Tahir Bağırov
Sosial həyat

Tahir Bağırov

İstər Birinci Qarabağ, istərsə də Vətən müharibəsində igid oğullarımızın qəhrəmanlıq  və rəşadəti xalqımızın qəlbində əbədi bir məşələ çevrilib. Doğma yurd yerlərimiz uğrunda yüzlərlə  vətənpərvər gənclərimiz canlarını fəda edib, şəhidlik zirvəsinə yüksəliblər. Belə qəhrəmanlardan biridir Tahir Bağırov. Yaşasaydı 65 yaşı tamam olacaqdı qəhrəmanımızın.

Bağırov Tahir Əminağa oğlu 14 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Krasnovodsk (indiki Türkmənbaşı) şəhərində anadan olub. 1967-ci ildə ailəsi ilə birlikdə Şirvan şəhərinə köçüb. 1972-ci ildə burada səkkizinci sinfi bitirərək təhsilini peşə məktəbində davam etdirir, həmin ildə sürücülük sənətinə yiyələnir. 1977-ci ildə Şirvan Şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılır. 1977-ci ilin may ayından 1979-cu ilin sentyabr ayınadək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi başlayanda T.Bağırov da Azərbaycanın qeyrətli oğulları kimi könüllü olaraq ön cəbhəyə yollanır. Tahir Bağırov 1979-cu ildə atıcı taqımının komandiri kimi ordudan tərxis olunur. Ordudan tərxis olunduqdan sonra Azneft-1 istehsalat birliyində İES-də nəqliyyat sexində işləyir. Bir müddət Qazaxıstanda yaşadıqdan sonra, 1987-ci ildə Bakıya köçür. Tahir 1988-ci ildən Milli Azadlıq Hərəkatında yaxından iştirak edir. O, bir müddət Xətai rayon istilik-enerji müəssisəsində sürücü işləyir. 1990-cı ildə 20 Yanvar faciəsi törədilən vaxt, yaralıların xilas edilməsində, onların təhlükəsiz yerlərə aparılmasında onun böyük xidməti olur.

Tahir 1992-ci ilin yanvarında könüllülər dəstəsinə yazılır. 1992-ci ilin 1 mart tarixində 843-cü hərbi hissənin komandirinin əmri ilə Tahir təlim komandirinin müavini, 2 ay təlim keçdikdən sonra 843 saylı hərbi hissədə Mİ-24 vertolyotuna bort atıcısı təyin olunur. Tahir Bağırov Xocalı faciəsi zamanı da dinc əhalinin və yaralıların daşınmasında böyük rəşadət göstərir. Onun sərrast atıcılıq qabiliyyəti sayəsində Füzuli, Ağdərə və Laçın rayonlarında saysız-hesabsız döyüş uçuşları zamanı bir neçə erməni  məhv edilir.

1992-ci il oktyabrın 11-də Laçının Səfiyan kəndi uğrunda gedən ağır döyüşdə mühasirəyə düşən əsgərlərimizi xilas edib geri dönərkən, onun vertolyotu erməni yaraqlıları tərəfindən vurulur. Bütün heyət həlak olur. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilir.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli Fərmanı ilə Bağırov Tahir Əminağa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Şirvan şəhərində yaşadığı küçəyə və 11 saylı məktəbə, Xətai rayon Həzi Aslanov qəsəbəsindəki 59 saylı orta məktəbə onun adı verilmiş, büstü qoyulmuşdur. Suraxanı rayonunun Əmircan qəsəbəsindəki küçələrin biri də Qəhrəmanın adını daşıyır.

Milli Qəhrəmanın həyat yoldaşı Leyla Bağırova  o illəri belə xatırlayır: "Qonşular könüllü olaraq müharibəyə yazılırdı. Tahir də gedib yazıldı. 3 ay Zabratda təlim keçdi. 1991-ci ilin 24 dekabrında oğlumuz dünyaya gəldi, az sonra - 1992-ci il yanvarın 1-də Tahir müharibəyə yollandı. Sonuncu uçuşda yerinə başqa biri olmalıydı, ancaq həmin adam xəstələndiyindən  yerinə Tahir gedib. Bəlkə də qismət bu idi, əcəl Tahiri almağa hazır dayanıbmış".

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuz işğal altında olan torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Bu gün Tahirin uğrunda şəhid olduğu torpaqlar öz sahibinə qovuşub. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi.

Tahir Bağırovun əziz xatirəsi  xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Müşfiq MİRZƏ,

"Respublika".