Tarix və hadisələr
Tarix

Tarix və hadisələr

1993 -cü il iyunun 17-dən 18-nə keçən gecə Əbülfəz Elçibəy qəflətən, dövlət orqanlarının rəhbərlərinə xəbər vermədən Bakı şəhərini tərk etmişdir. Eks-prezidentin Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndinə getməsi haqda xəbər isə bir neçə gün sonra rəsmiləşmişdi. Bu hərəkət ölkədə hakimiyyət böhranını daha da ağırlaşdırmışdı. İyunun 18-də televiziya ilə ölkə əhalisinə müraciət edən Ali Sovetin sədri Heydər Əliyev respublikaya rəhbərliyi öz üzərinə götürməyə məcbur olmuşdu.

Ümummilli Liderimiz 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş və dörd aya yaxın bu vəzifədə çalışmışdır. Heydər Əliyevin Azərbaycan parlamentinə rəhbərlik etməsi ölkəmizin qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırdı. Parlament ölkədə baş verən mürəkkəb və ziddiyyətli ictimai-siyasi hadisələrin açıq və demokratik şəraitdə müzakirə edildiyi real hakimiyyət orqanına çevrildi. Ulu Öndərin sədrliyi dövründə parlamentin 20 iclası keçirilmiş, ölkənin ictimai-siyasi həyatı üçün son dərəcə böyük önəm daşıyan 96 qanun və qərar qəbul edilmişdir.

1993-cü il iyunun 17-dən 18-nə keçən gecə ovaxtkı dövlət başçısı Əbülfəz Elçibəyin müəmmalı şəkildə Bakını tərk etməsini, o dövrdə baş verənləri bir daha xatırlayaq. Belə ki, 1993-cü il iyunun 4-də Gəncədə Müdafiə Nazirliyinə tabe olmayan hərbi hissə siyasi hakimiyyətə qiyam qaldırdı. Sabiq korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qiyam siyasi hakimiyyətin dəyişməsi ilə nəticələndi: baş nazir Pənah Hüseyn, parlamentin sədri İsa Qəmbər istefa verdilər, Heydər Əliyev Ali Sovetin sədri seçildi, ardınca prezident Əbülfəz Elçibəy Bakını tərk etdi. Həmin gündən Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndində yaşayan Əbülfəz Elçibəy Azərbaycan dövlətinin başçısı kimi fəaliyyətini həlledici dərəcədə məhdudlaşdırmış, respublikanın dövlət idarəetmə orqanları ilə faktiki olaraq əlaqəsini kəsmiş və ali icra hakimiyyəti funksiyalarının yerinə yetirilməsindən özünü kənarlaşdırmışdı. Bu səbəbdən o, Azərbaycan Respublikasının prezidenti vəzifələrini daha icra edə bilmirdi. Hadisələrin bu səmtdəki inkişafı, habelə mövcud şəraitdə respublika həyatının mühüm sahələrini əhatə edən dövlət idarəetmə orqanları rəhbərlərinin olmaması Azərbaycan dövlətçiliyini təhlükə qarşısında qoymuş, dövlət hakimiyyət qurumlarının və idarəetmə sisteminin dağılmasına gətirib çıxarmışdı. Respublikamızın bölgələrində yaranmış hakimiyyət boşluğu nəticəsində müxtəlif cinayətkar qruplar fəallaşaraq ağır cinayətlər, xüsusilə də qətllər, qarətlər, ictimai təhlükəsi yüksək olan bir sıra əməllər törədirdilər. Vəziyyətin bu cür kəskinləşməsi Azərbaycanın fəlakətinə, dövlətçiliyimizin süqutuna səbəb ola bilərdi.

