Sosial rifah iqtisadi gücün təcəssümüdür
Sosial həyat

Sosial rifah iqtisadi gücün təcəssümüdür

Müstəqil və məqsədyönlü siyasət ölkəmizin milli maraqlarını təmin edir

Regionun lider dövləti Azərbaycanda əhalinin rifah halının yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi prioritet hədəflərdən biridir. Bu istiqamətdə dövlətimiz tərəfindən böyük sosial islahatlar, tədbirlər həyata keçirilib, layihələr icra olunub, sərəncamlar və fərmanlar imzalanıb. Bütün bunların nəticəsi olaraq Azərbaycan dünya ölkələrinə nümunə olan sosial siyasət modeli formalaşdırıb. Ölkəmizdə yoxsulluğun azaldılması, əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastruktur layihələrinin icrası kimi məsələlər dünyanın bütün tanınmış təşkilatları tərəfindən yüksək qiymətləndirilir.

Prezident İlham Əliyevin müsahibələrində səsləndirdiyi "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial   rifah halının daha da yaxşılaşdırılması dayanır", - fikri real həyatda atılan addımlarla üst-üstə düşür. Yəni verilən vədlər əməli tədbirlərlə bir-birini tamamlayır. Bu gün Azərbaycan dövlət başçısının ardıcıllıqla həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində güclü dayaqlara malik və milli maraqlarını qətiyyətlə qoruyan dövlətə çevrilib. Prioritet istiqamət olan sosial siyasət sahəsində aparılan islahatlar, çevik və məqsədyönlü fəaliyyət nəticəsində Azərbaycanın sosial siyasəti dünyaya ən gözəl nümunədir. Ölkənin hərbi gücü artdıqca, iqtisadi potensialı gücləndikcə, geniş sosial layihələr həyata keçirilir.

Daim hər bir azərbaycanlının yanında olan, onların problemləri ilə maraqlanan, firavanlığının qeydinə qalan dövlətimizin başçısı şəhid ailələrinə, müharibə veteranlarına və əlillərinə daim xüsusi qayğı ilə yanaşır. Azərbaycan dövləti bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib və bu tədbirlər davam etməkdədir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib. Beləliklə, postmüharibə dövründə 5 000, bu il 500, ümumilikdə ötən dövrdə 13 800 mənzil və fərdi ev şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub. Eyni zamanda, ölkə Prezidentinin Sərəncamı ilə 2021-ci ilin əvvəlindən Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanların da mənzillə təminatı həyata keçirilir.

2023-cü ildə pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 695 mln. manat və ya 21,4 faiz çox olmaqla 3 mlrd. 941 mln. manat ödənilib. Reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2023-cü ilin əvvəlindən müavinət və təqaüdlər növbəti dəfə artırılıb, minimum pensiya fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb. 2022-ci ildə pensiyaçılara verilən maddi yardımlar da bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib və bu artım edildikdən sonra həmin pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olmaqla 14,7 faiz indeksləşdirilərək artırılıb. Pensiyaların orta aylıq məbləği son 6 ayda 18 faiz artaraq 433 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 466 manata çatıb. Bu ilin ötən dövründə 450 min nəfərə sosial müavinət, 373 min nəfərə Prezidentin aylıq təqaüdü verilib. Əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 24 faiz çox olmaqla 493 mln. manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 320 mln. manat ödənilib. Bütün qeyd edilənlər Prezident İlham Əliyevin sosial islahatlar proqramı nəticəsində Azərbaycanın sosial inkişafında davamlı irəliləyişlərlə xarakterizə olunan yeni keyfiyyət mərhələsinə keçildiyini göstərir və ölkəmizdə sosial firavanlığın təminatı istiqamətində mühüm addımların gələcəkdə də davam edəcəyinə əminlik yaradır.

