Sönməyən nur
Region

Sönməyən nur

Şirvan Şəhər İcra Hakimiyyəti YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş "Oftalmologiyanın mirvarisi" adlı konfrans keçirildi. Konfransı giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov dedi ki, ölkəmizin hər yerində ümummilli lider Heydər Əliyevin onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi silsilə tədbirlərlə qeyd edilir.

Keçirilən tədbirlərdə, konfranslarda, elmi simpoziumlarda ümummilli lider Heydər Əliyevin onun vəfalı ömür-gün yoldaşı, mehriban ana, qayğıkeş həkim, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş gözəl insan haqqında yüksək fikirlər səsləndirilir. Zərifə Əliyeva Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirirdi. Gənc alim müəllimlərin, həkim oftalmoloqların yetişməsində, çoxsaylı elmi-tədqiqatların, məqalə monoqrafiyaların hazırlanmasında böyük xidmətləri var idi. Ulu öndərə dərin məhəbbətlə bağlanan Zərifə xanımın bir ana kimi ən böyük xidməti ümummilli lider Heydər Əliyevin siyasi kursunu bu gün uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kimi müdrik dövlət xadimini yetişdirməsidir. Onun şərəfli adı xalqımızın qəlbində əbədi yaşayacaq.

Sonra Zərifə xanım Əliyevaya həsr olunan videoçarx nümayiş olundu. Şirvan Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Kamil Əhmədov, Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov geniş dünyagörüşə, çevik ağla malik, sadəlik, genişürəklilik, xeyirxahlıq kimi xüsusiyyətlərin sayəsində Zərifə xanımın hər yerdə özünə dərin hörmət məhəbbət qazandığını bildirdilər.

Tofiq HÜSEYN,

"Respublika".