Sülhə doğru atılan növbəti addım
Siyasət

Sülhə doğru atılan növbəti addım

İllər əvvəl Azərbaycanın bir problemi var idi. O da Qarabağ münaqişəsinin həlli. 2020-ci il sentyabr ayının 27-də başlayan Vətən müharibəsində qazandığımız Qələbə ilə bu problemi həll etdik. Qələbədən sonrakı əsas vəzifələr ermənilər tərəfindən dağıdılmış ərazilərin, şəhər və kəndlərin bərpa olunaraq yenidən qurulmasıdır. Aparılan bərpa-quruculuq işlərində ən başlıca maneə olan minaların təmizlənməsi prosesi işin sürətini və gedişini ləngidir. Lakin buna baxmayaraq, dövlətimiz bu problemin də öhdəsindən öz gücü, potensialı hesabına gəlir.

İndi Qarabağda və ətraf rayonlarda mərhələli şəkildə minalardan təmizlənən ərazilər, kəndlər, şəhərlər gülüstana çevrilir. İstər yerli, istərsə də xarici şirkətlər tərəfindən böyük tikinti layihələri reallaşdırılır. Təkcə yaşayış binaları deyil, həmçinin infrastruktur üçün lazım olan bütün iaşə obyektləri, enerji stansiyaları, aqroparklar, hava limanları və digər binalar da tikilib istifadəyə verilir. Bölgənin zəngin turizm potensialı və təbii sərvətləri xarici dövlətlərin də marağına səbəb olmuşdur.

İndi Qarabağ Azərbaycanın dünyaya açılan qapısı rolunu oynayır. Dünya Azərbaycanı dəstəkləyir və əməkdaşlıq üçün güclü potensiala sahib ölkə kimi əlaqələrini genişləndirir. Lakin Ermənistan Qarabağ müharibəsindəki məğlubiyyətinin şokundan ayılmamış, başqa sevdalara düşüb. Onlara elə gəlir ki, yenidən Azərbaycan ərazilərini zəbt edə bilərlər. Elə bu səbəbdən də hələ də Qarabağ bölgəsində gərginliyi saxlamaqla öz xain planlarını həyata keçirmək istəyirlər. İkinci Qarabağ müharibəsindən üç ilə yaxın bir müddət keçsə də, Ermənistan Qarabağ bölgəsində yaşayan erməni əhalisini öz vətəndaşı kimi qəbul etməkdən əl çəkmir. Azərbaycan Prezidenti İlham Əliyev  dəfələrlə  çıxışlarında qeyd edib ki, Qarabağda yaşayan erməni əsilli əhali Azərbaycan vətəndaşlardır. Buna baxmayaraq, Ermənistan öz çirkin əməllərindən əl çəkmir. Ölkəmizi Xankəndidə yaşayan əhalini blokadada saxlamaqda günahlandırır.

Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmişdir. Martın 1-də Xocalı şəhərində Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüş keçirilib. Görüşdə Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. Ermənistan hər zaman belə görüş və müzakirələrdən yayınmağa çalışsa da, Azərbaycan dövləti bütün hallarda bu görüşlərin keçirilməsində maraqlı olmuş, bölgədə yaşayan etnik erməni əhalinin bütün problem və çətinliklərinin həllinə hazır olduğunu bildirmişdir. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bu məsələ ilə bağlı fikirlərini belə ifadə etmişdir: "Ölkəmizdə milli azlıqlar çoxluq təşkil edir. O cümlədən Qarabağ ərazisində milliyyətcə erməni olan insanlar yaşayır. Bu mənada onlarla təmas qurmaq, Azərbaycan qanunlarına tabe olmalarını, dinc, yanaşı yaşamaq prinsiplərinə əməl etmələrinin bu cür görüşlərdə izah edilməsi lazımdır".

Ermənistan yenə də öz məkrli əməllərindən əl çəkmir, bölgə əhalisinin yaşayışına müdaxilə edir. Bu isə birbaşa Azərbaycanın daxili işinə qarışmaqdır. Bu mənada, Qarabağda yaşayan erməni icması arasındakı görüşün əhəmiyyəti olduqca böyükdür. Əlbəttə ki, söhbət Qarabağ müharibəsindən öncə və sonrakı dövrdə bölgədə yaşayan erməni icmasından gedirsə, bu, Azərbaycanın daxili məsələsidir. Azərbaycan tərəfi belə görüşləri gələcəkdə də mütəmadi olaraq keçirmək niyyətindədir. Çünki burada söhbət Azərbaycan vətəndaşlarının taleyindən gedir. Son zamanlar Qarabağda yaşayan etnik ermənilərin özləri belə Ermənistan hakimiyyətinə inanmır və etibar etmirlər. Onlar yaxşı anlayırlar ki, gələcək talelərinin müqəddəratını gec-tez Azərbaycan dövləti həll edəcək. Əlbəttə ki, erməni icmasının Azərbaycana olan güvənini çox gözəl başa düşən Ermənistan məsələni hərbi güc hesabına həll etmək istəyir. Martın 5-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı buna bariz nümunədir. Xocalıda etnik erməni icması ilə görüşdən sonra bu hücum Qarabağ erməniləri ilə Ermənistan hakimiyyətinin fikir ayrılığını göstərir. Görünən və anlaşılan odur ki, artıq Qarabağ erməniləri öz nicatını, vəziyyətdən çıxış yolunu Azərbaycanla birgə yaşayışda görür.

Ramidə YAQUBQIZI,

"Respublika".