Sərkar: şəhərə bənzəyən kənd
Region

Sərkar: şəhərə bənzəyən kənd

Bələdiyyə həyatı

Ümummilli lider Heydər Əliyev yerli özünüidarəetməni ölkəmizdə gedən demokratiya prosesinin mühüm tərkib hissəsi kimi qiymətləndirərək, bələdiyyələrlə bağlı dövlət siyasətinin əsas istiqamətlərini də müəyyən etmiş, onun inkişafına xüsusi diqqət və qayğı göstərmişdir. Ötən illərin təcrübəsi onların təşəkkül taparaq əhali arasında nüfuz qazanmasını şərtləndirib. Həmin müddət ərzində bələdiyyələri təmsil edən qurumlar ictimaiyyətdə yerli özünüidarəetmə orqanları barədə müəyyən təəssürat yarada biliblər. Onların bir çoxu isə istər dünya, istərsə də yerli təcrübədən yararlanaraq işini günün tələbləri səviyyəsində yetərincə qurmağa nail olmuş, böyük uğurlar əldə etmişlər. Belə bələdiyyələrdən biri də respublikanın qabaqcıl aqrar rayonlarından olan Samux rayonunun Sərkar bələdiyyəsidir.

"Yerli özünüidarə haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarını əsas götürərək fəaliyyətini tənzimləyən, seçici müraciətlərini məmnunluqla yerinə yetirən bələdiyyələr sırasında Sərkar Bələdiyyəsinin öz xüsusi çəkisi vardır. Belə ki, yeni struktur kimi fəaliyyətə başlayan ilk gündən yaşayış məntəqələrində sakinlərin tam rahatlığı üçün məqsədyönlü işlər görmüşdür. Kəndin giriş və çıxış hissəsi gözəlliyi ilə diqqət çəkir. 

Az bir vaxtda kənddə böyük dəyişikliklər aparılaraq, 7-8 kilometr məsafədən kəndə su çəkdirilmiş, kəndarası yollarda hamarlanma işləri, bəzilərinə isə asfalt örtüyü salınmışdır. Mərkəzi küçələrdə barılar çəkilərək rənglənmiş, demək olar ki, sözün əsl mənasında kəndi şəhərə bənzətmişdir. Kəndə gələn qonaqların dili ilə desək "şəhərə bənzər kənd" adlandırılır. Məhz bunun nəticəsidir ki, şəhər sakinlərindən bir çoxu bu şəhərdən kəndə yaşamağa ayaq açır. Kənddə 5628 nəfər qeydiyyatda olduğu halda, hazırda 6 min nəfərdən çox əhali yaşayır.

5 min kvadratmetrlik ərazidə füsunkar gözəlliyə malik "kənd bələdiyyə parkı" salınmışdır ki, burada 1000 ədəd ağac əkilmiş 2500 kvadratmetr yaşıllıq salınmışdır. Qışın oğlan çağına baxmayaraq, al-əlvan gül-çicək onların arasından boylanaraq sakinlərə zövq verir. Hər axşam burada xeyli sayda sakin ailəvi dincəlir. Demək olar ki, balaca fidanların istirahət güşəsinə çevrilmişdir. Dizaynla düzəldilmiş oturacaqlar dekorativ ağaclar və gül kolları bir-birini tamamlayır. Böyük Vətən müharibəsində və Qarabağ savaşında həlak olanların xatirəsinə abidə kompleksi ucaldılmışdır. Xalqımızın milli bayramı olan Novruz Bayramı və Böyük Vətən müharibəsinin qələbə bayramı hər il məhz "kənd bələdiyyə parkı"nda mütəşəkkil və təntənə ilə qeyd edilir. Kəndin 6 şəhidi mütəmadi yad edilir, evləri ziyarət olunur. Eyni zamanda, tənha qocalar, kimsəsizlər və aztəminatlı ailələr vardır ki, həmişə onlara maddi yardım göstərilir, evlərinə sovqat aparılır. Bir sözlə, kənd sakinlərinin güzəranı və əhvali-ruhiyyəsi ürəkaçandır.

3 dəfə dalbadal bələdiyyə sədri seçilmiş Şəmistan Yusibovla iş başında görüşdük. O, qeyd etdi ki, bildiyimiz kimi, ümummilli liderimiz Heydər Əliyev tərəfindən yerli özünüidaretmə orqanlarının yaradılmasına rəvac verilərkən, həm də əhalinin sosial, mədəni və məişət problemlərinin kompleks şəkildə həllinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi baxımından zəruriliyi gündəmə gətirilib.

Kənddə Heydər Əliyev Fondunun hesabına inşa edilmiş ən müasir tipli möhtəşəm tam orta məktəb istifadəyə verilmişdir. Uşaq musiqi məktəbi, uşaq bağcası, mədəniyyət evi, kitabxana fəaliyyət göstərir. İdarə-müəssisələr müasirləşdirilmiş ətrafları abadlaşdırılmışdır. Ta qədimdən Sərkar sakinlərinin əsas məşğuliyyəti üzümçülük, əkinçilik və heyvandarlıq hesab olunur, çünki buna münbit şərait var. Eyni zamanda, mineral su istehsalat sexi, ayaqqabı sexləri, avtoservis xidməti və bir sıra xırda istehsal sahələri fəaliyyət göstərir ki, bu da işsizliyin minumuma endirilməsinin bariz nümunəsidir. İşgüzar, zəhmətkeş Sərkar sakinləri əkini vaxtlı-vaxtında suvarır, aqrotexniki qaydalara düzgün riayət edir, bu isə öz töhfəsini verir. Məhz bunun nəticəsidir ki, bol məhsul ildən-ilə çoxalır, bu isə onların həyat tərzinin yüksəlməsinə stimul verir.

Qarşıda hələ çox mühüm işlər var deyən bələdiyyə sədri yeni layihələrin icrasının başlanacağını bildirdi. Gələcək planlarından da ətraflı danışaraq bildirdi ki, biz gördüyümüz işlərlə kifayətlənmirik. "Bir bələdiyyə - azı bir layihə" çərçivəsində gələcəkdə müəyyən işlər görmək, yeni-yeni iş yerləri açmaq planlaşdırmışıq. Tam əminliklə bildirdi ki, qədirbilən sərkarlılar ölkə Prezidenti ətrafında sıx birləşərək Azərbaycanımızın tərəqqisi üçün var qüvvələri ilə çalışacaqlar. 

Kənd ağsaqqalları Gülağa Hüseynov, Yasin Daşdəmirov və başqaları ilə parkda görüşdük, istirahət edirdilər. Bizə yaxınlaşan kənd ağsaqqalları birmənalı olaraq bu sonsuz diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etdilər.

Z.CƏMŞİDOĞLU,

 "Respublika".