Sülhsevər diplomatiyanın daha bir uğuru
Digər xəbərlər

Sülhsevər diplomatiyanın daha bir uğuru

Azərbaycan Respublikası ərazisində qanunsuz olaraq yerləşdirilmiş Ermənistanın separatçı hərbi birləşmələrinin Azərbaycan Ordusu tərəfindən tərk-silah edilməsi və silah-sursatlarını təhvil verməklə Qarabağdan çıxarılması regionda sabitliyin və gələcək inkişafın təmin edilməsi üçün atılmış zəruri addımdır.

Lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsində əsas məqsəd 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi idi.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı.

Lokal antiterror tədbirlərində Azərbaycan əsgərləri, zabitləri yüksək peşəkarlıq, həm də humanistlik göstərmişlər. Aparılmış qısamüddətli, 24 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır.

Vurğulamaq lazımdır ki, Azərbaycan ərazisində Ermənistan ordusuna məxsus qanunsuz olaraq yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika yerləşdirilmişdir. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikanı ərazimizdən çıxarmamışdır.

Lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhaliyə heç bir zərər yetirməmək və yerli erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün atılan addımlar, yalnız separatçı hərbi birləşmələrə və onların hərbi obyektlərinə zərbələr vurulması bütün dünyaya dövlətimizin yüksək humanizmini əyani şəkildə göstərdi.

İkinci Qarabağ Zəfərindən sonra Qarabağda böyük uğurla həyata keçirilmiş antiterror tədbirləri ilə Ali Baş Komandan İlham Əliyev çoxəsrlik dövlətçilik tariximizə Böyük Qələbə yazdı. Qarabağda antiteror tədbirlərinin cəmi bir gün ərzində bütün hədəflər üzrə reallaşdırılması və uğurla başa çatdırılması Azərbaycan və dünya hərb tarixinin nadir hadisəsidir.

Azərbaycan xalqı əmindir ki, həyata keçirilən antiterror tədbirlərindən sonra Qarabağın erməni əhalisi ilə aparılan müzakirələr də Prezident İlham Əliyevin sülhsevər diplomatiyasının daha bir təntənəsi olacaq. Ümumiyyətlə, uğurla başa çatdırılmış antiterror tədbirləri regiona və dünyaya yeni reallıqların gətirilməsinə yol açacaqdır. Məhz bu böyük və mühüm hərbi tarixi hadisə ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixi ərazilərimiz üzərində ölkəmizin tam və qəti qələbəsini təmin etdi. Artıq Ermənistanla sülh müqaviləsinin imzalanmasının, Avropa və Asiya arasında əhəmiyyətli bir körpü funksiyasını yerinə yetirəcək Zəngəzur dəhlizi məsələsinin həll edilməsinin uzaqda olmadığı görünməkdədir.

Qələndər CANBAXIŞOV,

Elmi-Tədqiqat Travmatologiya və

Ortopediya İnstitutunun travmatologiya

şöbəsinin müdiri, tibb üzrə elmlər doktoru, professor, Əməkdar həkim.