Üçtərəfli strateji əməkdaşlıq nümunəsi
Siyasət

Üçtərəfli strateji əməkdaşlıq nümunəsi

Azərbaycan-Türkiyə-Gürcüstan formatı sabitliyə və inkişafa xidmət edir

Hazırkı mərhələdə Azərbaycan regional müstəvidə bir neçə üçtərəfli formatın təşəbbüskarı və ya iştirakçısıdır. Onlardan biri olan Azərbaycan-Türkiyə-Gürcüstan formatı perspektivli əməkdaşlıq platformasıdır. Yeni  üçtərəfli format məhz Azərbaycan-Türkiyə strateji müttəfiqliyi fonunda təşəkkül tapır. Bakı ilə Ankaranın təşəbbüsləri bölgədə yeni geostrateji konfiqurasiyanın formalaşmasına zəmin yaradır. Qonşu Gürcüstan da iki dövlətlə birgə addımlayaraq regionun strateji gələcəyində niyyətini aydın ifadə edir. Üç ölkə arasında əlaqələrin mühüm tərkib hissələrindən biri enerji və nəqliyyat sahəsində əməkdaşlıq perspektivləridir. Azərbaycan, Türkiyə və Gürcüstan bu istiqamətdə faydalı tərəfdaşlıq həyata keçirirlər.

Regional əməkdaşlıq hər üç ölkəyə böyük fayda gətirir, birgə həyata keçirilən iri infrastruktur layihələri, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu, Cənub Qaz Dəhlizi Azərbaycan-Gürcüstan-Türkiyə arasında uğurlu əməkdaşlığın nümunələridir. Bu layihələr ölkələrimiz, bölgə üçün böyük əhəmiyyət daşıyır, əməkdaşlığı dərinləşdirir. Əgər layihələrin əvvəlində üç ölkə əməkdaşlıq edirdisə, indi bu ölkələrin sayı getdikcə artır və yeni tərəfdaşlar bu layihələrə cəlb edilir. Eyni zamanda, nəqliyyat sahəsində də əməkdaşlığa böyük diqqət göstərilir. "Azərbaycanda zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumunda deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan özünün qərbində olan qonşuları Gürcüstan və Türkiyə, şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərblə şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq.

Tarixə nəzər salaraq qeyd etmək lazımdır ki, hələ 1990-cı illərin sonlarında Bakı-Supsa neft kəmərinin tikilməsi nəticəsində Xəzər dənizi Qara dənizlə birləşdi. Bundan sonra Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin tikintisi Azərbaycan, Gürcüstan və Türkiyənin  birgə səyləri ilə həyata keçirildi. Bu gün bu layihələr ölkələrimizin iqtisadi inkişafında önəmli rol oynayır. Cənub Qaz Dəhlizi bölgədə tərəqqiyə və sabitliyə xidmət edir, həmçinin Avropa və Avratlantik məkanın enerji təhlükəsizliyində müstəsna əhəmiyyətə malikdir. Gürcüstanın Azərbaycan və Türkiyə ilə sıx əməkdaşlığın, tərəfdaşlığın və ən əsası dostluğun, ikitərəfli və üçtərəfli formatlarda layihələrin reallaşdırılması üçün yaxşı təməllərin mövcudluğunu vurğulayan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bölgədə sülhə alternativin olmadığını qeyd edib. Baş nazir Gürcüstanın bütün məsələlərin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirib. "Biz, eyni zamanda Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli format çərçivəsində də müzakirələr aparırıq. Gürcüstan Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlığı üçtərəfli formatda genişləndirmək niyyətindədir". 2017-ci ildə  Bakı Beynəlxalq Dəniz Ticarət Limanında  Bakı-Tbilisi-Qars dəmir yolunun   təntənəli açılış mərasimində  Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilən bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsinin  və qarşılıqlı sərmayə qoyuluşunun artacağını deyən Azərbaycan Prezidenti İlham Əliyev əməkdaşlığın  dərinləşəcəyini  vurğulayaraq qeyd edib ki,  bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək, turizmin inkişafı geniş vüsət alacaq, turistlərin sayı artacaq.

Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və əlavə imkanlar yaradacaq. Layihənin icrası Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əlaqələrin strateji təzahürünü bütün dünyaya nümayiş etdirir. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Bu töhfənin təməlində Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğu və qardaşlığı dayanır.  Belə bir regional üçbucağın formalaşmasının əsasında tarixi və mədəni əlaqələr, coğrafi qonşuluq, vahid tranzit dəhlizinin tərkib hissələri olmaq, birgə iqtisadi əməkdaşlıq üçün əlverişli şərait və siyasi iradə dayanır. Hər üç ölkə bir-biri ilə strateji tərəfdaşdır. Belə ki, Azərbaycan həm Türkiyə, həm Gürcüstanla, eləcə də Türkiyə ilə Gürcüstan öz aralarında strateji tərəfdaşdırlar. Hələ 1997-ci il fevralın 18-də "Azərbaycan Respublikası ilə Gürcüstan arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Bəyannamə", 1997-ci il mayın 5-də isə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" imzalanıb. Azərbaycan tərəfdaşları və qonşuları ilə münasibətlərdə öz etibarlılığını daim sübut edib. 1995-ci ildə Gürcüstan enerji böhranı ilə qarşılaşarkən, Türkiyə Azərbaycanla birgə enerji dəhlizi yaradarkən, ABŞ Əfqanıstanda və İraqda beynəlxalq antiterror əməliyyatları keçirərkən, Türkiyə ilə Rusiyanın münasibətləri kəskinləşərkən, Rusiya və İrana qarşı sanksiyalar tətbiq edilərkən Azərbaycanın etibarlı tərəfdaş olduğu təsdiq edilib. Strateji tərəfdaşlıq nəqliyyat-enerji infrastrukturunun yaranması, üç ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın dərinləşdirilməsi, regionda sabitlik və təhlükəsizlik şəraitinin düzgün proqnozlaşdırıla bilməsinə hesablanmışdı. Azərbaycan-Türkiyə-Gürcüstan bu müstəvidə ortaq maraqları bölüşür və onu inkişaf etdirir.

Regional hərbi məsələlərə gəldikdə isə qeyd etməliyik ki, Türkiyə NATO-nun üzvüdür, Gürcüstan NATO-ya real namizəddir, Azərbaycan isə heç bir hərbi-siyasi blokda iştirak etmir və bütün tərəflərlə qarşılıqlı, faydalı, bərabərhüquqlu əməkdaşlığa üstünlük verir. Bu fərqli yanaşmalara baxmayaraq, hər üç ölkə müxtəlif sahələr üzrə, xüsusilə hərbi sahədə birgə əməkdaşlığı getdikcə daha da inkişaf etdirir. Digər tərəfdən, hər üç ölkənin birgə hərbi təlimlərdə iştirak etməsi həm Türkiyənin, həm Azərbaycanın, həm də Gürcüstanın strateji maraqlarına uyğundur. Onilliklər ərzində Türkiyənin Gürcüstana praktiki dəstəyi ölkənin müdafiə qüvvələrinin inkişafında xüsusi rol oynayıb. Müdafiə mexanizmlərinin gücləndirilməsində və təhdidlərin qarşısının alınmasında çoxmillətli birgə hərbi təlimlərin rolu, bu işdə müttəfiqlərin və dostların fəal iştirakının əhəmiyyəti də diqqət mərkəzində olub. "Cənubi Qafqazda həll olunmamış münaqişələr Türkiyəni çox narahat edir". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Bildirib ki, Türkiyə bütün hərbi münaqişələrin, o cümlədən Cənubi Qafqazdakı münaqişənin həll edilməsini istəyir, belə ki, bu münaqişələr Türkiyəyə mənfi təsir göstərir.

Tarixi zəfərdən sonra da Azərbaycanın artan maliyyə imkanları, iqtisadi inkişafı ölkəmizi beynəlxalq aləmdə və regionda daha cəlbedici tərəfdaşa çevirib. İndi başqa dövlətlər Azərbaycana təkcə investisiyaların yatırımı üçün əlverişli ölkə kimi deyil, həm də investor ölkə kimi yanaşırlar. Dövlət başçısının da söylədiyi kimi, xarici tərəfdaşlar üçün Azərbaycan təkcə siyasi mərkəz kimi yox, eyni zamanda, investisiya mənbəyi kimi də maraqlıdır. Birgə tərəfdaşlıq çərçivəsində qarşılıqlı investisiya qoyuluşunun artması, xüsusən enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması gələcəkdə səmərəli və çoxşaxəli işbirliyinin uğurla davam etdirilməsinə zəmin yaradır. Bu isə Avrasiyanın enerji və nəqliyyat xəritəsinin yenidən tərtib edilməsidir. İqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Azərbaycandakı əlverişli biznes və investisiya mühiti şirkətlərin uğurla fəaliyyət göstərməsinə şərait yaradır. Beləliklə, Azərbaycan-Türkiyə-Gürcüstan formatı çərçivəsində əməkdaşlıq və geosiyasi layihələrin həyata keçirilməsi sülhə, sabitliyə, regional inteqrasiyaya və xalqlarımızın rifahına xidmət edir.

Mustafa KAMAL,

"Respublika".