Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı həm də siyasi məna daşıyır
Mədəniyyət

Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı həm də siyasi məna daşıyır

1982-ci il 14 yanvar tarixi. Şuşada Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılış mərasimi. Şairlərin, yazıçıların toplaşdığı həmin mərasimdə dövlət xadimləri də var idi. Azərbaycanın baş tacı Şuşada ulu öndər Heydər Əliyevin sevinc, fərəh, qürur hissi ilə iştirakı da gözlərimiz qarşısında canlanır.

Heydər Əliyevin Şuşada Molla Pənah Vaqifin məqbərəsinin ucaldılması təklifinin təməlində daha vacib bir məqam dayanır. Ulu öndər bu addımı ilə həm də uzun illər unudulmuş tarixi bir məqamı, reallığı yenidən cəmiyyətə qaytarıb. Belə ki, hələ 1967-ci ildə ermənilər milli zəmində qarşıdurma yaradıb, yerli azərbaycanlıları Qarabağdan köçürmək məqsədilə üç soydaşımızı Xankəndidə xüsusi amansızlıqla qətlə yetirmişdi. Həmin vaxt Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olan Heydər Əliyev istintaqı şəxsən öz nəzarətinə götürmüş, məsələni dərindən araşdırmaq üçün Xankəndiyə getmişdi. Həmin səfər çərçivəsində Şuşa şəhərinə də gedən Heydər Əliyev Molla Pənah Vaqifin məzarını ziyarət etmək istədiyini bildirmişdi. 170 il sonra Vaqifin məzarının ziyarət edilməsi ulu öndər tərəfindən milli və tarixi irsimizə xüsusi diqqətin, böyük hörmət və ehtiramın göstəricisi, eyni zamanda gələcək təhlükələrin qarşısının alınması üçün mühüm addım idi. Uzun axtarışlardan sonra şairin dağılmış qəbri tapılır. Qarşılaşdığı mənzərədən mütəəssir olan Heydər Əliyev məzarın Vaqifə layiq olmadığını bildirir. Molla Pənah Vaqifin məqbərə kompleksinin tikilməsi ilə əlaqədar müvafiq göstəriş verilir.

1982-ci il yanvar ayının 14-də Vaqifin məqbərəsinin təntənəli açılışı olur. Şairin məzarı üzərində inşa edilən abidə Cıdır düzünə yaxın bir ərazidə yerləşir. Kompleksdə, eyni zamanda Vaqifin Şuşa həyatını əks etdirən dövrlərə aid 80-ə yaxın eksponat da nümayiş etdirilir. Açılış mərasimi zamanı Heydər Əliyev hər il Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verir. Elə həmin il ilk dəfə olaraq 29 iyul - 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirilmişdi. Bununla da ölkəmizdə gözəl bir ənənə formalaşmış, Vaqif Poeziya Günləri həmin tarixdən etibarən hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb Şuşada yekunlaşmışdır. Bəli, bütün bunlar böyük azərbaycanlının milli-mənəvi dəyərlərə hörmət, milli irsə sahib çıxmaq və gələcək nəsillərə böyük miras qoymaq missiyası idi.

Qarabağın baş tacı Şuşada belə bir məqbərənin ucaldılması adi hadisə deyildi, əksinə düzgün hesablanmış məntiqə əsaslanırdı. Ulu öndərin bu addımı tarixi, mənəvi-mədəni, eyni zamanda siyasi önəm daşıyırdı. Həmin dövrlərdə ermənilər tərəfindən Şuşa da başda olmaqla, Qarabağdan Azərbaycanın izlərinin, tarixi köklərinin silinməsi prosesi başlanmışdır. Mənfur düşmənin əsrlərlə apardığı işğalçılıq siyasətinin özülündə Qərbi Azərbaycanla yanaşı, Qarabağın da işğalı dururdu. Hətta ermənilər həyasızcasına iddia edirdilər ki, Şuşa onlara məxsusdur. Xain düşmənin göz dikdiyi Şuşada böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin yaradılması siyasi, tarixi və mədəni reallıqların bir daha təsdiqlənməsi baxımından mühüm əhəmiyyətə malik idi. Ulu öndər Heydər Əliyevin atdığı mühüm addım Qarabağda azərbaycançılığın, xalqın mənsub olduğu yurd yerlərinin qorunması üçün böyük önəm daşıyırdı.

