Strateji əhəmiyyətə malik dəmiryolu xətti
Siyasət

Strateji əhəmiyyətə malik dəmiryolu xətti

30 oktyabr 2017-ci ildə istismara verilən Bakı-Tbilisi-Qars dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərinə, buradan da Türkiyənin Qars şəhərinə qədər uzanır. Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir. Bu dəmiryolu xətti Azərbaycanla Türkiyəni birləşdirir. 2017-ci il sentyabrın 27-də Tbilisidən Axalkalakiyə gedən ilk sınaq sərnişin qatarından sonra Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Ələtdə BTQ dəmiryolunun açılışı keçirildi. Sözügedən dəmiryolu ilə məhsulların Asiyadan Avropaya 15 gün ərzində çatdırılması reallaşdı.

Layihə Türkiyə və Azərbaycanı, eləcə də Mərkəzi Asiya və Çini Avropa ilə dəmiryolu vasitəsilə birləşdirir. Dəmiryolunun üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınması həyata keçirilmişdi. Xatırladaq ki, Türkiyənin 1993-cü ildə Ermənistan ilə sərhədini bağlaması nəticəsində Qars-Gümrü-Tbilisi dəmiryolunun fəaliyyəti dayandırılıb. Həmin  il bağlanan yola alternativ olaraq Azərbaycan və Türkiyə arasında Gürcüstan üzərindən dərmiryolu xəttinin çəkilişi ilə bağlı fikir mübadiləsi aparılıb. 2005-ci ilin yanvar ayında isə üç ölkə arasında BTQ-nin tikintisinə aid razılaşma imzalanıb. Lakin maliyyə çatışmazlığı səbəbindən  layihənin icrası baş tutmayıb. Bütün bunlara baxmayaraq, 2005-ci ilin may ayında Bakı-Tbilisi-Ceyhan boru kəmərinin açılışında iştirak edən Azərbaycan, Türkiyə və Gürcüstanın liderləri BTQ-nin  tikintisində maraqlı olduqlarını bildiriblər.

Bakı-Tbilisi-Qars dəmiryolu Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan böyük əhəmiyyət kəsb edir. Məhz bu dəmiryolu vasitəsilə respublikamız beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa çıxış imkanı qazanıb. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma isə İstanbula çatmaq mümkündür. Bu dəmiryolu xətti Bakı-Tbilisi-Ceyhan boru kəmərindən sonra ölkəmizin iqtisadiyyatını daha da inkişaf etdirib.

Xatırladaq ki, ABŞ və Avropa Birliyi xəttin Ermənistandan kənar keçdiyinə görə layihəyə qarşı çıxıblar və tikintinin maliyyələşdirilməsindən imtina ediblər. Onlar Qars-Gümrü-Tbilisi dəmiryolu xəttinin açılmasını tələb edirdilər. Amma Azərbaycan ilə Ermənistan arasında o zaman mövcud olan keçmiş Qarabağ münaqişəsi səbəbindən bu tələb rədd edilmişdi. Dəmiryolu xəttinin tikintisinin maliyyələşdirilməsini isə sonradan Azərbaycan öz üzərinə götürüb. Hətta Azərbaycan Gürcüstana ildə 1 faiz dərəcəsi ilə 25 illiyinə 220 milyon dollar kredit verib.

2017-2022-ci illərdə Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə 1 milyon 347 min 585 ton, ötən il isə 432 min 284 ton yük daşınıb. BTQ, həmçinin regionda turizmin inkişafına da güclü təsir göstərir ki, bu da dəmiryol xəttinin əhəmiyyətini daha da artırır. Yol istifadəyə veriləndən sonra mövcud yükdaşımalarla müqayisədə zaman fərqi iki dəfəyədək azalıb.

Bakı-Tbilisi-Qars layihəsinin daha bir üstünlüyü, Azərbaycan ilə Türkiyə arasında münasibətləri daha da möhkəmləndirməyə xidmət etməsidir. Digər bir məqam isə BTQ-nin Naxçıvan Muxtar Respublikasına qədər uzanmasıdır. Yaxın gələcəkdə isə Qarsdan Naxçıvana ayrıca dəmiryolu xəttinin çəkilməsi nəzərdə tutulur. Bununla Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin xüsusi strateji əhəmiyyət daşıdığı bir daha öz təsdiqini tapır. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə düşməsi Azərbaycanın iqtisadi qüdrətinin artmasında mühüm amildir.

Belə ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əlaqələri daha da möhkəmləndirir. Başqa sözlə, dəmiryolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir.

Nəzrin ELDARQIZI,

"Respublika".