Su ehtiyatları və onun idarə edilməsi mövzusunda tədbir
Digər xəbərlər

Su ehtiyatları və onun idarə edilməsi mövzusunda tədbir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı əsasında 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi tədbirləri çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təşkilatçılığı ilə "Azərbaycanın su təsərrüfatı sektorunun inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır" mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransdan əvvəl ümummilli lider Heydər Əliyevin su təsərrüfatı sektorunda xidmətlərindən bəhs edən fotosərgiyə baxış keçirilib, film nümayiş olunub.  

Konfransda çıxış edən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin  müşaviri Əsəd Şirinov bildirib ki, böyük dövlət xadimi Heydər Əliyev su təsərrüfatı sektorunun inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Respublikamızda su ehtiyatlarının səmərəli idarə olunması, meliorasiya və irriqasiya sahəsində əsaslı işlər ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilib. Ağstafaçay, Sərsəng, Yuxarı Xanbulançay, Arpaçay, Aşağı Göndələnçay su anbarları,  Mil-Muğan, Lənkərançay hidroqovşaqları ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə tikilərək istismara verilib. Bu layihələr kənd təsərrüfatının suvarma, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına töhfələr verib. 

Bakı şəhərinin içməli su təchizatının yaxşılaşdırılmasına səbəb olan Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlı təşəbbüsün müəllifi də ümummilli lider Heydər Əliyev olub. Ulu öndər Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi barədə tapşırıq və tövsiyələrini verib, cənab  Prezident İlham Əliyevin rəhbərliyi ilə 2007-2010-cu illərdə reallaşdırılan bu layihənin icrası paytaxtın su təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu Qarabağı işğaldan azad etdikdən sonra bu ərazilərdə infrastrukturun bərpasına başlanılıb. Ötən müddətdə Şuşa şəhərinə Kiçik Kirs və Zarıslı mənbələrindən suyun verilməsi təmin edilib, şəhərin dayanıqlı su təchizatı məqsədilə alternativ mənbə yaradılıb. Eyni zamanda Laçın şəhərinin içməli, tullantı və yağış suları sistemlərinin yaradılması layihəsinin icrası da yekunlaşmaq üzrədir. Füzuli şəhərində isə yeni layihələrin icrasına başlanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair" Tədbirlər Planına uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən su ehtiyatları və sudan səmərəli istifadənin təmin edilməsi, su itkilərinin, israfçılığın, sudan qanunsuz istifadənin aradan qaldırılması istiqamətində ciddi tədbirlərin icrasına başlanıb.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev, Bakı Dövlət Universitetinin prorektoru Fərda İmanov, Yeni Azərbaycan Partiyasının "Azərsu" ASC üzrə ərazi partiya təşkilatının sədri Günay Məmmədli çıxışlarında qeyd ediblər ki, müasir meliorasiya və irriqasiyanın təməlinin hələ keçən əsrin əvvəllərində qoyulmasına baxmayaraq, əsas inkişaf ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu illərdə su təsərrüfatı sahəsində böyük quruculuq işləri aparılıb, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi yaradılıb. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə mövcud meliorasiya potensialının dağılmasının qarşısı alınıb və bu sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib.

Konfrans "Su ehtiyatları və onun idarə olunması", "Su təchizatı, tullantı suları və yağış suları sistemlərinin idarə olunması", "Ekoloji təhlükəsizlik və iqlim dəyişmələri" mövzularında keçirilən panel iclaslarla öz işini davam etdirib.

"Respublika".