Ulu Öndər Heydər Əliyevin ölkəmizdə rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılmasında mühüm rolu olub
Digər xəbərlər

Ulu Öndər Heydər Əliyevin ölkəmizdə rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılmasında mühüm rolu olub

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Heydər Əliyevin rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılmasında rolu" mövzusunda elmi konfrans keçirib. Tədbirdə İqtisadiyyat Nazirliyi və nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin, biznes assosiasiyalarının rəhbərləri iştirak ediblər.

Bu barədə verilən məlumata görə, konfransda Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Ümummilli Lider Heydər Əliyevin azad rəqabət mühitinin formalaşması ilə nəticələnən iqtisadi strategiyasının əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf konsepsiyasının həyata keçirilməsi Azərbaycanda azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun iqtisadi sistemin yaradılmasına və inkişafın təmin olunmasına mühüm əsaslar yaradıb.

Rəqabətin iqtisadiyyatda önəminə diqqət çəkən Xidmət rəisi vurğulayıb ki, ötən əsrin 90-cı illərinin ikinci yarısından etibarən "Haqsız rəqabət haqqında" və "Təbii inhisarlar haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi ilə antiinhisar qanunvericiliyinin formalaşması təmin olunub. Vurğulanıb ki, əsasını Ulu Öndərin qoyduğu müasir Azərbaycanın iqtisadi inkişaf strategiyası dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, son dövrlərdə həyata keçirilən iqtisadi islahatlar öz uğurlu nəticələrini verməkdədir. Milli iqtisadiyyatın davamlı inkişafı məqsədilə ölkə rəhbərliyi tərəfindən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq olunub. Bu sənəddə əksini tapan 5 prioritetdən biri də məhz dayanıqlı rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasıdır və onun reallaşdırılması üçün sistemli fəaliyyət həyata keçirilir.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti əsasında həyata keçirilən tədbirlərin nəticəsi olaraq, ölkəmizdə siyasi və makroiqtisadi stabillik əldə edilib. Bu da iqtisadi islahatların reallaşdırılmasına güclü zəmin yaradıb.

Tədbirdə İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Milli Məclisin deputatı Ziyad Səmədzadə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müavini Sənan Tapdıqov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafındakı misilsiz xidmətlərindən danışıblar.

Elmi konfrans "Yeni Azərbaycan iqtisadiyyatında rəqabətlilik" mövzusunda panel sessiya ilə davam edib. Milli Məclisin deputatı Zahid Oruc və Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərovun da qatıldığı müzakirə sessiyasında Dövlət Xidmətinin nümayəndələri "Qloballaşan dünyada rəqabət iqtisadiyyatı və iqtisadi inkişaf" və "XXI əsrdə rəqabət iqtisadiyyatı: müasir tendensiyalar və problemlər" mövzularında təqdimatlarla çıxış ediblər.

Mustafa KAMAL,

“Respublika”.