Təəssübkeşlik xəstəliyinə düçar olanların ritorikası
Siyasət

Təəssübkeşlik xəstəliyinə düçar olanların ritorikası

“Crocus City Hall” da baş vermiş məlum terror hadisəsi bəşəri cinayətlər sırasındadır. Çox təəssüflər olsunlar ki, xüsusilə də, media platformasında reallıqdan kənar qərəzli məlumatların paylaşıldığını aydın şəkildə müşahidə etmək mümkündür. Heç şübhəsiz ki, belə qərəzli məlumatların tirajlanmasında Solovyov kimiləri hər zaman olduğu kimi yenə də ön cərgələrdə peyda olmağa başlayıblar. Ümumiyyətlə, jurnalist etikasından, qərəzsizlik və neytrallıq anlayışlarından xəbərsiz olan bu şəxsin ermənidən daha çox erməni olmağa çalışmasının arxa pərdəsinə nəzər yetirdikdə erməni lobbisinin külli miqdarda vəsaitlərinin xərcləndiyini ehtimal etmək çox da çətin deyil. Bu şəxs 44 günlük Vətən müharibəsindən bugünə qədər davamlı şəkildə anti-Azərbaycan çıxışları ilə “məzlum erməni” obrazı yaradaraq işğalçıdan diqqəti yayındırmaq missiyasını öz üzərinə götürüb. Ona görə də, hər fürsət Azərbaycana qarşı əsassız ittihamlar səsləndirən Solovyovu ermənilərin Rusiya mediasındakı “nümayəndəsi” adlandırsaq heç də mübaliğə etmiş olmarıq. Son zamanlarda Rusiya-Ermənistan münasibətlərində yaranmış gərginliklər fonunda o bir qədər “çəkingən” mövqe nümayiş etdirməyə çalışsa da, “Crocus City Hall”da baş vermiş hadisə onun üçün yeni bir “fürsətə” çevrilmiş oldu. Mövcud həssas şəraitdə əsassız ittihamlar səsləndirərək baş vermiş terror hadisəsində Azərbaycan izləri “axtarmağa” çalışan Solovyovun nifrət zəminində formalaşmış bu ritorikası artıq sərhədləri aşan riyakarlıq nümunəsi olaraq da xarakterizə oluna bilər. Digər tərəfdən isə belə riyakarlıq nümunələri kifayət qədər yüksələn xətlə inkişaf edən Azərbaycan-Rusiya əlaqələrini də hədəf almaqdadır. Nəticə etibarilə, Solovyovun və onun kimilərin anti-Azərbaycan ritorikasının kulminasiya nöqtəsi olan bu absurd iddialara rəsmi Kremlin müdaxilə edərək münasibət bildirməsi qaçınılmaz ola bilər. Çünki bu heç bir halda media azadlığı adı altında diqqətin yayındırıla biləcəyi vəziyyət deyil. Rusiya-Azərbaycan münasibətlərini hədəf alan bu çıxışların arxasında dayanan qüvvələr kimdir? Suallar çoxdur, amma konkret olan bir məqam var ki, bugünlərdə “erməniçilik” xəstəliyinə düçar olanların heç biri anti-Azərbaycan çıxışları ilə mövcud reallıqları dəyişmək iqtidarında deyillər. Biz Solovyovun “hamilik” etdiyi ermənilərdən fərqli olaraq hər zaman terrora qarşı mübarizədə ön sıralarda olmuşuq və günahsız insanların həyatını itirdiyi “Crocus City Hall” terror hadisəsinin günahkarlarının layiqli cəzalarını alacağına da inanırıq.

 

Aytən QURBANOVA,

  Politoloq.