TÜRKİYƏLİ QONAQLARDAN MƏNƏVİ DƏSTƏK
Sosial həyat

TÜRKİYƏLİ QONAQLARDAN MƏNƏVİ DƏSTƏK

Azərbaycan və Türkiyə iki qardaş, dost dövlətlərdir. Xalqlarımız əsrlər boyu bir-birinə arxa-dayaq olub, sevinc və kədərlərini birgə bölüşüb. Bu günlərdə Bakıda "Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq təcrübə" adlı beynəlxalq konfransın iştirakçısı olan türkiyəli qonaqlar Masallı rayonuna gəliblər.

Türkiyə Qazilər və Şəhid Ailələri Vəqfinin Bursa şöbəsinin rəhbəri, Kıbrıs qazisi Fikri Özder, Bursa şəhərində fəaliyyət göstərən "Gələcəyin İnsanları və Gələcəyin İmkanları Məkanı-Azərbaycan Deyincə" ("GİM AZDER") dərnəyinin sədri Hüseyn Vəliyev Masallı Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhid ailələri və qazilərlə görüşüblər.

Bursa şəhərində (Osmanqazi rayonunun Dəmirtaş bölgəsində) Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun adını daşıyan park və prospekt, Karaçabəydə Milli Qəhrəman, polkovnik-leytenant Şirin Mirzəyevin adını daşıyan park istifadəyə verilib. Kelesdə Milli Qəhrəman Məzahir Rüstəmovun xatirəsini əbədiləşdirmək məqsədilə parkın təməli qoyulub. Türkiyə Qazilər və Şəhid Ailələri Vəqfinin Bursa şöbəsinin rəhbəri Fikri Özder Azərbaycana ilk dəfə gəldiyini, Bakı şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını, Şəhidlər və Fəxri xiyabanları ziyarət etdiklərini, hər iki ölkənin şəhidlərinin xatirəsini ehtiramla andıqlarını, Azərbaycanın Milli qəhrəmanları: Polad Həşimov və Şirin Mirzəyevin ailə üzvləri ilə görüşdüklərini bildirib.

"Gələcəyin İnsanları və Gələcəyin İmkanları Məkanı-Azərbaycan Deyincə" ("GİM AZDER") dərnəyinin sədri Hüseyn Vəliyev bildirdi ki, əsas məqsədimiz mədəniyyətlərimizin, milli-mənəvi dəyərlərimizin, qəhrəmanlarımızın tanıdılmasıdır. Əminik ki, yaxın vaxtlarda Azərbaycanın bir neçə rayon və şəhərləri kimi, Masallı da Bursa ilə qardaşlaşmış şəhərlər siyahısına daxil olacaq. Bursada şəhid mayor Anar Novruzovun adının əbədiləşdirilməsi məqsədilə parkın salnması, Əhməd Cavad adına Mədəniyyət Evinin yaradılması və digər tədbirlər nəzərdə tutulub.

Türkiyə nümayəndələri Masallı şəhərinin mərkəzində salınmış Qəhrəmanlar parkında "Şəhidlər" abidə-kompleksini, Viləş kəndində Aprel döyüşlərinin qəhrəmanı Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli qardaşlarının, rayonun digər qəsəbə və kəndlərində şəhid məzarlarını ziyarət ediblər.

Sonra qonaqlar Tovuz döyüşlərinin qəhrəmanı, şəhid mayor Anar Novruzovun Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayan ailəsinə baş çəkiblər.

İki şəhid anası Ziba Ələsgərova Türkiyədən gəlmiş qonaqlara övladlarının keçdiyi döyüş yolundan, cəbhədə göstərdikləri şücaətlərdən, şəhid ailələrinə yüksək dövlət qayğısından danışıb.

Şəhid Anar Novuzovun qardaşı Sücəddin Novruzov ölkələrimiz arasında sarsılmaz qardaşlıq və dostluq əlaqələrindən, hər iki ölkədə şəhid ailələrinə olan yüksək ehtiramdan.

Əlisəfa HƏSƏNOV,

"Respublika".