Türk mədəni dəyərləri: fransızların ilham mənbəyi
Siyasət

Türk mədəni dəyərləri: fransızların ilham mənbəyi

Makron yaxşı dərs almayan pis öyrəncidir

Son vaxtlar Fransada xalqımızın mərd qızı, şairə və ictimai xadim Xan qızı Natəvana ucaldılmış heykələ qarşı edilmiş hörmətsizlik təkcə Azərbaycanda deyil, elə bu "mədəni" və "demokratik" ölkənin özündə də etirazla qarşılandı. Bununla bağlı Makrona ünvanlanmış çoxsaylı məktublarda hadisə vandallıq hərəkəti kimi dəyərləndirildi.

Ümumiyyətlə, fransızlar tarixdə səlib yürüşləri dönəmində oturaq xristian xalqlarının inkişaf etmiş türk-müsəlman dünyasına barbar basqınları ilə xatırlanır. Aborigen sakinlər üçün xaçpərəstlərin səlib yürüşləri, əslində birləşmiş katolik Qərbin Səlcuq, Qıpçaq (Məmlük) türklərinə qarşı apardığı dünya müharibəsi idi. Daxili çəkişmələr, iğtişaşlar səbəbindən parçalanmış Səlcuq türkləri on illər boyu vəhşi avropalıların basqınlarına qarşı mübarizə aparıb, işğal olunmuş ərazilərin çoxunu səlibçilərdən geri alıblar. XII əsrin sonunda Səlcuq ordusu üzərində hakimiyyəti ələ alan Səlahəddin Qüdsün ələ keçirilməsi məsələsini gündəmə gətirdi və təxminən yarım əsrdən sonra, 1250-ci il aprelin 6-da Əl-Mənsur döyüşündə Əyubi generalı Baybars Fransa kralı IX Lüdoviki əsir aldı. Bu acı hekayə isə min ildir ki, fransızların beynini zəhərləməkdədir. Tarixin yaddaşında qalmış daha bir acı fakt. Söhbət Anri Quronun Səlahəddinin məzarına tüpürərək onu təpikləməsindən gedir... Hüquqşünas Elxan Qarayevin bununla bağlı yazısında bu fakt da yer alıb. Müəllif qeyd edir ki, XX əsrdə ingilislərin köməyilə Osmanlı Türkiyəsini devirməyə çalışan bir sıra ərəb dövlətləri meydana gəldi ki, onlardan biri də I Feysəlin yaratdığı Suriya Ərəb Krallığı idi. Lakin bu krallığın hakimiyyəti uzun sürmədi, çünki fransızlar və ingilislər Feysəlin hakimiyyətinə suverenlik vəd etsələr də, əslində onlardan türklərin müqavimətini qırmaq üçün istifadə etdilər. 1920-ci il iyulun 24-də isə "Meysəlun dərəsindəki döyüş"də fransız generalı Anri Quro "Suriya krallığı"nın ordusunu darmadağın etdi. Həmin döyüşdən sonra fransız Quro Səlahəddinin məzarının üstünə gələrək onu təhqir edib demişdi: "Tarix ondan ibrət götürməyənləri təkrar və oxşar sınaqlara çəkir".

Bu baxımdan, Makronun da halına acımaq gərəkdir, çünki o da ibrət götürməyi bacarmır, yaxud yaxşı əməllərdən deyil, pis əməllərdən dərs götürür. Şairə Natəvanın heykəlinə vandallıq törədilməsinə rəvac verən Emmanuel elə Səlahəddinin məzarını təhqir edən Qurodan heç nə ilə fərqlənmir. Fərqlənsəydi Quronun özünün dediyi kimi, tarixdən ibrət götürərdi, çünki sağ ikən yumurta yağışına tutulan Makronun ölümündən sonra məzarının başına nələrin gələcəyini söyləmək çox da çətin deyil. Hər halda Fransa tarixində fransızlara bu qədər başıaşağılıq gətirən ikinci bir dövlət rəhbəri hələ ki yoxdur. Bunun haqq-hesabını isə fransız xalqı çəkməsə də, tarix özü çəkəcək...

