Türkiyədən İsveçin NATO-ya üzvlüyünə yaşıl işıq
Dünya xəbərləri

Türkiyədən İsveçin NATO-ya üzvlüyünə yaşıl işıq

NATO-nun Vilnüsdə keçiriləcək sammiti start götürən kimi onun gündəliyindəki əsas məsələ, yəni İsveçin alyansa üzvlüyü öz həllini tapıb. Türkiyə Prezidenti Stokholmun Şimali Atlantika Müqaviləsi Təşkilatına üzvlük ərizəsini ratifikasiya üçün ən qısa zamanda ölkə parlamentinə təqdim edəcəyinə söz verib.

Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə lideri və İsveçin Baş naziri ilə görüşündən sonra açıqlama verib: "Şadam ki, Ərdoğan ratifikasiya prosesi ilə əlaqədar Parlamentlə işləyəcəyini bildirib. Ancaq bunun nə zaman olacağı ilə bağlı sualı Türkiyə Parlamenti bilir. Türkiyənin Aİ-yə üzv olmaq istəyini dəstəkləyirəm. Amma İsveçin mümkün qədər tez bir zamanda alyansın üzvü olması da vacibdir, çünki bu, NATO-nun və Baltikyanı regionun müdafiə qabiliyyətini gücləndirəcək. Xəritəyə baxın, İsveçin alyansa daxil olması regiondakı mövcudluğumuzun bütün coğrafiyasını dəyişəcək".

Türkiyə prosesin inkişafına əngəl olmayacağını açıqlasa da, görünür bunun qarşılığında müəyyən təminatlar alıb. Məlum məsələdir ki, rəsmi Ankaranı narahat edən başlıca məsələ terror qruplaşmalarının fəaliyyəti ilə bağlı idi. Bu səbəbdən də NATO tarixində ilk dəfə olaraq terrorla mübarizə üçün xüsusi mexanizm və nümayəndə postu yaradacağını elan edib. İsveç də öz növbəsində Türkiyənin terrorçu elan etdiyi təşkilatları dəstəkləməyəcəyinə söz verib. İsveçin Baş naziri Ulf Kristersson bildirib ki, ölkəsinin NATO-ya üzvlüyünün ratifikasiya olunmasının qarşılığında Madrid üçtərəfli Memorandum çərçivəsində bütün öhdəliklərini yerinə yetirəcək. Stokholm, həmçinin Təhlükəsizlik Sazişi adlanan yeni ikitərəfli dialoq, bir növ əməkdaşlıq formatı yaradacaq. Bununla da mütəşəkkil cinayətkarlıqla və terrorizmlə mübarizədə Türkiyə və İsveç birgə səylərini davam etdirəcək.

Birləşmiş Ştatlar isə İsveçin NATO-ya üzvlüyü müqabilində Türkiyəyə "F-16" qırıcılarının satılması məsələsini gündəmə gətirib. Bununla bağlı ilk iddia "The Guardian" nəşrinin məqaləsində öz əksini tapıb. Doğrudur, tərəflər bu iki məsələnin bir-birindən ayrı dəyərləndirilməli olduğunu desələr də, şəxsi maraqları nəzərə alanda əslində üzvlük və qırıcıların satılması arasında bağlılıq olduğu üzə çıxır. Eyni zamanda, Türkiyənin ABŞ-dan digər əsas tələbi də bəlli olub. Ərdoğan üçtərəfli görüş öncəsi bildirib ki, Türkiyənin Avropa İttifaqına gedən yolunu açmaq lazımdır və bu barədə sammitdə də lazımi mesajlar veriləcək. Qeyd edək ki, Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlər Ankaranın 1959-cu il iyulun 31-də Avropa İqtisadi Birliyinə tərəfdaşlıq üçün müraciət etməsi ilə başlayıb. 1999-cu ildə isə Aİ ölkələri tərəfindən namizəd kimi qəbul edilən Türkiyə ilə üzvlük danışıqlarına 2005-ci ildə başlanılıb. Lakin 2016-cı ildən isə üzvlüklə bağlı danışıqlar dalana dirənib. Aİ Türkiyəni insan haqlarının pozulmasında və qanunun aliliyindəki çatışmazlıqlarda ittiham edib. Sonuncu dəfə isə 2021-ci il dekabrın 15-də Avropa Şurası Türkiyə ilə üzvlük danışıqlarını dondurmaq qərarına gəlib. Amma rəsmi Ankara İsveçin NATO-ya üzvlüyünə yaşıl işıq yandırması fonunda vəziyyət dəyişib. Türkiyə və Birləşmiş Ştatlar liderlərinin təkbətək görüşü zamanı bu məsələnin də ətraflı şəkildə müzakirə olunacağı gözlənilir.

Yekunda onu da qeyd etmək lazımdır ki, əgər Vilnüs sammitində ABŞ orbitr rolunu oynayacaqsa, ağırlıq mərkəzində məhz Türkiyə duracaq. Çünki hazırda qardaş ölkə beynəlxalq arenada əvəzsiz rola sahibdir. Bunu illərdir onun gücünü gözardı etməyə çalışan Qərb dairələri də yaxşı bilir.

Jalə QASIMZADƏ,

"Respublika".