Türkiyə müdafiə sənayesinin əhəmiyyətli layihələri
Türk dünyası

Türkiyə müdafiə sənayesinin əhəmiyyətli layihələri

Türkiyə artıq milli gəmisini, tankını, radar aparatını, insansız hava vasitələrini, silahını özü düzəldir və kosmosa peykini göndərir.

Keçən il ölkədə müdafiə sənayesi sahəsində 850 fərqli layihə üzərində işlər aparılıb və ilin birinci yarısında 2 milyard 378 milyon ABŞ dolları həcmində gəlirlə ixracat rekordu yenilənib. Ümumilikdə isə 2023-cü ildə Türkiyə müdafiə sənayesi üzrə ixracatdan 5,5 milyard dollar gəlir əldə edib ki, bu da əvvəlki illə müqayisədə 27 faiz çoxdur. Ölkənin sahə üzrə gəlir rekordu 1,7 milyard dollarla "Baykar" şirkətinə məxsusdur. Türkiyənin ötən ildə ən çox ixracat edən müdafiə və aerokosmik sənaye şirkətlərinin siyahısının ilk beşliyində "Baykar"la yanaşı, Türk aerokosmik sənayesi (864 milyon dollar), Maşınqayırma və kimya sənayesi A.Ş. (439 milyon dollar), "TEI-TUSAS" (337 milyon dollar) və "BMC Power" (255 milyon dollar) yer alır.

İl ərzində ən çox ixrac olunan məhsullar arasında pilotsuz uçuş aparatları, zirehli avtomobillər, dəniz vasitələri, silah sistemləri kimi bir çox texnikalar var. Ölkədə bu il üçün müdafiə sənayesi sahəsi üzrə hədəflənən gəlir məbləği isə altı milyard dollardır.

Türk aerokosmik sənayesinin məhsullarının yerli və xarici istifadəçilərin inventarına daxil olması və əməliyyat şəraitində aktiv istifadə edilməsi, onun beynəlxalq bazarda daha yüksək mövqe qazanmasına şərait yaradıb. Bundan əlavə, yeni layihələrin mühüm mərhələlərinin müsbət nəticələrlə başa çatması ilə yerli istehsalçı şirkətlər dünya miqyasında daha çox tanınmağa başlayıblar.

Milli döyüş təyyarəsi "KAAN"ın ilk nümayişi, HÜRKUŞ təlim və tapşırıq təyyarələri, ANKA və AKSUNGUR pilotsuz uçuş sistemləri, təkmilləşdirilmiş yerli PUA və helikopterlərin ilk uğurlu uçuşu kimi mühüm irəliləyişlər dünya bazarının diqqətini çəkib. Texnoloji inkişaflara paralel olaraq məhsulların çeşidlərinin artırılması, müştəri təklifi əsasında dəyişikliklərin edilməsi və strateji tərəfdaşlıqların qurulması ixracın artmasına əhəmiyyətli dərəcədə təsir edən amillərdəndir. Orijinal məhsullarla yanaşı, modernləşdirmə imkanları, təklif olunan fərqli təlim proqramları, müştərilərlə sahə səfərlərinin artması, sınaq və qiymətləndirmə fəaliyyətləri, xarici universitetlərdə mübadilələri, "Mühəndis İnkişaf Proqramı"nın xarici müştərilərə təklif olunması da Türkiyənin sahə üzrə uğuruna töhfə verib. Bu məhsulların Türkiyə Silahlı Qüvvələri ilə yanaşı, ixrac olunan ölkələrdə də aparılan əməliyyatlarda effektiv nəticə verməsi, Türkiyənin diplomatik və ticari baxımdan aktiv olduğu bölgələrdə əlaqələrinin dərinləşdirilməsi də ixracın artmasını şərtləndirir.

Türkiyə müdafiə sənayesi üzrə son 10 ildə dünyanın müxtəlif coğrafiyalarında 170 ölkəyə 230 adda məhsul ixrac edib. Bununla yanaşı, ölkə aviasiya sənayesi üzrə dünyanın aparıcı istehsalçıları üçün təyyarə konstruksiyaları və avadanlıq hazırlayır, texniki və təmir xidmətləri göstərir.

Ölkənin müdafiə sənayesi bir çox yeniliklərin Türkiyənin yeni əsrinə hədiyyə olduğunu açıqlayıb. Onlardan biri də dünyada ilk dəfə pilotsuz uçuş aparatı hesab olunan "AKINCI" pilotsuz hücum uçuş aparatından atılan "ÇAKIR" adlı qanadlı raketdir.

