Təbii fəlakətlər - oxşar və fərqli münasibətlər
Digər xəbərlər

Təbii fəlakətlər - oxşar və fərqli münasibətlər

7 fevral 2019-cu il, Azərbaycan Şamaxı şəhəri

25 yanvar 2020-ci il, Türkiyə, Elazığ şəhəri

28 yanvar 2023-cü il, İran, Xoy şəhəri

Yerin altında gedən proseslər nəticəsində onun üst qatının müəyyən vaxt ərzində titrəməsi zəlzələ adlanır və dünyada bu təbii fəlakətdən heç bir dövlət sığortalı deyil.

Azərbaycanda da tarixən çox güclü zəlzələlər baş vermiş, təbii fəlakətlər nəticəsində minlərlə insan həyatını itirmiş, saysız-hesabsız tikililər dağılmışdır. Ölkəmizdə baş verən ən güclü zəlzələ 1667-ci ildə Şamaxı şəhərində qeydə alınmış, 6.9 bal gücündə baş verən təbii fəlakət 80 mindən çox insanın həyatına son qoymuşdur. Bundan 235 il sonra, 1902-ci ildə yenə də Şamaxıda 6.9 bal gücündə zəlzələ qeydə alınmışdır. 1139-cu ildə baş verən Gəncə zəlzələsi də dağıntının miqyasına  görə heç də Şamaxıdakı təbii fəlakətlərdən geri qalmır. Belə ki, 6.3 bal gücündə zəlzələ zamanı 230 mindən çox insanın həyatını itirdiyi məlumdur. Baş verən digər dəhşətli zəlzələlərdən biri yenə Şamaxıda 1859-cu ildə 5.9 bal gücündə qeydə alınmış, zəlzələ nəticəsində şəhər tamamilə dağılmışdır. Hətta deyilənə görə, el arasında işlədilən "Şamaxı batan kimi" ifadəsi də məhz bu zəlzələdən sonra yaranmışdır. 2000-ci ildə ölkəmizin ərazisində baş verən 6.8 bal gücündəki təbii fəlakət 30 nəfərin ölümü ilə nəticələnmişdir. Zəlzələ nəticəsində tikililər dağılaraq yararsız vəziyyətə düşmüşdür. 

Ölkəmizdə potensial güclü zəlzələ ocaqları zonaları mövcuddur. 2019-cu il 5 fevral tarixində yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda yerləşən Ağsu ərazisində 4.4 bal gücündə, yerin 10 km dərinliyində zəlzələ qeydə alınmış, zəlzələ nəticəsində bir çox tikili yerlə-yeksan olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələ baş verən ərazidə  zəlzələdən zərər çəkən tikililərlə maraqlanmış, sakinlərlə söhbət etmişdir. Ölkə başçımız həmçinin zərərçəkmiş ailələrin evində də olmuşdur. Onun sakinlərlə səmimi söhbəti bir daha Prezidentimizin istər çətin, istərsə də xoş gündə Azərbaycan xalqının yanında olduğunun sübutudur: "Təbii ki, belə hadisə baş verəndə mən mütləq burada, yanınızda olmalı idim ki, ilk növbədə, sizə öz dəstəyimi göstərim, digər tərəfdən, vəziyyətlə tanış olum. Dağıntılar var, xoşbəxtlikdən insan ölümü olmayıb. Onu da bildirməliyəm ki, bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək".  Dövlət başçısı, həmçinin bu sahədə komissiyanın yaradıldığını, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının hadisə yerində işlədiyini bildirib. Prezident bu vəziyyətdən əziyyət çəkən vətəndaşların məskunlaşması ilə bağlı məsələlərlə ciddi məşğul olmağın vacibliyini vurğulayıb. Təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən görülən tədbirlər nəticəsində zəlzələnin fəsadları aradan qaldırılmışdır. Bərpa işlərinin həyata keçirilməsində dövlət başçısının imzaladığı müvafiq Sərəncam və Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait xüsusi əhəmiyyət kəsb etmişdir.  Zəlzələdən sonra Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin nümayəndələri təbii fəlakətdən zərərçəkmiş ərazilərdə olmuş, yeraltı təkanların vurduğu fəsadları araşdıraraq sakinlərin müraciətlərinə baxılmışdır.

