Siyasi metastaz vermiş xəstə Ermənistanın Rusiyaya demarşı
Siyasət

Siyasi metastaz vermiş xəstə Ermənistanın Rusiyaya demarşı

Ermənistan baş naziri Nikol Paşinyan Bişkekdə keçirilən MDB Hökumət Başçıları Şurası və Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək. İrəvan hökumətindən verilən məlumatda buna səbəb kimi Paşinyanın IV Tbilisi İpək Yolu Forumunda iştirak etmək məqsədilə Gürcüstana səfər etməsi göstərilib.

Amma baş nazirin "Wall Street Journal"a verdiyi açıqlamalara nəzər salsaq görərik ki, Ermənistan rəsmisinin Rusiyadan uzaq gəzməsinin səbəbi zaman və məkan uyğunsuzluğu deyil. Nikol Paşinyan sözügedən nəşrə müsahibəsində bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərəkətsizliyi, eləcə də ikitərəfli təhlükəsizlik sazişləri ilə bağlı ciddi sualları var. Onun sözlərinə görə, Ermənistanda olan rus bazaları ölkəsinə hansısa üstünlük qazandırmır, bu da təhlükəsizlik münasibətlərinin şaxələndirilməsi zərurətini yaradır. Paşinyan bununla rəsmi olaraq Moskvadan qorxmadığını, hətta ona meydan oxuduğunu göstərib. Ermənistan mətbuatı da bununla bağlı yazır ki, baş nazir bir növ Rusiyanın müttəfiqlik öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkdiyi üçün ölkəsinin yeni tərəfdaşlar axtardığını deməyə çalışıb.

Paşinyan "Wall Street Journal"a müsahibəsində Rusiyanın yüksək rütbəli məmurlarının, o cümlədən Təhlükəsizlik Şurasının sədr müavini Medvedevin ona qarşı təhqiramiz ifadələr işlətməsinə və dövlət çevrilişinə çağıran sözlərinə necə münasibət göstərdiyi ilə bağlı sualı da cavablandırıb. Deyib ki, bu yanaşma bir-birinin daxili işlərinə qarışmama, diplomatik etiket qaydaları da daxil olmaqla, bir çox qaydaları pozur və təbii ki, şəxsi ölçüdə problemlər yaradır. Baş nazirin bu məsələləri qabartması isə təsadüfi deyil. Hadisələrin ardıcıllığına nəzər salsaq görərik ki, əvvəlcə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin Rusiyaya sifariş verdiyi və pulunu ödədiyi silahları almadığını bildirdi. İrəvan milyonlarla dollar dəyərində silah tədarükü müqaviləsini birtərəfli qaydada ləğv etmək və yerinə yetirilməməsinə görə cərimə ödəmək tələbi ilə də Moskvaya müraciət etdi. Ardınca Fransa ilə silahlarla bağlı saziş imzaladı. Bu hadisədən sonra Paşinyan beynəlxalq nəşrə müsahibəsində Moskvanı pis tərəfdaş olmaqda ittiham edərək özünün qərblə əlaqələrinə haqq qazandırır.

Bütün bunların fonunda uzun müddətdir müzakirə olunan Ermənistan-KTMT münasibətlərinin gələcək taleyi məsələsi aktuallaşır. Bir qisim ekspert deyir ki, Fransa ilə əməkdaşlığın davamı olacaq. Bu da İrəvanın Rusiyanın hakim olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını mümkünsüz edir. Amma kollektiv qərb üçün bundan daha sərfəli ssenarilər var. İrəvanın Rusiya platformasından uzaqlaşması onlara müəyyən siyasi dividendlər qazandırsa da, sözügedən təşkilatların daxilindəki fikir ayrılıqları daha faydalı hesab oluna bilər. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlim və iclaslarına qatılmamasına baxmayaraq, hələ də platformada təmsil olunması qərbin bu təşəbbüsünün icrası kimi düşünülə bilər.

Görünür, Kreml də məhz bu ssenaridən ehtiyat edir. İrəvanın belə arxayın şəkildə demarş etməsinə qərbin səbəb olduğunu düşünən Moskvanın Paşinyanı birbaşa dialoqa çağırması da bununla əlaqələndirilə bilər. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun Paşinyana cavab olaraq Ermənistanın Rusiya ilə qəzetlər, xüsusən də "Wall Street Journal" vasitəsilə əlaqə saxlamasının uyğun olmadığını deməsi də bunu sübut edir. Amma Rusiyanın prosesləri sadəcə izləməklə kifayətlənəcəyi real deyil. İlk növbədə, Moskva İrəvana sanksiyalar tətbiq edə bilər. Çünki Ermənistanın Rusiyadan qaz asılılığı var, eyni zamanda bir çox məhsullar Moskva bazarlarına daşınır. Bunları nəzərə alsaq, deyə bilərik ki, məhdudiyyətlərin İrəvan iqtisadiyyatına ciddi təsirləri olacaq. Amma artıq Ermənistan Rusiyanın nəzərində siyasi cəhətdən metastaz vermiş xəstə dövlətə çevrilib və bu xəstənin ciddi cərrahi əməliyyata ehtiyacı var. Gec-tez Rusiya Ermənistanda bu "cərrahi əməliyyatı" həyata keçirəcək. Odur ki, Kremlin birbaşa Paşinyan iqtidarını hədəf alan daha sərt tədbirlərə əl atması istisna deyil.

Jalə QASIMZADƏ,

"Respublika".