Tarixdən danışmışkən onu da deyək ki, tarixin özündən, başqa-başqa xalqlardan nələrisə əxz etmək təbii prosesdir və əslində bir xalqın, dövlətin inkişafında müəyyən qədər rol oynayır. Ancaq o da şərtdir ki, öyrəndiklərini sonralar təkzib etməyəsən, ona başqa don geyindirməyəsən. Və bir də kimdən nə öyrəndiyini də söyləməyə, etiraf etməyə cəsarətin çata gərək...

Məsələn, tarix əsrlər boyu dünyaya özlərini mədəniyyətin beşiyi və yaradıcısı kimi təqdim edən fransızların özünün nə qədər yalançı olduğunu da faktlar əsasında açıb göstərir. Fransızlar tarixən Şərq mədəniyyətindən bəhrələniblər, hətta intibah dövründə onlar üçün türk mədəni dəyərləri əsl ilham mənbəyi olub. Osmanlı diplomatlarının avropalıları heyran qoyması da faktdır. Belə ki, 1607-ci ildə Fransaya göndərilən Osmanlı səfiri Parisin cənubundakı Fontenblo sarayına gələndə onun geyimi zadəganların marağına səbəb olmuş, bu hadisədən bir qədər sonra Osmanlı paltarı geyinmiş musiqiçilər fransız teatrlarında səhnəyə çıxmışdılar. Elə 1721-ci ildə də Osmanlı İmperatorluğunun səfiri və onun soydaşları Fransa kralının sarayında fərqli geyim və davranış tərzinə görə Parisdə böyük əks-səda doğurmuşdular.

Məşhur fransız rəssamları hər zaman öz əsərlərində şərq elementlərindən faydalanmağa çalışırdılar. Ömrünün 30 ilini İstanbulda keçirmiş Flamand rəssamı Jan-Batist Vam Mur (1671-1737) bu müddətdə ancaq türk səhnələrini canlandırıb. Parrosel və Van Zoo kimi rəssamların rəsmlərində türk motivləri güclü olub. Fransız zadəganları evlərini məhz bu ruhlu rəsmlərlə bəzəyirdilər. Parisin ən məşhur bağı olan Türk bağı o dövrün rəsm əsərlərinin daimi fonu olmuşdu.

Türklərin təkcə geyimləri deyil, həm də mətbəxi və sənət nümunələri də fransızlar tərəfindən çox sevilirdi. Türkiyəyə səyahət edən fransız ailələri özləri ilə gətirdikləri suvenirləri hətta Fransa kralına da hədiyyə edirdilər. Aksessuarlarla yanaşı, kətan parçalardan hazırlanmış geyimlər də fransızları özünə çox cəlb edir və onlar geyimlər içərisində ən populyar türban qadın geyimlərinə üstünlük verirdilər. XVIII əsr Avropasında Osmanlı paltarı geyinmək, türk üslubunda toy mərasimləri keçirmək, saray və qəsrləri türk xalçaları ilə bəzəmək, həyətlərdə lalə yetişdirmək, türk qəhvəsi və şərbəti içmək bir adət idi. Fransa tarixinin həmin dövrünü təsvir edən fransız diplomat Arbet xatirələrində yazırdı: "Paris İstanbulun rayonlarından birinə çevrilib". Müqayisəyə baxın!..

Fransızlar türk musiqisinin də heyranı idilər. Bir çox fransız bəstəkarı Osmanlı musiqisindən ilham alaraq öz əsərlərində şərq motivlərinə həvəslə yer verirdilər. Fransada keçirilən bal və bayramlarda türk musiqisindən sintez olunmuş əsərlər daha çox səslənirdi. Motsart, Haydn və Bethovenin əsərlərində türk üslubu aydın sezilir.

Bir sözlə, Fransa mədəniyyətində türk dəyərlərinin dərin izləri var. Bu ölkənin memarlığında da türk elementləri olan nümunələr çoxdur. Bütün bunların fonunda belə qənaətə gəlmək olur ki, Makron həm də pis öyrəncidir, çünki tarixini yaxşı bilmir. Bilsəydi, ondan ibrət götürərdi. Bu mənada, Emmanuelin çətin sınaqları hələ qarşıdadır...

Zümrüd QURBANQIZI,

"Respublika".