Tallində anım tədbiri
Diaspora

Tallində anım tədbiri

Estoniyanın paytaxtı Tallində yerləşən İşğal və Azadlıq Muzeyində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Azərbaycanın Estoniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, anım tədbirində hər iki ölkənin parlamentinin deputatları, Türkiyə, Qazaxıstan, Moldova, Çin, Braziliya və Şimali Makedoniyanın bu ölkədəki səfirləri, həmçinin digər diplomatik nümayəndəliklərin təmsilçiləri, ictimai xadimlər, elm adamları, diaspor nümayəndələri və gənc fəallar iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən səfir Anar Məhərrəmov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Xocalı şəhərində yaşayan dinc və günahsız azərbaycanlılara qarşı xüsusi amansızlıqla hərbi cinayət törətdiyi barədə ətraflı məlumat verib. Diplomat bildirib ki, erməni quldur dəstələrinin Xocalıya hücumu zamanı 600-dən çox dinc sakin, o cümlədən çox sayda uşaq, qadın və qoca amansızcasına qətlə yetirilib. Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu qeyd edən səfir bu hadisələrin erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirtdiyi etnik təmizləmə və soyqırımı siyasətinin göstəricisi olduğunu vurğulayıb.

Hər il dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların Xocalı soyqırımı şəhidlərinin xatirəsini yad etmək üçün bir araya gəldikləri və əlamətdar hal olaraq, bu il anım tədbirinin Azərbaycanın bütün suveren ərazilərində, eyni zamanda, işğaldan azad edilmiş Xocalıda da keçirildiyi xüsusi qeyd olunub.

Vurğulanıb ki, bəşəriyyətə qarşı törədilən bu dəhşətli cinayət cəzasız qalmamalı və dünya ictimaiyyəti tərəfindən pislənməlidir. Bir çox ölkələr tərəfindən artıq dövlət və ya parlament səviyyəsində Xocalı faciəsinin soyqırımı kimi tanındığı, bu qanlı cinayətin pislənildiyi iştirakçıların diqqətinə çatdırılıb. Bu baxımdan Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən bu soyqırımını qınayan bəyanatın hər il qəbul edilməsinin önəmi vurğulanıb.

2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının artıq ədalət zəfəri çaldığı xüsusi qeyd edilib.

Bu qanlı terror aktının törədilməsindən 30 ildən çox vaxt keçdikdən sonra Xocalı şəhərinin artıq işğaldan azad olunaraq yenidən bərpa edildiyi, dirçəldiyi diqqətə çatdırılıb.

Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri xanım Riina Solman Xocalıda törədilmiş bu qətliamın insanlığa qarşı qanlı cinayət kimi qiymətləndirib, Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı dostluq qrupu tərəfindən qəbul edilən bəyanatın vacibliyini və önəmini vurğulayaraq bəyanatın mətnini oxuyub.

Estoniya ilə Azərbaycan arasında siyasi müstəvidə mövcud olan münasibətləri yüksək qiymətləndirən Riina Solman bu günlərdə Estoniya Prezidenti Alar Karisin seçkilərdə inamlı qələbə qazanması münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunu bunun bariz nümunəsi olduğunu bildirib.

Azərbaycan-Estoniya parlamentlərarası dostluq qrupunun sədri, deputat Jalə Əhmədova çıxışında qeyd edib ki, insanlığa, bəşəriyyətə qarşı törədilmiş Xocalı faciəsi dünya tarixində görünməmiş soyqırımı aktıdır. Bütün dünya ölkələri bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına deyil, həm də bütün bəşəriyyətə qarşı həyata keçirilib və soyqırımın günahkarları beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Bu xüsusda o, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən qəbul edilmiş bu soyqırımı aktını pisləyən bəyanatı yüksək qiymətləndirib, bunu "Xocalıya ədalət!" kampaniyası çərçivəsində beynəlxalq müstəvidə həyata keçirilən tədbirlərin davamı kimi səciyyələndirib.

Qeyd olunub ki, Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq və həmin faciə azərbaycanlıların yaddaşında əbədi olaraq qalacaq.

Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş "Xocalı soyqırımı" sənədli filmi və Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi nümayiş olunub.

Həmçinin Xocalı soyqırımı haqqında Heydər Əliyev Fondu tərəfindən hazırlanmış broşürlər, nişanlar və kitablar tədbir iştirakçılarına paylanılıb.