Bu gün müstəqil Azərbaycan Respublikasında əhalinin sosial rifahı durmadan yaxşılaşmaqda, sosial infrastrukturun bütün tərkib hissələri daha mükəmməl şəkildə formalaşmaqda davam edir. Azərbaycanda bütün dünyaya örnək olan hakimiyyət-xalq birliyi ümumazərbaycançılıq məfkurəsi ətrafında möhkəmlənməkdədir. Ölkə əhalisinin sosial-məişət problemləri dövlətin sosial siyasətinin əsaslarının optimal qurulması fonunda öz operativ həllini tapır. Azərbaycan dövlətinin sosial siyasətinin mütərəqqi prinsiplər əsasında təşkil edilməsi və əhalinin bütün sosial qruplarının bu siyasətin əsaslarından məmnunluğu özünü bütün sahələrdə büruzə verir. 44 günlük Vətən müharibəsi və parlaq qələbəmiz dediklərimizin əyani sübutudur. Vətən müharibəsində qələbə məhz hakimiyyət-xalq birliyinin, sosial ruhun yüksəkliyinin, vətəndaşların dövlətinə, millətinə, Vətəninə, sərhədlərin bütövlüyü prinsipinə sədaqətinin təcəssümü idi. Qətiyyətlə deyə bilərik ki, şanlı qələbədən sonra, işğaldan azad edilmiş Vətən torpaqlarında aparılan genişmiqyaslı bərpa-quruculuq işləri içərisində məhz ilk növbədə sosial infrastruktur layihələri əsas yer alır. Bu layihələrin icrası Azərbaycan dövlətinin siyasi xəttində sosial siyasətin prioritetliyini, böyük ümummilli sosial proqramların icrasının başlıca yer tutduğunu təsdiq edən əsas faktorlar kimi qiymətləndirilməlidir. Bunun özü də Azərbaycan dövlətinin sosial əsaslara söykəndiyini bir daha təsdiq edir.

"Biz isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünlərin birinci qrupunu Ağalı kəndinə, Talış kəndinə yerləşdirmişik və üçüncü yaşayış yeri, hara ki, keçmiş köçkünlər qayıdır, Laçın şəhəri olub. Biz bu ilin sentyabr ayına qədər Zabux kəndini də tamamilə inşa edib zabuxluların sərəncamına verəcəyik. Bildiyiniz kimi, Zabux və Sus kəndləri də Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edilmişdir və orada da fəal iş aparılır. Beləliklə, həm Laçın rayonunda, həm bütün başqa rayonlarda biz ildən-ilə daha da böyük işlər görməklə öz vətəndaşlarımızı normal şəraitlə təmin edəcəyik". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşündə deyib. Görülən işlər Azərbaycan xalqının qurucu xalq olduğunu, torpaqlarına sahib çıxaraq tez bir zamanda dirçəlməsində marağını təsdiqləyir. Azərbaycan heç bir beynəlxalq maliyyə təşkilatlarının köməyi olmadan minalanmış əraziləri təmizləyir və paralel olaraq bərpa-quruculuq işləri aparır. Və heç şübhəsiz ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bütün bu işlər Azərbaycanın iqtisadi gücünü, potensialını göstərir.

Böyük Qayıdış proqramının icrası 2023-cü ildə daha geniş vüsət alıb. Bunun üçün bütün iqtisadi resurslar, potensial imkanlar, büdcə mənbələri artırılıb. Belə ki, 2023-cü il üçün dövlət büdcəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün 3 milyard manat maliyyə təminatı yaradılıb. Bu da azad edilmiş ərazilərdə yeni kənd və qəsəbələrin inşası və əhalinin öz evlərinə geri dönüşü, daha böyük infrastruktur və xidmət obyektlərinin yaradılması və istifadəyə verilməsini təmin edəcək. Nəticədə, doğma torpaqlarımızın yenidən qurulması və tarixi simasının bərpası, insanların öz əvvəlki layiqli həyatlarına qaytarılması istiqamətində böyük səylə başlanmış işlər öz müsbət bəhrəsini verəcəkdir. Azərbaycan 10 min kvadratkilometr ərazidə yeni həyat qurur.

Bütün bu işlərin həcmi bir daha xalq-iqtidar birliyinin sarsılmazlığını və gücünü göstərir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Böyük Qayıdış proqramının icrası uğurla davam edir. Böyük Qayıdış proqramına uyğun olaraq artıq növbəti 3 il ərzində Qarabağda və Şərqi Zəngəzurda 40 min ailənin məskunlaşması nəzərdə tutulub. Ekspertlər bildirirlər ki, bununla da 2026-cı ilədək təxminən 160 min vətəndaşımız yurd yerlərinə qayıda biləcək. Yaşayış məntəqələrinin müasir standartlara uyğun olaraq qurulması, infrastrukturun yenilənməsi ondan xəbər verir ki, keçmiş məcburi köçkünlərimiz gözlənildiyindən daha tez öz ata-baba yurdlarına qayıtmaq imkanı qazanacaqlar.

Mustafa KAMAL,

"Respublika".