Tarixi Zəfərin qazanılmasında ölkəmizdə yaşayan hər bir xalqın dəyərli töhfəsi var                        
Sosial həyat

Tarixi Zəfərin qazanılmasında ölkəmizdə yaşayan hər bir xalqın dəyərli töhfəsi var                        

Xalqlar, millətlər və azsaylı toplumlar arasında milli, irqi və dini ayrı-seçkiliyə yol verməyən dövlətlər həmişə inkişafın yeni mərhələsinə qədəm qoyub, demokratik və humanistliyini, həmçinin dostluğun möhkəmlənməsində maraqlı olduğunu daim nümayiş etdiriblər.

Tarixin bütün dönəmlərində olduğu kimi, bu gün də məmləkətimiz çoxmillətli, çoxkonfensiyalı bir ölkə olaraq özünü təsdiqləyib. Yüzilliklər bir-birini əvəz etsə də, Azərbaycan xalqı öz humanist mövqeyindən geri çəkilməyib. Respublikamızda azsaylı xalqların hüquqları hər zaman qorunub və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün hər cür şərait yaradılıb.

Bu gün ölkəmizdə yaşayan hər bir xalqın nümayəndəsi özünü azad, xoşbəxt və qalib bir vətəndaş  kimi hiss edir.  Məhz bunun nəticəsidir ki, torpaqlarımızın azadlığı uğrunda  qeyri-azərbaycanlılar da örnək ola biləcək vətənpərvərlik, fədakarlıq nümayiş etdiriblər.  Döyüşərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Yuri Kovalyov, Yevgeni Karlov, Anatoli Davıdoviç, Ruslan Polovinko, Sergey Senyuşkin, axıska türk əsilli  İsgəndər Aznaurov, Mixail Slesaryov, milliyyətcə dağ yəhudisi olan Albert Aqarunovun adlarını qeyd etmək olar.

Azsaylı xalqlar dinindən, cinsindən, irqindən və milliyyətindən asılı olmayaraq, mehriban ailə, dost və qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirirlər.  Zaqatala-Qax rayonlarında yaşayan avarlar, ingiloylar, saxurlar, Qəbələdə  udilər, Quba və Bakıda yaşayan dağ yəhudiləri, tatlar, kürdlər, talışlar bu gün Azərbaycanın etnik xəritəsi ilə yanaşı, mədəniyyətini daha da zənginləşdirirlər.

Müstəqil Azərbaycanda bu gün çoxmillətli, çoxdinli bir məmləkət olaraq etnik və dini icmalar arasında möhkəm dözümlülük, tolerantlıq əlaqələri davam etdirilir, milli, irqi və dini ayrı-seçkiliyə yol verilmir. Ölkəmizdə bütün xalqların, millətlərin və azsaylı toplumların nümayəndələri vahid və mehriban bir ailə kimi yaşayır, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində dinc fəaliyyət göstərirlər. 44 günlük Vətən müharibəsində mərd oğullarımızın canı-qanı bahasına torpaqlarımız düşmən işğalından azad edildi. Bu tarixi Qələbənin əldə edilməsində ölkəmizdə yaşayan bütün xalqlar möhkəm birlik yaratdılar. Respublikamızda müxtəlif millətləri - ləzgiləri, yəhudiləri, talışları, saxurları və b. təmsil edən yüzlərlə gənc Azərbaycan Ordusu sıralarında işğalçıya qarşı azərbaycanlı, qarabağlı kimi mərd-mərdanə mübarizə apardı, düşmənlə cəsarətlə döyüşdü. Onların bu torpağa qəlbən bağlanması, hər birinin Azərbaycanı doğma Vətəni kimi sevməsi İkinci Qarabağ müharibəsində də bir daha öz təsdiqini tapdı. 

"...İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. Azərbaycanda yaşayan bütün etnik qruplar, bütün xalqlar Azərbaycan Bayrağı altında birləşib. Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var.  …Azərbaycanda yaşayan bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki biz hamımız bir amal uğrunda birləşmişik. Biz hamımız şəhidlər vermişik, qan tökmüşük. Erməni işğalçılara qarşı sinəmizi qabağa verib döyüşə getmişik. Bu birlik, bu həmrəylik və bu şanlı Zəfər tarixi Azərbaycanda yaşayan bütün xalqları daha da sıx birləşdirir və bu da əsas vəzifələrdən biri kimi qarşıya qoyulur". Bu fikirləri Prezident İlham Əliyev Milli Məclisdə  andiçmə mərasimində diqqətə çatdırıb.

Bəli, qazanılan möhtəşəm qələbə çiyin-çiyinə bir amal uğrunda birliyin, yumruq kimi birləşərək mübarizə aparmağın nəticəsi idi. Son dərəcə sarsılmaz və möhkəm olan bu birliyi, həmrəyliyi bütün dünya gördü. Müxtəlif dinlərin və etnik qrupların nümayəndələri müharibədə sinəsini gülləyə verib qəhrəmancasına vuruşaraq şəhid, qazi oldular. Azərbaycan ordusunda uzun illər motoatıcı diviziyanın komandiri kimi xidmət etmiş Cəbrayıl rayonunun Havuslu kəndinin alınmasında tabeliyində olan igidlərlə xüsusi qəhrəmanlıq göstərən, düşmənin xeyli texnikasını və lazımi sənədlərini qənimət götürən polkovnik-leytenant Babək Ramaldanov, canı, qanı ilə yaşadığı torpağa bağlı olan, Vətən müharibəsi başlayan kimi könüllü olaraq cəbhəyə yola düşən, döyüşlərin birində yaralansa da, müalicəsi bitər-bitməz yenidən cəbhəyə yollanan Nəcməddin Sarkayev, zabit yoldaşlarının onun haqqında "Goranboyun vuran ürəyi, vuran əli idi" dedikləri Harun Alqayev  müqəddəs torpaqlarımız uğrunda canlarından keçmişlər. 18 yaşlı axıska türkü Battal Bayraqdarov, milliyyətcə rus olan, "Bura mənim Vətənimdir" deyən  Denis Pronin-Əliyev məhz özlərinin Vətəni hesab etdiyi Azərbaycan üçün şərəflə vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişlər.

Azərbaycanda yaşayan hər bir kəs etnik və dini mənsubiyyətindən asılı olmayaraq, öz vətəni ilə fəxr edir.

M.CƏFƏROV,

"Respublika".