Üçtərəfli Bəyanatın tələbləri yerinə yetirilmir
Siyasət

Üçtərəfli Bəyanatın tələbləri yerinə yetirilmir

İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistan 2020-ci il noyabr ayının 10-da kapitulyasiya aktı imzaladı. Azərbaycan Ordusunun qarşısında davam gətirməyən erməni silahlı qüvvələri döyüş əməliyyatlarını axıra çatdıra bilməyərək bir neçə rayonu hərbi əməliyyatlarsız geri qaytardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanan üçtərəfli Bəyanata əsasən, Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti Qarabağda təmas xətti və Laçın dəhlizi boyu münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarət etmək məqsədilə 5 il müddətinə əraziyə yerləşdirildi.

Rus sülhməramlıları Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması missiyasını həyata keçirməli olsa da, elə ilk günlərdən buna əməl etmədi. Sülhməramlı kontingent müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində - Qarabağda qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən təxribatlara nəinki mane oldu, hətta bəzən bu təxribatların törədilməsinə şərait də yaratdı. Belə ki, məqsəd və məramı sülhü qorumaq, təhlükəsizliyi təmin etmək olan rus sülhməramlıları nəzarət etdikləri ərazilərdə sülhün bərqərar olması istiqamətində heç bir addım atmadı, əksinə, məqam düşdükcə ermənilərin qanunsuz fəaliyyətlərinə dəstək verdilər.

Bu gün Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiya olunmaması, sərhəd boyunca yerləşən ərazilərdə atəşkəsin dəfələrlə pozulması, qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərini atəşə tutması rus hərbçilərinin öz vəzifələrini ya icra edə bilmədiklərinin, ya da etmək istəmədiklərinin təzahürüdür. Münaqişə zonasında sabitlik yaratmaq, hər iki tərəfdən üçtərəfli Bəyanatın müddəalarına əməl edilməsinə nəzarət etmək, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq əvəzinə, təxribatçılara meydan verən rus sülhməramlıları bölgədə sülhü qorumağa deyil, münaqişəni alovlandırmağa xidmət edirlər.

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü bəndində göstərilir ki, "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır". Lakin bu günə qədər qanunsuz erməni birləşmələri Azərbaycan ərazilərindən çıxarılmayıb, hətta bölgədə "sülhməramlılarla" birgə fəaliyyət göstərirlər. Rus sülhməramlılarının öz missiyalarını həyata keçirməməsi isə Azərbaycan tərəfinin haqlı narazılığına səbəb olur. Ötən il dekabr ayının ilk günlərində Qarabağda "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarında separatçı rejim tərəfindən təbii sərvətlərimizin qeyri-qanuni istismarının qarşısının alınması üçün Azərbaycanın aidiyyəti qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət edildi, Laçın-Xankəndi yolundan qeyri-humanitar məqsədlər üçün istifadənin və Azərbaycanın qızıl və mis mədən yataqlarının qanunsuz talan edilməsinin dayandırılması tələb olundu. Hətta Azərbaycan İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarına yerində baxış keçirmək, qanunsuz istismarı dayandırmaq, müxtəlif istiqamətlər üzrə monitorinq aparmaq və nəticələri beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə Laçın yolunun Şuşadan keçən hissəsinə gedərək Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə də görüşdü. Lakin rus sülhməramlıları monitorinqlərin aparılmasına şərait yaratmadı. Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısının alınması, eləcə də ekologiyaya mənfi təsirin nəticələrinin aradan qaldırılması məqsədilə sülhməramlı kontingentin komandanlığına dəfələrlə müraciət etsə də, sülhməramlılar tərəfindən təbii sərvətlərimizin qanunsuz istismarının qarşısının alınması üçün bu günə qədər heç bir tədbir görülmədi. Müstəqil siyasət yürüdən Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı BMT-nin qətnamələrini öz gücünə həyata keçirdiyi kimi, öz sərvətlərinə də öz iradəsi, qətiyyəti ilə sahib çıxmağı bacardı. Artıq 3 aydan çoxdur ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının üzvləri, könüllü gənclər, ekofəallar və ictimaiyyət nümayəndələri Laçın yolunun Şuşa şəhəri yaxınlığından keçən hissəsində Rusiya hərbi qüvvələrinin nəzarət-buraxılış məntəqəsində qanunsuz əməliyyatın qarşısının alınması tələbi ilə aksiya keçirərək haqlı tələblərini irəli sürürlər. Azərbaycanlı ekofəalların keçirdikləri aksiya nəticəsində ermənilərin Laçın yolundan silah-sursat daşımasının qarşısı alınsa da, təxribatçılar özlərinə yeni "çıxış yolları" axtarıb tapır və rus sülhməramlıları da onların təxribatçı əməllərinə dəstək verir.

Silahlı erməni terrorçuların sülhməramlı kontingentin yerləşdiyi ərazilərin yaxınlığında postlar qurması, səngər qazıb yeni müharibəyə hazırlaşması da nədənsə "sülhməramlıların nəzərindən yayınır". Bütün bunlar 2020-ci il 10 noyabr Bəyanatına əsasən münaqişə zonasında sabitliyin, təhlükəsizliyin təmin olunması məqsədilə yerləşdirilən rus sülhməramlılarının açıq-aydın silahlı erməni separatçı-terrorçu dəstələrinə himayədarlıq etmələrinin göstəricisidir.

Mehparə ƏLİYEVA,

"Respublika".