Türkiyə xalqının öz dövlətinə sədaqəti
Türk dünyası

Türkiyə xalqının öz dövlətinə sədaqəti

15 iyul 2016-cı il tarixdə dövlət çevrilişinə cəhdin qarşısının alınması ilə bu, bir daha təsdiqini tapdı

Türkiyə dövləti və xalqı zaman-zaman tarixin müxtəlif illərində çətin sınaqlar qarşısında imtahan vermək məcburiyyətində qalıb. Əsrlər boyu öz qüdrətilə dünyada şöhrət qazanan türk qardaşlarımız Vətən, torpaq, din naminə canlarını qurban verərək bugünkü güclü Türkiyəni çiyinləri üzərində XXI əsrə qədər gətirməyə müvəffəq olublar.

Yadelli basqınlarla qardaş ölkənin sarsılmadığını görən xarici güclər, başqa bir planla terror qruplaşmalarının fəaliyyətinə dəstək verərək, ölkəni daxildən parçalamağa cəhd göstəriblər. Bu səbəbdən neçə illlərdir ki, PKK, PDY, YPG və FETÖ kimi qruplaşmalar uzun illərdir terrorçuluq fəaliyyəti ilə məşğul olaraq günahsız insanların ölümünə səbəb olublar. Türkiyə dövlətinin qarşısında duran əsas problemdən biri də "Darbe" adlandırılan dövlət çevrilişinə cəhd hallarının təkrarlanmasıdır. 1962, 1963, 1969 və 1971-də baş verən dövlət çevrilişlərinin ardınca 2016-cı il iyulun 15-də FETÖ terror təşkilatına mənsub olan bir qrup hərbçilər Türkiyə Cümhuriyyətində dövlətin hərbi çevriliş yolu ilə ələ keçirilməsinə cəhd göstərdilər. İyulun 15-dən 16-na keçən gecə baş vermiş qanlı hadisələr türk xalqının milli birliyi və iradəsi sayəsində alınmasaydı yəqin ki, bu gün regionumuzda və Yaxın Şərqdə hadisələr ayrı cür cərəyan edərdi. Lakin həmin gecə qəhrəman Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışına cavab verib onun ətrafında sıx birləşdi və dövlət çevrilişi cəhdinin qarşısını aldı. Qardaş ölkədə baş verən bu hadisələr və Rəcəb Tayyib Ərdoğanın xalqına etdiyi müraciət bizə 90-cı illərin Azərbaycanını xatırlatdı. Həmin illərdə də ölkəmizin daxilində separatizm meyilləri olduqca güclü idi və bir neçə dəfə hakimiyyəti devirməyə səy göstərildi. Ancaq ümummilli lider Heydər Əliyevin siyasi səriştəsi, müdrikliyi və prinsipiallığı sayəsində bütün antimilli qüvvələr məhv edildi. Ulu öndər də hər zaman belə çətin məqamlarda tək müraciət ünvanını xalqda görür və yalnız öz millətinə arxalanırdı. Çünki yaxşı bilirdi ki, xalq ən böyük qüvvədir, o, kimi dəstəkləsə zəfər də, qələbə də ona məxsusdur.

