Təbiət və biz: Həmişəyaşıl zeytun ağacı
Region

Təbiət və biz: Həmişəyaşıl zeytun ağacı

“Boş torpaqlarda belə gözəl kompleks yaratmışıq. Burada tarix boyu heç nə bitmirdi, heç nə əkilmirdi. Amma biz hər yerdə xariqələr yaradırıq”.

Bu fikirləri noyabr ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunun Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyəti”nin regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışı zamanı bildirib.

Zirənin ilan mələyən, hətta tikan bitirməyən bomboz düzəngahında, 3 min hektar ərazidə yamyaşıl zeytun bağı salınıb.  Zavod  məhsul emalına başlayandan sonra ölkəmiz qiymətli zeytun yağını Türkiyədən,  Yunanıstandan,  İtaliyadan,  İspaniyadan,  digər yerlərdən idxal etməyəcək. İldə istehsal olunan 4 min ton yağın 2 min tonu daxili bazarlara göndəriləcək.

Məqsədimiz təzə salınan zavodun və zeytun bağının iqtisadi üstünlüklərindən söhbət açmaq deyil.  Bu hadisə sadəcə mənə tanış olan bu ağac barədə söz demək ehtiyacı yaratdı. Təxminən 4 il bundan əvvəl dostlarım mənə kiçik bir zeytun ağacı bağışladılar. Həyətin bir o qədər gözə dəyməyən yerində,  özü də könülsüz olaraq ağacı torpağa basdırdım.

Qulluğunda dayandım. Vaxtlı-vaxtında suyunu verib dibini bellədim. İlk iki ildə meyvəsindən əsər-əlamət olmadı, üçüncü ilində təkəm-seyrək gətirdi. Dördüncü ilində, yəni bu il gözümə inanmadım, üstündə ən azı bir vedrə bar var idi. İri zeytun dənəsi çox keçmədi ki, qara rəng aldı. Ağacı zeytun meyvəsindən konserv hazırlaya bilən tanışlara göstərmək istəyində oldum.  Həyətimdəki zeytun ağacını tanıdığım adamlardan birinə göstərdim. ”Cins ağacdır dedi, indi vaxtı keçib, gələn il ağacın barını toplayıb özüm ondan konserv hazırlayaram” dedi.  Elə orada irəli sürdüyü bir maraqlı təklif də mənə xeyli əhəmiyyətli göründü:

-Şirvanda on hektarlarla zeytun bağları var. Bu bağları yaraşıq, yaşıllıq xatirinə salıblar. Ağacların meyvəsinə fikir verən yoxdur. Hər il tonlarla zeytun çürüyüb yerə tökülür. Yaxşı olardı ki, regionlarda zeytun qəbulu məntəqələri yaradılsın. Məhsula qiymət qoyub adamlardan təhvil götürülsün.

Yaxşı təklifdir. Zirədə açılan yeni zavod istehsal gücünü artırdığı təqdirdə yəqin bu sayaq təkliflərə də diqqət yetiriləcək.

Ümumiyyətlə, zeytun barədə nə bilirik, onun insan orqanizminə, bir az geniş götürsək, insan həyatına faydası nədən ibarətdir?

 Öyrənirik  ki,  zeytun dünyanın subtropik ölkələrində çox qədimdən becərilən qiymətli bitkidir.  O,  hələ eramızdan 2500 il əvvəl qədim misirlilər tərəfindən becərilmiş, meyvələrindən və onun yağından bir sıra xəstəliklərə qarşı -revmatizm,  yanıq,  göz xəstəlikləri və s.  həmçinin ətirli ədviyyat kimi istifadə edilmişdir.

Zeytun hazırda da ən qiymətli yağlı bitki,  eləcə də bəzək bitkisi kimi dünyanın bir sıra subtropik ölkələrində geniş miqyasda becərilir.  

Azərbaycanda,  xüsusən Abşeronda zeytun becərilməsi çox gözəl nəticə verir.  Bu qiymətli bitki Abşeronun bağlarına,  parklarına,  Bakı şəhərinin küçələrinə xüsusi zinət verir,  onları yaşıl dona bürüyür.  Abşeronda yetişdirilən yüzlərcə ağac və kol bitkiləri arasında o,  öz görkəmilə də nəzəri cəlb edir.

Zeytunun istifadəsinə gəldikdə qeyd etmək lazımdır ki,  meyvələrini iki mərhələdə yığırlar: tam yetişməmiş,  tam yetişmiş.  Abşeronda zeytun meyvələrinin yığımı,  adətən oktyabr ayından başlanır.

Birinci mərhələdə,  yəni tam yetişməmiş vaxt yığılan meyvələrdən yeyinti sənayesində konserv məmulatı hazırlanır.  Yetişən vaxtda yığılan meyvələr duza qoyulur.  Zeytunun tam yetişmiş meyvələrindən tibbi məqsəd üçün əla keyfiyyətli zeytun yağı alınır ki,  bu yağdan bir sıra dərman preparatlarının hazırlamasında geniş istifadə edilir.  Bundan başqa, meyvələrindən yeyinti sənayesində qiymətli qida məhsulları hazırlamaq üçün də istifadə olunur.

Dünyada elə ölkələr var ki,  onlarda milyonlarla hektar sahədə bu qiymətli bitki becərilir. İspaniya və İtaliyada 2 milyon hektar,  Türkiyədə 1 milyon hektardan çox zeytun əkilən sahə var.  Qida yağları içərisində ən faydalı yağ zeytun yağıdır. Azərbaycanda yetişdirilən zeytunun digər ölkələrdə,  məsələn,  Aralıq dənizi sahillərində bitən zeytundan fərqləndirən xüsusiyyət ondan ibarətdir ki,  məhsullarımızın yağlılığı daha çoxdur.  

Bərdə,  Ağdam,  Ağcabədi,  Füzulidə zeytun tarixən olub.  Bu gün Bərdənin mərkəzində yaşı min illərlə ölçülən zeytun ağacları var.  Tarixən yurdumuzda gedən müharibələr nəticəsində bu ağaclar qırılıb,  məhv edilib.

Oxuyuruq ki, zeytun çəyirdəyi çox güclü antioksidantdır.

Zeytun çəyirdəyi tərkibinə görə zeytun yağından daha zəngindir.  Onun ortasında kərə yağına bənzər təbəqə mineral və vitamin mənbəyidir.

Çox güclü antioksidant olan zeytun çəyirdəyi şiş xəstəliklərinin müalicə və profilaktikasında müsbət nəticə verir.

O, sözün əsl mənasında həyat mənbəyidir.

                                     Tofiq HÜSEYN,

                                    “Respublika”.