Yaranmış vəziyyət respublikadakı durumun sabitləşdirilməsinə, gərginliyin aradan qaldırılmasına, dövlətçiliyin möhkəmləndirilməsinə, qanunçuluğun bərpasına, bütün qüvvələrin xarici təcavüzə qarşı səfərbər edilməsinə yönəldilmiş qəti və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edirdi. Ulu Öndər böyük çətinlik qarşısında qalmasına baxmayaraq, təmkinlə, beynəlxalq hüquq normalarına və Konstitusiyaya uyğun hərəkət edərək respublikada vəziyyətin normallaşdırılması istiqamətində bir sıra addımlar atdı, Əbülfəz Elçibəyin Bakıya qayıtması üçün böyük səylər göstərdi. Lakin heç bir vəchlə onun qayıdışı baş tutmadı, belə vəziyyətdə Milli Məclisin 15-16 iyun tarixli iclaslarında deputatlar Əbülfəz Elçibəyə etimadsızlıq göstərilməsi haqqında məsələ qaldırdılar. İyun ayının 23-də Prezident öz səlahiyyətlərinin əksər hissəsinin Ali Sovetin Sədrinə verilməsi barədə fərman imzaladı. Lakin iyun ayının 24-də Milli Məclis Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin bütün səlahiyyətlərinin Ali Sovetin Sədrinə verilməsi haqqında qərar qəbul etdi. Bu tarixi qərar artıq hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. 1993-cü ilin iyun hadisələri Azərbaycan tarixinə ən qalmaqallı proses kimi düşüb. Məhz həmin hadisələrin məntiqi nəticəsi olaraq ölkəmiz xaosdan, xalqımız vətəndaş müharibəsindən qurtuldu.

Heydər Əliyev ən yüksək dövlət vəzifələrində çalışdığı otuz ildən artıq bir müddətdə Ümummilli Lider missiyasını iki dəfə öhdəsinə götürmüşdür. Hər ikisində də zamanın çağırışlarına düzgün qərarlar qəbul etməklə insanların ona bəslədiyi ümidləri doğrultmuşdur. Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təməlini yaratmış, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövləti qoruyub saxlamış və davamlı inkişaf yoluna çıxarmışdır. Bununla da Ümummilli Lider, böyük tarixi şəxsiyyətlərimizin dövlətçilik ənənələrini iyirminci yüzillikdə layiqincə davam etdirmiş, xalqımızın siyasi varlığını qoruyub saxlamış və xoşbəxt gələcəyinin möhkəm təməlini yaratmışdır. Heydər Əliyevin həyatı və fəaliyyəti doğma xalqına sədaqətlə xidmət etmək, onun yolunda hər cür çətinliklərə dözmək nümunəsinə çevrilmişdir.

Tarix və hadisələrin gedişatı da göstərdi ki, Heydər Əliyev 15 iyunda Milli Məclisin sədri seçilməsəydi, ölkə rəhbərliyinə gəlməsəydi Azərbaycanın üzləşdiyi uçurumdan geri dönüşü mümkün olmayacaqdı. Heydər Əliyev özü o dövrlə bağlı çıxışında bildirib ki, Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki həm Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan daxildəki qüvvələr güclü idi, həm də böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması bəzi xarici dairələri qane etmirdi. Ermənistanın Azərbaycana təcavüzü səbəbindən ölkənin zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxili hakimiyyət çəkişməsi nəticəsində 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri xalq bir ildən sonra hakimiyyətdən saldı. 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra, ilk növbədə ölkədə sabitliyi təmin etdi. Bundan sonra isə müstəqil, hüquqi-demokratik dövlət quruculuğuna başlanıldı. Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, cəmiyyətin demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi. Ölkəmiz tezliklə vahid Avropa ailəsinə qəbul edildi. Dünyanın tanınmış neft şirkətləri ilə "Əsrin müqaviləsi" və digər kontraktlar imzalandı, bütün sahələrdə islahatlar başlandı. Görkəmli dövlət xadimi, türk dünyasının ən nadir tarixi simalarından olan Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Həmin gün xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri haqqında demişdir: "Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Bu, sadəcə olaraq sözlər deyildir. Bu, reallıqdır, bu, həqiqətdir... Bu gün müasir Azərbaycan bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və özünü bütün istiqamətlərdə göstərir".

Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərarlar verəcək. Bu səbəbdən də bütün dünya azərbaycanlılarının milli iftixarı olan Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaq. Ümummilli Lider çıxışlarında deyirdi ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında, bugünkü və gələcək nəsillər qarşısında borcumuzdur. Ulu Öndərimizin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Dahi şəxsiyyətin arzusunu, vəsiyyətini onun layiqli varisi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olundu. Azərbaycanın rəşadətli Ordusu düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı, ərazi bütövlüyümüz təmin edildi. Dəmir yumruqla beli qırılan, başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu gün də Ulu Öndərin vəsiyyəti ilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, bərpa edilir.

Mustafa KAMAL,

"Respublika".