Simonyanın verdiyi mesaj bəllidir
Siyasət

Simonyanın verdiyi mesaj bəllidir

Ermənistan separatçı rejimə münasibətini dəyişdirir?

Haylar olan-qalan nüfuzunu da get-gedə itirir. Öncə "humanitar yardım" və "blokada" şousu ilə gündəmə gəlsələr də, bu təxribatlar fiaskoya uğradı. Daha sonra Xankəndidə gərgin vəziyyəti qoruyub saxlamaq istəyən ermənilərin çirkin planları bir daha ifşa olundu. İndi isə Ermənistan rəsmiləri özləri də həqiqəti etiraf etməyə başlayıb.

Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib. "Cəsur" hay Simonyan bu etirafına görə kəskin qınanılıb. Deyəsən, həqiqət ermənilərin xoşuna gəlməyib. Amma nə etmək olar, onlar gec-tez bu həqiqətlə barışacaqlar. Bu baxımdan, Ermənistanda artıq bəzi yüksək vəzifəli şəxslər məsələnin mahiyyətini dərk ediblər. Və hazırkı situasiyada Azərbaycanla sülhün bağlanılmasının haylara hava və su kimi lazım olduğunu anlamağa başlayıblar.

Lakin haylar öz içlərindən çıxan şəxslərə belə inanmaq istəmirlər. Həqiqətə göz yuman ermənilər hər gün yeni təxribata əl atmaqla vəziyyəti daha da gərginləşdirmək istəyirlər. Unutduqları tək şey isə odur ki, Azərbaycan sadəcə səbir edir və məqamı gözləyir. İlham Əliyevin də dediyi kimi, haylara "üçüncü dəvət" imkanı verilməyəcək. Simonyan kimi ermənilərin "ən ağıllıları" hesab olunan şəxslər isə ismarıcı vaxtında başa düşüb.

Amma Simonyan və onun kimilərin sözlərinə inanıb hayların bu qədər rahat şəkildə Xankəndidən çıxacaqlarını düşünmək absurd olardı. Şübhəsiz, bəzi ermənilərin Azərbaycan torpaqlarından çıxaraq öz torpaqlarına köç etməsi Ermənistan cəmiyyətində ajiotaj dolu gerçəklərin başa düşülməsi anlamına gəlir. Simonyan isə şübhəsiz yeni münaqişə ocağı yaratmaq və qeyri-stabil vəziyyəti gündəmdə saxlamaq üçün ortaya atılmış fiqurdur. Xatırladaq ki, bir neçə gün əvvəl Simonyan Rusiya Müdafiə Nazirliyinin sözçüsü Mariya Zaxarovanı "hansısa katibə" adlandırmışdı. Bu məramda qeyri-sağlam düşüncəyə malik olan Simonyan və onun kimilərin regionda təxribatlar törətmək cəhdləri həmişə baş verib. Rusiya ilə münasibətləri qəsdən korlamağa çalışan ermənilər yenə imtiyaz və güzəşt ümidi ilə qərbə meyillənməyə başlayıblar. Ələlxüsus, 70 il SSRİ tərkibində olan haylar o dövrlərdə də Rusiyadan daha çox imtiyaz əldə etmək üçün çirkin əməllərə imza atırdılar.

Xankəndidə keçirilməsi planlaşdırılan saxta "seçkilər" ərəfəsində artan gərginlik və Simonyanın bu fikirləri sözsüz ki, yeni gizli oyunların təməlidir. NATO kimi nüfuzlu təşkilata üzv olmaq istəyən Ermənistanın bu xüsusda Xankəndidən əl çəkməsi mümkündür. Ən azı 30 illik münaqişənin və başqasının torpaqlarının onlara verdiyi xoşbəxtliyin tükəndiyini anlayan ermənilər daha bu separatçı rejimi "öz aqibətinə" buraxa bilər. Və bu situasiyada xunta da çox gözəl başa düşür ki, artıq oyunun sonudur. Bütün dəstəklər bir gün tükənəcək. Hələlik isə Alen Simonyan fonunda səslənən fikirləri rəsmi İrəvanın ilk "qığılcımı" hesab etmək olar.

Tacir SADIQOV,

"Respublika".