Siyasi möhtəkirliyin qarşısı alınır
Digər xəbərlər

Siyasi möhtəkirliyin qarşısı alınır

Azərbaycana qarşı bütün sahələrdə əks-təbliğat kampaniyası aparan Ermənistan əsasən də diplomatiya və informasiya sahələrində xüsusi canfəşanlıq nümayiş etdirir. Döyüş meydanında qələbənin mümkünsüzlüyünü gec də olsa dərk edən işğalçı ölkə Qarabağ ətrafında gedən proseslərdə beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmaq üçün hər cür təhrifə yol verir. Belə olan halda Azərbaycan diplomatiyası Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdan ötrü intensiv fəaliyyət göstərir və media orqanlarının gözü ilə reallıqların manipulyasiyaya çevrilməsinə imkan vermir.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  istər İkinci Qarabağ savaşında, istərsə də postmüharibə dövründə Ermənistan tərəfinin işğalçı siyasətinin beynəlxalq ictimaiyyətə açıqlanmasında böyük səy göstərib. Son aylarda İrəvan diplomatiyası Qarabağda yaşayan ermənilərin "humanitar böhran" içərisində olduqlarını böyük səs-küylə dilə gətirsə də, Hikmət Hacıyevin nüfuzlu nəşrlərə, yerli telekanallara verdiyi müsahibələrdə məsələnin əsl mahiyyətinin nədən ibarət olduğu faktlarla sübut edilib. Bundan başqa, Hikmət Hacıyev Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrini və hərbi attaşeləri Ağdam-Xankəndi yolu ilə tanış edib və bildirib ki, Azərbaycan divarlar yox, yollar çəkir!

Avqustun 31-də Ağdam-Xankəndi yolunda jurnalistlərin suallarını cavablandıran Hikmət Hacıyev Ermənistan hakimiyyətinin Qarabağ ətrafında saxta gündəm yaratmağının əsl səbəbinin  nə olduğunu bildirməklə qeyd etmişdi: "Azərbaycan öz ərazisində hər hansı bir "boz zona"nın olmasını qəbul etməyəcək". Diplomat, həmçinin vurğulamışdı ki, kimlərsə düşünürlər ki, onlar mövcud şəraiti olduğu kimi davam etdirəcəklər və bu separatist statusunda yaşamaqda davam edərək qeyri-qanuni rejimin mövcudluğunu təmin edəcəklər bu, baş verməyəcəkdir: "Azərbaycan heç bir halda buna dözməyəcək. Onların da bu yalançı humanitar şoularının əsas məqsədi ondan ibarətdir ki, əsl niyyətlərini və xislətini gizlətsinlər. Əsl niyyət isə Ermənistanın vaxtilə Azərbaycanın işğal altında olan ərazilərində yaratdığı qondarma qanunsuz rejimin mövcudluğunun yaşamasını təmin etməkdir və bu məqsədlə də müxtəlif bəhanələrdən istifadə edirlər".

Sentyabrın 5-də Hikmət Hacıyev Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı "Arab News" nəşrinə müsahibə verib. O, sülhü təmin etmək və keçmişin dəhşətlərini arxada qoymaq üçün atılmalı olan addımlardan söz açıb. Bildirib ki, başlamaq üçün ən yaxşı yol Ermənistanın üzr istəməsi olardı.

Hikmət Hacıyev Laçın yolunun BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması və Ermənistanın Qarabağın erməni əhalisinin "humanitar böhran" yaşaması iddiası ilə bağlı suala cavabında bu fikirlərin tamamilə əsassız olduğunu vurğulayıb:

"Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin blokadasından söhbət belə gedə bilməz. Azərbaycanın təklifi birdən çox yolun olmasıdır və mühüm yollardan biri də Ağdam-Xankəndi yoludur. Qarabağ bölgəsi ilə əlaqə saxlamaq üçün daha səmərəlidir və daha çox logistik imkanlara malikdir, çünki Azərbaycan onu tamamilə yenidən qurub".

Dünyanın nəhəng ölkələrinin erməni lobbisinin təsirinə məruz qalması heç kəsə sirr deyil. Məhz bu səbəbdən, Birinci Qarabağ müharibəsindən etibarən Ermənistanın işğalçı ölkə olmasına rəğmən bir sıra Qərb ölkələri daim Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. Xüsusilə, ABŞ və Fransada fəaliyyət göstərən güclü erməni lobbisi həmin ölkələrin parlamentlərinə təzyiq göstərə bilir. Eləcə də  Qərb media orqanlarının anti-Azərbaycan xəbərlərini tirajlamasının da ən böyük səbəbi erməni diasporundan qaynaqlanır. Elə  "New York Times" kimi nüfuzlu media orqanının həqiqətləri deyil, qondarma erməni iddialarını təbliğ etməsi məsələnin mahiyyətindən xəbər verir. Bu əsasla Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "New York Times"a (NYT) açıq məktub ünvanlamışdı. O, NYT-nin bütün səslər üçün ədalətli platforma olmaq əvəzinə, alternativ baxışlara təhlükəsizlik divarları və bürokratik maneələr qoymasına təəssüfləndiyini bildirib:

"Bütün səslər üçün ədalətli platforma olmaq əvəzinə, mən təəssüflənirəm ki, NYT alternativ baxışlara təhlükəsizlik divarı və bürokratik maneələr qoyur. "X" mənim ölkəmə qarşı sovet üslubunda təbliğat aparan bəzi Qərb media orqanlarının informasiya monopoliyasına qarşı daha güclü alternativ, azad və açıq platforma təqdim edir. Bu məqalələrin hamısını, o cümlədən NYT-ni yoxlayanda belə təəssürat yaranır ki, onların hamısı eyni hökumət studiyasında və ya erməni lobbisi və hökuməti tərəfindən maliyyələşdirilən PR şirkətində yazılıb".

Sentyabrın 7-də Hikmət Hacıyev daha bir media orqanına müsahibə verib. O,  İsrailin beynəlxalq "i24NEWS" telekanalına müsahibəsində bildirib: "Ermənistan Azərbaycanla sülhün bərqərar olmaması üçün əlindən gələni edir". H.Hacıyevin sözlərinə görə, Azərbaycan Ermənistana sülh sazişi imzalamağı təklif edib: "Bu proses ABŞ və bir sıra digər ölkələr tərəfindən dəstəklənir. Lakin ikinci mühüm mərhələ Qarabağ əhalisinin Azərbaycanın siyasi, iqtisadi və sosial spektrinə reinteqrasiyasıdır".

Musa BAĞIRLI,

"Respublika".