Dövlətimizin təbii fəlakətlərə qarşı hazırlıqlı olması, istənilən bölgəmizə humanitar yardımın göndərilməsinin təmin edilməsi və yardım zamanı heç bir etnik ayrı-seçkiliyə yol verilməməsi cənub qonşumuz üçün örnək olmalı idi. Lakin İranın Xoy şəhərində 2023-cü il yanvarın 28-də baş vermiş  5,9 bal gücündə zəlzələnin fəsadları hələ də aradan qaldırılmayıb. Təbii fəlakət nəticəsində  təxminən 3 nəfər həlak olub, 800-dən çox insan xəsarət alıb. Buna baxmayaraq, əhalisinin əksəriyyətinin soydaşlarımızdan ibarət olduğu İranın şimal-qərbində aidiyyəti qurumların məsələyə laqeyd yanaşması hələ də davam edir. Xəstəxanalardakı dərman çatışmazlığı və tibbi yardım heyətinin əraziyə cəlb olunmaması yerli əhalini çıxılmaz hala salıb. "Telefon zənglərimizə cavab verən yoxdur, hətta bir ədəd çadır da vermirlər", - deyə yerli mediayaya səslənən həmvətənlilərimizin vəziyyəti gün keçdikcə daha da ağırlaşır. Ərzaq yardımı, geyim və çadır kimi təməl ehtiyacların qarşılanmaması isə təbii fəlakət qədər ağırdır. Əraziyə heç bir humanitar yardım göndərməyən molla rejiminin Cənubi azərbaycanlılara qarşı irqi ayrı-seçkilik göstərməsi öz kirli daxilinin  təzahürüdür. Həmvətənlilərimizə yardım etməməkdən əlavə, bölgəyə digər dövlətlərin humanitar yardımlarını da əngəlləməsi, əhalini öz taleyi ilə başbaşa buraxması ərazidəki etnik təmizləmə siyasətinin göstəricisidir. Ərazinin təbii fəlakətdən öncə də yararsız vəziyyətdə olması, eləcə də, bu ərazilərdə yenidənqurma və bərpa işlərinin aparılmaması da bu kinli siyasəti təsdiqləyir. Soyuq keçən hava şəraitində körpələrin, xəstələrin və qocaların əziyyət çəkməsi isə İran hökuməti üçün heç bir məna ifadə etmir. Xoy şəhərindəki əhalinin bir qismi şəhərdən çıxmağa çalışır. Bölgədəki azərbaycanlıları öz kirli siyasəti üçün qurban verməkdən çəkinməyən İran rejimi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur.

Xatırladaq ki, 2020-ci il yanvarın 24-də qardaş Türkiyənin Elazığ şəhərində baş verən güclü zəlzələnin səhəri günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsində olub. Türkiyənin dövlət başçısı zəlzələdən zərər çəkən tikililərə baxış keçirib, aparılan axtarış-xilasetmə işlərinin gedişatı ilə tanış olub, hadisə zamanı həlak olan ana və onun 9 yaşlı oğlunun yas mərasimində iştirak edib.

Dövlətimizin Türkiyə ilə dostluq, qardaşlıq münasibətləri xoş gündə olduğu kimi, çətin gündə də özünü göstərir. 2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində 7,7 bal gücündə baş verən  və zəlzələ nəticəsində ətraf bölgələrdəki tələfatla bağlı Azərbaycanın Türkiyədəki səfirliyində operativ qərargah yaradılmışdır. Qərargah İstanbul və Qarsdakı baş konsulluqlarla koordinasiyalı olaraq fəaliyyət göstərir və Türkiyənin Daxili İşlər Nazirliyi, AFAD və digər əlaqəli qurumları ilə birgə işini davam etdirir. Hadisə ilə bağlı zərər çəkən azərbaycanlılar üçün "qaynar xətt" yaradılıb. Azərbaycandan Türkiyəyə ilkin olaraq 420 nəfər xilasedici yola salınıb. Hadisə ilə bağlı dövlət başçımız qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır:  "Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. Allah rəhmət eləsin!".

Nurlan ABDALOV,

Nəzrin ELDARQIZI,

"Respublika".