Uğurlarımızın rəhni: daxili sabitlik, azad iqtisadiyyat, güclü ordu və xalq-iqtidar birliyi
Siyasət

Uğurlarımızın rəhni: daxili sabitlik, azad iqtisadiyyat, güclü ordu və xalq-iqtidar birliyi

Hər bir ölkə dövlət müstəqilliyini bərpa etdikdən dərhal sonra ilk növbədə beynəlxalq müstəvidə tanınmağa və uğur qazanmağa can atır. Təbii ki, bunun üçün öncə daxili sabitliyin, azad iqtisadiyyatın, güclü ordunun və xalq-iqtidar birliyinin mövcud olması əsas şərtlərdir. Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyə başladığı andan etibarən yuxarıda qeyd olunan amilləri yerinə yetirməyi qarşısına əsas məqsəd olaraq qoymuşdu. Ermənistanla atəşkəs razılaşmasının əldə olunması həm torpaqlarımızın daha böyük ölçüdə işğal olunmasının qarşısını aldı, həm də ordumuzun güclənməsi üçün zəmin yaratdı. Bu müqavilədən 26 il sonra İkinci Qarabağ müharibəsində əldə etdiyimiz uğur həmin addımın nə qədər düzgün olduğunu göstərdi. Onun ardınca imzalanan "Əsrin müqaviləsi" ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsində və beynəlxalq mövqelərinin möhkəmləndirilməsində güclü rol oynadı. Həmçinin vətəndaş müharibəsinin qarşısının alınmasında da Heydər Əliyevin rolu böyükdür. Bütün bunlar ölkəmizin dünyaya inteqrasiyasını təmin etmək üçün ən mühüm vəzifələr idi ki, bunu da dahi şəxsiyyət gərgin əməyilə tez bir zamanda həll edə bildi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk olaraq İslam Konfransı Təşkilatı (İKT), BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO), Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT), Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Müstəqil Dövlətlər Birliyi (MDB) və digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq münasibətləri qurub. 1994-cü il mayın 4-də Heydər Əliyevin Brüsseldə "Sülh naminə tərəfdaşlıq" proqramının çərçivə sənədinə imza atması Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi yolunda ən vacib addımlardan biridir. Daha sonra 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" imzalanıb. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin uğurlu səhifələrindən biri kimi dəyərləndirilir.

Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən dövlətimizin başçısının uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artıb. Ötən illər ərzində Azərbaycanın xarici siyasət kursunda başlıca istiqamət Ermənistanın təcavüzkar ölkə kimi tanınması olub. Nəticədə Azərbaycanın tarixi torpaqlarının Ermənistan tərəfindən işğal faktı dünyanın ən mötəbər beynəlxalq təşkilatları tərəfindən qəbul edilib. Məhz beynəlxalq arenada qazanılmış uğurlar Vətən müharibəsində ölkəmizin haqlı mövqeyinin nümayiş olunmasına geniş imkanlar yaradıb.

Ermənistanın böyük lobbi imkanlarının olmasına baxmayaraq, paytaxt Bakının bu gün də beynəlxalq tədbirlərin keçirildiyi əsas ünvanlardan biri kimi qalması dünya ictimaiyyətinin Azərbaycana olan etimadının göstəricisidir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ölkəmizin evsahibliyi etməsi Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha da artıracaq. Dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti qələbəsidir. Bu, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və Təhlükəsizlik Şurasına üzv olmasından sonra Azərbaycan dövlətinin xarici siyasətinin böyük uğurudur. Bu, eyni zamanda son vaxtlar haqlı olduğumuz halda bizə qarşı şər-böhtan kampaniyası aparan dövlətlərə də tutarlı cavabdır.

Bu gün hər kəs tərəfindən qəbul edilən reallıqlardan biri də odur ki, regiondakı hər hansı bir strateji əhəmiyyətli layihə Azərbaycanın rəyi olmadan reallaşa bilməz. Xalqın böyük dəstəyini qazanaraq yenidən ölkəmizə rəhbər seçilən İlham Əliyev geridə qalan illər ərzində müstəqil xarici və daxili siyasət yürüdərək ölkəmizin dünyadakı mövqeyini daha da gücləndirib, nüfuzunu artırıb. Onun rəhbərliyi dövründə Ordumuz dünyanın ən güclüləri sırasına daxil olub, iqtisadiyyatımız ilbəil daha da irəli gedib. Xalq-iqtidar birliyi və daxili sabitlik Vətən müharibəsindəki qələbəmizin təməli olub.

Musa BAĞIRLI,

"Respublika".