Uğursuz ikili standartlar
Siyasət

Uğursuz ikili standartlar

Bu yanaşma ölkəmizin tarixi ədaləti bərpa etməsinə mane ola bilmədi

Torpaqlarımızın işğalı 30 ilə yaxın bir müddətdə davam etdi. Bu illərdə ATƏT-in Minsk qrupu ifadəsini demək olar ki, hər gün eşidirdik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məqsədilə yaradılan bu strukturdan əvvəllər bəlkə də nə isə gözləyir, onun həmsədrləri, faktaraşdırıcı missiyaları bölgəyə səfər edib hansısa bəyanat səsləndirəndə: "Bəlkə torpaqlarımız azad edildi, məcburi köçkünlər yurd-yuvalarına qayıtdılar" - deyə ümidlənirdik. Dünyanın üç aparıcı dövlətinin birgə yaratdığı bu inistitut bizdən illərimizi aldı. Onun vədləri olmasaydı, qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bu möhtəşəm qələbəyə çoxdan imza atmışdı. Sülh tərəfdarı, qan tökməyin əleyhdarı olan Azərbaycan bu məsələnin sülh, danışıqlar yolu ilə həllini sonadək dəstəklədi, lakin hərb yolunu da istisna etmədi...

1992-ci il martın 24-də Helsinkidə keçirilən ATƏM-in Xarici İşlər Nazirləri Şurasının görüşündə Dağlıq Qarabağdakı vəziyyət müzakirə olundu, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edildi. 1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis olundu, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra İsveç və Rusiya başçılıq etdi. 1997-ci il yanvarın 1-dən ATƏT-in Minsk prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edir...

Ötən 30 ildə hansı işlər görüldü?.. 2020-ci il dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul etdi. Görüşdə çıxış edən Prezident demişdi: "... Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb...".

Maraqlıdır ki, 28 il ərzində sadəcə mandat gəzdirməklə məşğul olan, əslində Ermənistanın özbaşınalıqlarının davam etdirilməsinə laqeyd yanaşan torpaqlarımızı daha çox işğal altında saxlamağa göz yuman Minsk qrupu indiki reallıqda özünün "təklifləri ilə" başımızın altına yenədəmi yastıq qoymaq istəyir?.. Görün onlar nə təklif edirlər: "İki ölkə arasında yaranmış sərhəd delimitasiya və demarkasiyasında yaranmış situasiyadan çıxış yolu tapmağa kömək etmək!".

Minsk qrupunda ABŞ-ı təmsil etmiş Richard E.Hoagland İCR Center-in saytında "Minsk qrupunun hələ də rolu qalıbmı?" başlıqlı məqaləsində yazır ki, iki ölkə də yaranmış yeni vəziyyəti, bölgənin infrastrukturunun bərpasını, yenidən qurulmasını fürsət kimi dəyərləndirir və Minsk qrupu da bu istiqamətdə müxtəlif beynəlxalq banklardan, ATƏT-ə üzv ölkələrdən maliyyələşmə təşkil etməklə keçmiş Dağlıq Qarabağ müharibə zonasının, Cənubi Qafqazın inkişafına kömək edə bilər: "Amma Minsk qrupu özünü yeniləməsə, onda o, təəssüf ki, beynəlxalq diplomatiyanın küncündə qalacaq" - deyə o, məqaləsini belə yekunlaşdırıb.

Ümummilli lider Heydər Əliyev yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində Minsk qrupunun fəaliyyəti məsələsinə toxunaraq demişdir: "...Ermənistanın daim pozucu mövqe tutması, Azərbaycanın torpaqlarını işğal etdiyinə görə özünü üstün hesab etməsi, beynəlxalq təşkilatların, ABŞ-ın və Fransanın Ermənistana lazımi təsir göstərə bilməməsi bu problemin indiyə qədər həll olunmasına imkan verməmişdir...".

Göründüyü kimi, 20 il öncə söylənən bu fikirlər ötən illərdə də heç dəyişmədi, yəni Minsk qrupu bu məsələnin həllinə cəhd belə göstərmədi, daha doğrusu öz maraqlarına xidmət etdi. Azərbaycan xalqı da bunu çox gözəl görür. Azərbaycan Prezidenti İlham Əliyevin bütün açıqlamalarında da bu quruma etimadsızlıq nümayiş etdirilir: "...Mənim Minsk qrupunun fəaliyyəti ilə bağlı fikrim Azərbaycan xalqının fikrindən fərqlənmir. Bu, uğursuzluq idi. Biz həqiqəti deməliyik. Məsələnin gün işığı kimi aydın olduğu halda, biz siyasi korrektlik naminə bunun əksinə söyləyə bilmərik. Əgər Minsk qrupunun həmsədrləri-dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmirdilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi. Onlar 28 il fəaliyyət göstərdilər. Təsəvvür edirsiniz?" - deyə ölkə başçısı vurğulayıb.

Artıq dünyaya da gün kimi aydındır ki, Minsk qrupu bu münaqişəni həll edə bilərdi və belə olacağı təqdirdə heç müharibəyə də ehtiyac olmazdı. Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin bununla bağlı saysız müraciətlərinə məhəl qoyulmadı. Müharibə qaçılmaz oldu. Dövlət başçısının dediyi kimi, bunun da məsuliyyəti Ermənistanın və ona arxa duran, məsələnin həllinə biganə yanaşan böyük dövlətlərin üzərinə düşür.

2021-ci ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində demişdir: "...İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupundan bu günə qədər bizə hər hansı bir təklif verilmədi. Təklif olmadığı təqdirdə Minsk qrupunun fəaliyyəti haqqında danışmaq yersizdir...".

Bəli, Azərbaycan 30 illik tarixi olan bir münaqişəni 44 gün ərzində həll etməyə qadir olduğunu bütün dünyaya göstərdi. İndi qarşıda duran çətinlikləri həll etmək üçün də gücü var. İnanırıq ki, Azərbaycan dövlətinin rəhbəri, qəhrəman ordumuzun Ali Baş Komandanı İlham Əliyev bütün çətinliklərə baxmayaraq, canımız, qanımız bahasına azad etdiyimiz torpaqlarımıza yeni həyat, yeni nəfəs gətirəcək, çünki nəyi necə, nə vaxt etməyi çox gözəl bilir...

Z.ABDULLAYEVA,

"Respublika".