Təəssüflər olsun ki, o vaxt düşmən öz məqsədinə çatdı. Ötən əsrin sonları Azərbaycanda yaranmış hakimiyyət boşluğundan, xaosdan istifadə edən Ermənistan Qarabağın bir çox şəhər və kəndlərini işğal etdi. 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsilə Molla Pənah Vaqifin də məqbərəsi dağıdıldı və burada sərgilənən onlarla eksponat məhv edildi, bəziləri isə Ermənistana daşındı. Sözsüz ki, o zaman baş verənlər, ötən illərdə qurub-yaratdığı yurd yerlərinin düşmən tərəfindən dağıdılması ümummilli lider Heydər Əliyevi kədərləndirirdi. Şuşa, Qarabağ onun üçün nə qədər dəyərli idisə, ərazidə olan xalqımıza məxsus abidələr də o dərəcədə önəmli idi. Xatirələrində rast gəlirik ki, 2001-ci ildə Strasburqda ulu öndər Heydər Əliyevin Köçəryanla görüşünün rəsmi hissəsindən sonra aralarında maraqlı söhbət olur:

- Mənim təşəbbüsümlə Şuşada Vaqifin məzarı üzərində məqbərə tikilmişdi. Vaqif bizim böyük şairimizdir, Qarabağ xanlığının vəziri olub. Məqbərə nə vəziyyətdədir? Onu da dağıtmısınız?

- Başımız açılana qədər bütün alüminium hissələrini, mərmər üzlükləri söküb aparmışdılar. Karkası isə durur.

- Ümidvaram ki, bu işdə sənin əlin olmayıb...

- Nə danışırsınız, Heydər Əliyeviç...

Göründüyü kimi, bu, sadəcə, Heydər Əliyevin xalqın milli-mənəvi dəyərlərinə, tarixi köklərinə münasibətidir. Dialoqda diqqətçəkən məqamlardan biri də ulu öndərin Vaqifi böyük şair olması ilə bərabər, Qarabağ xanının vəziri kimi də xatırlatmasıdır. Yəni Qarabağ xanlara, xaqanlara, azərbaycanlılara məxsusdur. Bəli, tarixdə hələ heç bir dəyər itib-batmayıb. Təkrarlanan dünyamızda ataların müqəddəs əməllərini övladlar davam etdirərək, ata nəsihətinə sadiqlik nümayiş etdiriblər. Bu isə, tarixin ən şərəfli məqamlarında həkk olunur. Necə ki, 30 illik işğal dövründən sonra məğlubedilməz Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə torpaqlarımız düşmən tapdağından azad edildi. 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində cəmi 44 günə doğma Qarabağımız, Şuşamız öz azadlığına qovuşdu. Narahat ruhların pərvazlandığı Cıdır düzündə Molla Pənah Vaqifin də ruhu rahatlıq tapdı.

Qələbədən sonra Prezident İlham Əliyev ilk dəfə Şuşaya 2021-ci il məhz yanvarın 14-də gəldi. Bu tarix heç də təsadüfi xarakter daşımırdı, səfərin böyük siyasi-mənəvi əhəmiyyəti, rəmzi mənası var idi. 39 il qabaq açılış mərasimi olan Molla Pənah Vaqifin məqbərə-kompleksinə ziyarət idi. Dövlət başçısı bəhs olunan səfər zamanı Vaqifin məqbərəsinin bərpa edilməsi barədə göstəriş verdi. Dağıdılmış məqbərənin qarşısında həmin gün çıxış edən Prezident İlham Əliyev demişdi: "Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl - 1982-ci il yanvarın 14-də açılışı olmuşdur. Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlar da var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü ulu öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı".

Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı 2021-ci il 29 avqust tarixində oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak etdilər. Azərbaycan Prezidenti çıxışı zamanı "Vaqif Poeziya Günləri bərpa ediləcək. Mən artıq göstəriş vermişəm, bu il keçiriləcək", - deyə bildirmişdi. 2021-ci il avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olundu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak etdilər. Dövlət başçısı açılış mərasimində çıxışı zamanı "1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır".

Müqəddəs ruhların rahatlıq tapdığı, vicdanımızın dincəldiyi və ovqatımızın yüksəldiyi Şuşada hər il Vaqif Poeziya Günləri möhtəşəm məqbərə-kompleksinin qarşısında böyük coşqu ilə keçirilir. Bu, bizim milli ləyaqət, qürur və qəhrəmanlığımızın göstəricisidir.

Ramidə YAQUBQIZI,

"Respublika".