Şüvəlanda şəhid və qazi övladları üçün yay düşərgəsi start götürüb
Sosial həyat

Şüvəlanda şəhid və qazi övladları üçün yay düşərgəsi start götürüb

Avqustun 22-də Azərbaycanın əksər rayonlarını təmsil edən qızların (100 nəfər) iştirakı ilə “Biz Birlikdə Güclüyük!” adlı yay düşərgəsi start götürüb. 

"Respublika" xəbər verir ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən yay düşərgəsində rayonlarda baş tutmuş tədbirlər zamanı öz fəallığı ilə seçilən uşaqlar, şəhid və qazi övladları iştirak edirlər.

Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Uşaq İstirahət Mərkəzində keçirilən açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva tədbir iştiraklarını salamlayıb, onlara xoş istirahətlər arzulayıb. Azərbaycanın müstəqillik dövründən bəri uşaqlara, xüsusilə də şəhid, qazi övladlarına hərtərəfli diqqətin göstərildiyini vurğulayan Aynur Sofiyeva qeyd edib ki, belə düşərgələrin təşkili uşaqları düzgün yola istiqamətləndirir, onların gələcəkdə şəxsiyyət kimi formalaşmalarında müstəsna rol oynayır.

Yay düşərgəsi qızların asudə vaxtının səmərəli təşkili, ictimai fəallığın artırılması, eləcə də liderlik keyfiyyətlərinin formalaşmasına dəstək məqsədi daşıyır.

Qeyd edək ki, 10 gün davam edəcək düşərgədə müxtəlif mövzularda təlim, ekskursiya və əyləncəli oyunlar keçiriləcək. Bununla yanaşı, düşərgə iştirakçılarının Azərbaycanın tanınmış, öz fəaliyyətində nailiyyətlər əldə etmiş simaları ilə görüşləri təşkil olunacaq.