Şvabenin “BBC Azərbaycan
Siyasət

Şvabenin “BBC Azərbaycan"a müsahibəsi: Nə yardan doyur, nə də əldən qoyur

AŞPA-nın Azərbaycana qarşı yürütdüyü qərəzli siyasət son dövrlər özünü daha aktiv şəkildə büruzə verir. Qurumun son iclasında alman əsilli deputat Frank Şvabenin Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi barədə irəli sürdüyü təklifi ölkəmizin uğurunu qəbullana bilməyənlərin sırasına Almaniyanın da daxil olduğunu göstərdi.

Ümumiyyətlə, Şvabe hər zaman erməni lobbisinin maraqlarının müdafiəçisi qismində çıxış edir. Ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasında xüsusi fəallıq nümayiş etdirən bu şəxsin "BBC Azərbaycana verdiyi müsahibəsi onun iç üzünü bir daha bütün dünyaya göstərdi. Şvabenin müsahibəsi deputatın insan haqları, ölkələrin ərazi bütövlüyü, işğalçı ilə işğala məruz qalan arasında heç bir fərq qoymadığını təsdiqlədi. Belə ki, Şvabe AŞPA-nın demokratik qurum olduğunu, insan hüquqlarına böyük önəm verdiyini iddia edib. O zaman belə bir sual ortaya çıxır: keçmişdə Avropanın ən böyük deportasiya və köçkün probleminə səbəb olan Ermənistana nə üçün heç bir xəbərdarlıq edilməyib? Niyə, bu gün qurum işğalçı dövləti müdafiə edir, öz ərazi bütövlüyünü bərpa edən ölkəmiz hansı səbəbə görə sanksiyalara məruz qalır?

Postsovet məkanında separatizmə son qoyan ölkə kimi adını tarixə yazan Azərbaycanın yürütdüyü müstəqil siyasət AŞPA və onun üzvlərini ciddi şəkildə narahat edir. Hətta onlar bu narahatlıqlarını gizlətmək üçün guya dövlətimizdəki vəziyyətin müsbətə doğru dəyişməsinə çalışdıqlarını iddia edirlər. Görünür, Şvabe başda olmaqla bütövlükdə qurumun Azərbaycandakı vəziyyətdən xəbəri yoxdur. Çünki bu gün nüfuzlu beynəlxalq təşkilatların əksəriyyəti dəfələrlə ölkəmizdə hər sahədə müsbət dəyişikliklərin olduğunu diqqətə çatdırıblar. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri də bu vəziyyətə öz töhfəsini verəcək. F.Şvabenin müsahibəsində daha bir fakt ortaya çıxdı ki, ölkəmizin seçkilərə AŞPA missiyasını çağırmaması ona xeyli təsir edib. Əslində, Bakının bu addımı təəccüb doğurmamalıdır. Azərbaycanın onun ərazi bütövlüyünün bərpasını qəbullana bilməyən, ona qarşı çıxan bir təşkilata ehtiyacı yoxdur. Qurumun qərəzli mövqeyini bundan əvvəl də görmək mümkün idi. Ötən il 23 aprel tarixində Azərbaycan Respublikası tərəfindən dövlətimizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra AŞPA və bir sıra Qərb təşkilatlarının qısqanclığı özünü bir daha büruzə verdi. Onlar Azərbaycandan məntəqənin ləğvini, başqa sözlə desək, Ermənistandan ölkəmizin ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, həmçinin digər hərbi təyinatlı vasitələrin daşınmasının gözardı edilməsini istədilər. Almaniyalı deputat F.Şvabe müsahibəsində iddia etdi ki, guya AŞPA-nın atdığı bütün addımlar BMT-nin qətnamələrinə uyğundur. O həmçinin söylədi ki, hələ Azərbaycan-Ermənistan münaqişəsinin mövcudluğu dövründə Qarabağ iqtisadi rayonunun Azərbaycanın tərkib hissəsi olduğu hər kəsə aydın idi. Amma qurum ərazi münaqişələri ilə "məşğul olan təşkilat olmadığına görə" məsələyə baxılmadı. Şvabe qeyd edib ki, bu cür məsələlərlə məşğul olan digər təşkilatlar fəaliyyət göstərir. Yəni Avropa Şurasının bu münaqişəyə qarışması düzgün deyildi: "Biz hər hansı ərazinin hansısa ölkəyə məxsus olub-olmadığı barədə müzakirə aparmırıq. Biz insan haqları üzrə monitorinqlər aparırıq. Əlbəttə ki, biz Ermənistanda insan haqlarının vəziyyəti barədə də danışırıq və hesabatlar hazırlayırıq". Əslində, Şvabenin ikiüzlülüyü fonunda AŞPA özünü bir daha ifşa etdi. Çünki əgər həqiqət, doğrudan da Frank Şvabenin söylədiyi kimi olsaydı, qurum Azərbaycanın daxili işlərinə qarışmağa çalışmazdı.

Şvabenin fikirlərində diqqətçəkən daha bir məqam isə onun azərbaycanlı qaçqınlarla bağlı səsləndirdiyi fikirlərdir. O bildirib ki, onlar çox çətin şəraitdə yaşayıblar. Hətta Şvabe həmin qaçqınlarla görüşdüyünü də iddia edib. Frank Şvabe öz ənənəsinə uyğun olaraq dərhal Qarabağın erməni sakinləri barədə də fikirlər səsləndirib. Məşhur atalar sözündə deyildiyi kimi: Şvabe nə yardan doyur, nə də əldən qoyur…

Əslində, alman əsilli deputat çox yaxşı bilir ki, ölkəmiz Qarabağdakı erməni əhalini bu əraziləri tərk etməyə məcbur etməyib, onlar Qarabağdan könüllü şəkildə gediblər. Rəsmi Bakı dəfələrlə burada yaşayan erməni sakinlərinin Azərbaycan vətəndaşları olduqlarını və vətəndaşlığı qəbul etdikləri təqdirdə bütün hüquqlarından istifadə edə biləcəklərini açıqlayıb. Bütün bunlar bir daha Şvabenin sadəcə AŞPA-nın "təyinatlı oyuncağı" olduğunu söyləməyə əsas verir.

Nə Şvabe, nə də AŞPA kimi erməni xislətinə qulluq edən qurumlar Azərbaycana ləkə yaxa bilməyəcəklər. Əksinə, vaxt gələcək, onlar öz qazdıqları quyuya özləri düşəcəklər. Ölkəmizin AŞPA-dakı fəaliyyətini dayandırması bunu bir daha sübut edir.

Nəzrin ELDARQIZI,

"Respublika".