Bu gün Türkiyədə dövlətin hərbi çevriliş yolu ilə ələ keçirilməsi cəhdindən 7 il ötür. Məlum olduğu kimi, 2016-cı il 15 iyul tarixində Türkiyə Silahlı Qüvvələrinin bir qrup üzvü qardaş ölkənin ən iri şəhərlərində-İstanbul və Ankarada dövlət çevrilişinə cəhd göstərdi. Bu xain işi planlaşdıranların məqsədi Türkiyədə hakimiyyəti təmsil edən iqtidarı devirmək idi. Hadisələr isə belə cərəyan edirdi. Əvvəlcə Özünü Yurdda Sülh Konseyi adlandıran FETÖ terror təşkilatı ilə əlaqəli olan bir qrup silahlı Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və dövlət kanalı olan TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan etdi. Daha sonra ölkənin əhəmiyyətli obyektləri qiyamçılar tərəfindən bombardman edildi. İlk olaraq Ankarada polis akademiyası partladıldı. Ardınca isə İstanbulda Atatürk Hava Limanı, Doğan Media Mərkəzi, TRT dövlət kanalı, hakim partiya olan AKP-nin Ankara qərargahı ələ keçirildi. Bununla da AKP hökumətinin fəaliyyət imkanları iflic edildi. Ən dəhşətli hadisələrdən biri də Türkiyə Böyük Millət Məclisinin havadan atəşə tutulması oldu. Hakimiyyəti devirməyi qarşılarına məqsəd qoyanların pozuculuq fəaliyyəti bununla bitmədi. Onlar həmin dövrdə Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi vəzifəsini icra edən Hulusi Akarı, bir sıra generalları, həmçinin prezidentin baş katibini də əsir aldılar. Qiyamçılar tərəfindən tanklarla ölkənin hava limanları, körpü və magistral yolları nəzarət altına alındı. İstanbuldakı Boğaziçi və Fatih Sultan Mehmet körpüsünün jandarma tərəfindən bağlanıldığı, TBMM başqanı İsmail Kahraman və təxmini 50-yə qədər millət vəkilinin məclisdə olduğu vaxtda F-16 döyüş təyyarələri məclis üzərində uçuş edərək parlamenti dörd dəfə bombaladı. Ankaranın Beştepe səmtində yerləşən Cümhurbaşkanlığı Sarayına bombalama cəhdi olsa da bunun qarşısı alındı. Həmin gün Muğlanın Marmaris bölgəsində bir oteldə olan Prezident Rəcəb Tayyib Ərdoğana qarşı suiqəsd planlaşdırılsa da bu, baş tutmadı. Hadisəyə dərhal reaksiya verən Prezident Rəcəb Tayyib Ərdoğan, CNN Türkdə FaceTime vasitəsilə dərhal xalqına müraciət edərək bildirdi ki: "Mən hazırda ölkəmin Ali Baş Komandanı olaraq bunu çox açıq şəkildə deyirəm, qurucusu olduğum partiyanın bütün üzvlərini, milli iradəsi olan cümhurun özünü, xüsusilə şəhərlərdə insanları meydanlara çağırıram. Bu çevrilişi edənlərə layiqli dərsi verəcəyik". Rəcəb Tayyib Ərdoğanın bu çıxışından sonra Türkiyə xalqı meydanlara çıxaraq terrorçuların dövləti devirmək planına qarşı bir yumruq altında birləşdi. Beləliklə, ölkənin bir çox yerlərində mitinqlər, aksiyalar təşkil edildi və xalq dövlətinin yanında olduğunu bəyan etdi. Artıq heç bir şansı olmadığını görən qiyamçılar təslim olmaqdan başqa çarə qalmadığını, xalqı məğlub etməyin mümkünsüz olduğunu anladılar. 16 iyul səhər çevriliş yatırıldı. Həmin gecə baş verən toqquşmalar zamanı 251 nəfər şəhid olub, 2196 nəfər isə yaralanıb.

7 il öncə baş verən hadisələr dost və qardaş ölkənin tarixində dövlətə və xalqa xəyanət cəhdi kimi yaddaşlarda qalsa da, həmin tarix Demokratiya və Milli Birlik Günü olaraq adlandırıldı. 15 iyul digər tərəfdən də bütün dünyaya türk xalqının birliyini, mərdliyini, cəsurluğunu göstərdi. İndi hər ilin bu günü şəhid olanlar Türkiyə dövləti və xalqı tərəfindən yad edilir. Çünki 7 il bundan əvvəl cəsur və igid qardaşlarımız canından keçmək bahasına da olsa hərbi çevrilişin həyata keçməsinə, ölkədə vətəndaş müharibəsinin başlamasına mane oldular.

Azərbaycan da öz növbəsində baş verən hadisələrə biganə qalmadı. İlk dəqiqələrdən etibarən Prezident İlham Əliyev qardaş ölkənin legitim hakimiyyətini açıq şəkildə dəstəklədiyini, Türkiyə dövlətinin və xalqının yanında olduğunu bəyan etdi.

Musa BAĞIRLI,

"Respublika".