Sözümüz sözdür
Siyasət

Sözümüz sözdür

Regionda sülh, əmin-amanlıq, əməkdaşlıq bərqərar olacaq

Vədinə, sözünə əməl edən, xalqa arxalanıb müstəqil və prinsipial siyasət yürüdən Prezident İlham Əliyev soydaşlarımızın 30 illik həsrətinə son qoyan qətiyyətli, müdrik dövlət başçısıdır. Ulu öndər məktəbinin ən layiqli yetirməsi olan və 2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yenilik gətirdi. Hər bir azərbaycanlının Prezidenti olacağına söz verən və vədinə əməl edən İlham Əliyevin hakimiyyətdə olduğu 20 ilə nəzər salanda ölkəmizin dinamik inkişafının, sürətlə modernləşməsinin, dünyada nüfuz və söz sahibinə çevrilməsinin şahidi oluruq. 2018-ci ilin 11 aprel tarixində növbəti dəfə xalqın böyük etimadını qazanaraq Prezident seçilən İlham Əliyev işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi, bu gün isə həmin yerləri cənnətə çevirir.

Müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə ilk vaxtlar böhranlı illər olsa da, zamanla problemlər həllini tapmağa başladı. İqtisadi inkişaf yoluna qədəm qoyan Azərbaycan dünya ölkələri ilə əməkdaşlıq etməklə öz nüfuzunu daha da artırdı. İşğal olunmuş torpaqlarımızın geri qaytarılmaması, ərazi bütövlüyümüzün təmin olunmaması çox böyük narahatlıqlar yaradırdı. 2020-ci ildə ölkəmiz böyük nailiyyət əldə etdi, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Bəli, Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Azərbaycanın fədakar, qəhrəman oğullarının rəşadəti sayəsində Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi.

"Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi", - deyən Prezident İlham Əliyev xüsusilə vurğulayıb ki, "Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır". Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasət, dərin islahatlar strategiyası Azərbaycanın dayanıqlı inkişafını təmin edib. Azərbaycan cəmiyyəti və bütün dünya Prezident İlham Əliyevin timsalında praqmatik, hadisələri, prosesləri dəqiq qiymətləndirən, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edən, verdiyi bütün vədləri gerçəkləşdirən siyasi xadim görür. Ötən müddət ərzində görülən işlər Prezident İlham Əliyevin qurucu, yenilikçi dövlət başçısı olduğunu sübut edir. Dövlətimizin başçısı Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində bütün qüvvəsini dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi görən xalqın birmənalı şəkildə dəstəklədiyi, güvəndiyi və etibar etdiyi Liderdir. Uğurlu iqtisadi inkişafın nəticəsidir ki, insan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin önəmli strateji prioritetləri olmuş, Azərbaycan dünya ölkələri sırasında öncül yer tutmuşdur.

Postmüharibə dövründə Azərbaycanın əsas gündəmi məhz sülh prosesini qısa zamanda başa çatdırmaq, bölgədə daimi sabitliyi təmin etməkdir. Azərbaycan bununla bağlı mövqeyini 44 günlük Vətən müharibəsi bitəndən dərhal sonra bildirərək 5 baza şərtini Ermənistana təqdim etdi. Eyni zamanda, sülh təşəbbüsləri ilə müxtəlif platformalarda Azərbaycan-Ermənistan rəhbərləri arasında görüşlər keçirildi. Görüşlərdə müxtəlif razılaşmalara gəlinsə də, sülh sazişini imzalamaq hələlik mümkün olmayıb. Dövlətimizin başçısı İkinci Qarabağ müharibəsindən sonra 44 günlük müharibədəki Zəfərimizi doğuran siyasi-diplomatik və hərbi kursu uğurla davam etdirmiş, cari il sentyabr ayının 19-da keçirilən lokal xarakterli antiterror tədbirlər üçün baza formalaşdırmışdı. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bu tədbirlərin bir növ anonsunu vermiş və tam əminliklə bildirmişdi ki, Azərbaycan torpaqlarında separatizm üçün meydan olmayacaq. Lakin Ermənistan Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmadı. Qarabağda qeyri-qanuni hərbi birləşmələr, hərbi texnika, qurğu, silah-sursat saxladı. Üstəlik, müxtəlif yollarla əraziyə əlavə hərbi vasitələr cəlb etdi, şəxsi heyətin rotasiyasını həyata keçirdi, ərazilərimizi minaladı və sair yolverilməz hərəkətlər reallaşdırdı ki, bunların hamısı ölkəmizin konstitusion quruluşuna zidd, dövlət suverenliyimizə təhdid idi. Bəzi Qərb ölkələrinin dəstəyindən ruhlanan Xankəndidə və ətraf qəsəbələrdə mövcud olan qanunsuz erməni silahlı dəstələri eyni zamanda regionda sabitliyə ciddi təhlükə idi. Həmin silahlıların dinc yolla zərərsizləşdirilməsi, bölgədə sabitliyin təmin edilməsi məqsədilə aparılan dialoqlar hər dəfə nəticəsiz qalırdı. Məhz bu məqamları nəzərə alaraq bütün qanuni vasitələrlə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində addımlar atılmalı idi və həmin addımlar atıldı.

Azərbaycan xarici təzyiqlərə baxmayaraq, artıq lokal xarakterli antiterror tədbirləri ilə Qarabağ iqtisadi rayonunda separatizm yuvasını məhv etdi və milli suverenliyini bərpa etdi. Sentyabrın 20-də qondarma xunta rejimi lokal antiterror tədbirlərinə qarşı müqavimət göstərə bilməyərək təslim oldu. Sentyabr ayının 20-də Prezident cənab İlham Əliyev xalqa müraciətində bir sıra məsələlərə toxunaraq lokal xarakterli antiterror tədbirlərinin zəruriliyi, qarşıya qoyulan vəzifələrin bir gün içində yerinə yetirilməsi və əməliyyat nəticəsində suverenliyimizin tam bərpa olunmasını qeyd etmişdir. Bundan əlavə, cənab Prezidentin müraciəti həm regionun, həm də Qarabağın erməni sakinlərinin gələcək inkişaf perspektivi və yol xəritəsidir.

"Mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik". Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" telekanalına müsahibəsində bildirib. Ölkə başçısı qeyd edib ki, onlara digər mesajı ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv etdi. Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik. Qarabağdakı ermənilərə gəlincə, qondarma liderlər onlara daim yalan danışıblar. "Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm", - deyə Prezident İlham Əliyev vurğulayıb.

 

Mustafa KAMAL,

"Respublika".