Ötən ilin yenilikləri arasında dünyanın ilk hərbi pilotsuz gəmisi, eyni zamanda Türkiyənin ən böyük hərbi gəmisi olan "TCG Anadolu", "HÜRJET" hərbi təyyarəsi, "Bayraktar Kızılelma" reaktiv pilotsuz qırıcısı, "Bayraktar TB 3" zərbə PUA-sı, "ASELFLİR-500" elektro-optik bərpa, müşahidə və hədəf sistemi kimi müdafiə sənayesi məhsulları yer alıb. Yenilənən və kütləvi istehsal mərhələsinə keçən "Yeni Altay Tankı" da sınaq üçün artıq Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

Quru Qoşunları Komandanlığının ən əhəmiyyətli atəş dəstək elementlərindən biri olan Yeni Nəsil "Fırtına" haubitsasının tədarükləri davam edir. Öz sahəsində qabaqcıl şirkətlərlə əməkdaşlıqda hazırlanan insansız quru platforması "Kapgan" da sərgiləndikdən qısa müddət sonra sahəyə çıxaraq ilk dəfə atış sınağı edib.

Ağır sinfə aid hücum helikopteri "Atak-2" pilotsuz döyüş təyyarəsinin, "Anka-3"ün, Türkiyənin ilk reaktiv mühərrikli təlim təyyarəsi "Hürjet"in, ilk yerli və milli helikopter mühərriki olan TS1400 "Gökbey" helikopterinin uçuşları uğurla həyata keçirilib. 2024-cü ilin sonuna kimi "Gökbey" helikopterinin jandarmaya təhvil veriləcəyi açıqlanıb.

Türkiyənin dənizdəki hüquq və mənafelərini effektiv şəkildə qorumaq üçün həyata keçirilən Dəniz Patrul Gəmisi Layihəsi çərçivəsində TCG "Akhisar" və TCG "Koçhisar" gəmiləri suya endirilib. Dəniz platformalarının əsas silahlarından olan 76/62 millimetrlik Milli Dəniz Topunun ilk tədarükü Dəniz Patrul Gəmisi üçün həyata keçirilib.

İlk çatdırılma Türkiyə HDQ Komandanlığının ehtiyaclarını qarşılayacaq Zirehli Amfibiya, Hücum Vasitəsi (ZAHA) Layihəsində həyata keçirilib. Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olacaq ilk "Ulaq" Silahlı İnsansız Dəniz Platforması (SİDP) yerli mühərriklərlə dəniz sınaqlarına başlayıb. Türkiyənin ilk yerli və milli ağıllı dəniz sualtı minası "Malaman" da kütləvi istehsala hazır vəziyyətə gətirilib.

Əsas dəstəkçisi Elmi və Texnoloji Araşdırmalar Qurumu (TÜBİTAK) ilə geniş tədqiqat və inkişaf proqramına malik Türkiyə müdafiə sənayesi, orijinal məhsullar istehsal etməklə yanaşı, bütün bu məhsulları dünya bazarına da çıxara bilib. BMT-nin son rəqəmləri isə onu göstərir ki, Türkiyə dünyanın ən aparıcı kiçik silah ixracatçıları siyahısına daxildir.

Onu da qeyd edək ki, Türkiyə yaxın illərdə öz kosmik gəmisinin istehsalına başlayacaq. Bununla bağlı açıqlamanı Prezident Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşündə bildirib. O deyib: "İlk astronavtımızı kosmosa göndərmək yeni nəsil hazırlamaq üçün ilk addımımız idi. Ümid edirəm ki, raketimizi kosmosda görəcəyik. İnşallah, yaxın illərdə öz kosmik gəmimizin istehsalına başlayacağıq".

Prezident Türkiyənin ikinci təyyarədaşıyıcısının inşası planlarını da açıqlayıb. "Biz 2002-ci ildə hakimiyyətə gələndə Türkiyənin özünün müdafiə sənayesindəki payı cəmi 20 faiz idi. İndi 80 faiz təchizat səviyyəsinə çatdırmışıq və bunu 100 faizə çatdırmaq niyyətindəyik. Əgər hərbi cəhətdən zəifsənsə, tərk edilmişsən. İndi biz ikinci təyyarədaşıyan gəmimizi öz tərsanəmizdə tikəcəyik", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.