirmək istəyirik. Xüsusilə AZƏRTAC və Anadolu Agentliyinin təşkilatçılığı ilə Türkdilli Xəbər Agentlikləri Birliyini yenidən formalaşdırırıq.

Bu fikirləri Anadolu Agentliyinin Baş direktoru və İdarə Heyətinin sədri Sərdar Karagöz AZƏRTAC-a müsahibəsində bildirib.

Qarşıdan gələn iyun ayı ərzində türk dünyasındakı xəbər agentliklərini İstanbula dəvət edəcəklərini açıqlayan S.Karagöz deyib: "AZƏRTAC ilə birlikdə türk dünyası xəbər agentlikləri birliyini yaradacağıq. Bu, olduqca vacibdir. Sadəcə, bir-birimizə foto, video, xəbər ötürülməsi baxımından deyil, türk dünyasının, ictimaiyyətinin bir-birinə yaxınlaşması və türk mədəniyyətlərinin bir-biri ilə daha yaxın olması baxımından da xəbər agentlikləri birliyini olduqca əhəmiyyətli hesab edirik. Anadolu Agentliyi bunun liderliyini AZƏRTAC-la birgə həyata keçirir ki, bundan da çox məmnunuq. Bu, eyni zamanda, cəmiyyətlərimizin daha yaxından ünsiyyətdə olmasına dəstək verəcək".

AZƏRTAC