Ulu Öndər tərəfindən başlanılmış məhkəmə-hüquq islahatları uğurla davam etdirilir
Digər xəbərlər

Ulu Öndər tərəfindən başlanılmış məhkəmə-hüquq islahatları uğurla davam etdirilir

Dövlət müstəqilliyimizi bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlət və cəmiyyət həyatının bütün sahələrində köklü islahatlar aparılmağa başlanılmışdır. Bu islahatların tərkib hissəsi olaraq ölkəmiz, ilk növbədə, özünün inkişaf yolu kimi demokratik cəmiyyət və hüquqi dövlət quruculuğu yolunu seçmişdir. Ölkəmizin məhkəmə-hüquq sisteminin inkişafı ilə bağlı fundamental istiqamətlər məhz ulu öndər tərəfindən müəyyən edilmişdir.

1995-ci il noyabr ayının 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi dövlətimizin hüquqi, siyasi və iqtisadi inkişafının hədəflərini və gələcək perspektivlərini müəyyənləşdirmişdir. Azərbaycan xalqı Konstitusiyada özünün dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağı, demokratik quruluşa, insan hüquq və azadlıqlarına təminat verməyi, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək niyyətlərini bütün dünyaya bəyan etmişdir.

Ümummilli lider Heydər Əliyev insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün ciddi islahatlar aparmışdır. Ölkədə üçpilləli məhkəmə sistemi yaradılmış, hakim korpusunun formalaşmasında ədalətli və şəffaf seçimə əsaslanan tamamilə yeni üsul və metodlardan istifadə edilmişdir.

Azərbaycan Respublikasının 2001-ci ilin yanvarından Avropa Şurasına tamhüquqlu üzv seçilməsi, 2002-ci ilin aprelindən Avropa İnsan Hüquqları Konvensiyasının və ona əlavə edilmiş protokolların qüvvəyə minməsi və Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasının tanınması ilə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi bəşəri dəyərlərə söykənərək inkişaf etdirilmişdir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün tələblərinə və çağırışlarına uyğun olaraq daha da dərinləşdirilmişdir. Belə ki, 2004-cü ildə "Məhkəmələr və hakimlər haqqında" Qanunun əsaslı şəkildə yenilənməsi, eləcə də "Məhkəmə-Hüquq Şurası haqqında" Qanunun qəbul edilməsi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynamışdır.

"Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" ölkə başçısının 10 fevral 2017-ci il tarixli Sərəncamı da islahatların tərkib hissəsini təşkil edir. Sərəncamda xüsusilə vurğulanmışdır ki, dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zəruri edir.

Cənab Prezidentin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixli Fərmanı isə məhkəmə sisteminin mühüm "yol xəritəsi" kimi qəbul olunmuşdur. Fərmanda xüsusilə vurğulanmışdır ki, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.

Fərmanda Məhkəmə-Hüquq Şurası, Ali Məhkəməsi, Ədliyyə Nazirliyi, Baş Prokurorluğu, Vəkillər Kollegiyası tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmaqla, həmçinin Ədliyyə Nazirliyi tərəfindən "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması, fiziki və hüquqi şəxslərin həmin sistemdən istifadəsinin təşviqi üçün tədbirlərin görülməsi təsbit edilmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 1 iyun 2020-ci il tarixli Fərmanı ilə "Elektron məhkəmə" informasiya sistemi haqqında" Əsasnamə təsdiq edilmişdir. İnformasiya sisteminin tətbiqi insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinə, məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyinin və şəffaflığının artırılmasına, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlığın və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin olunmasına xidmət etmişdir.

Cənab Prezident tərəfindən bu sahədə ardıcıl fərman və sərəncamların verilməsi ölkənin məhkəmə-hüquq sisteminin daim onun diqqət mərkəzində olduğunun göstəricisidir.

İdarəetmədə zəngin biliyi və böyük təcrübəsi olan ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmış bir sıra mühüm institusional islahatlarla bərabər, eyni zamanda yeni kadrların hazırlanması işinə də böyük diqqət ayrılmışdı. Ulu öndərin dövlət quruculuğu sahəsindəki islahatlarının vacib istiqamətlərindən birini bütün sahələr üzrə kadrların hazırlanması, insan resurslarının səmərəli idarə olunması, bu məqsədlə həyata keçirilmiş uğurlu təhsil diplomatiyası və Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramları təşkil etmişdir. Dövlət idarəçilik sisteminin qurulması ilə bağlı 21 iyul 2000-ci ildə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi xüsusi əhəmiyyətə malik olmuşdur. Bu qanun dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılması prosesinə təkan vermiş, bu sahədə kadr siyasətinin əsas prinsiplərini müəyyənləşdirmişdir.

Ulu öndər tərəfindən başladılmış bu istiqamət üzrə qlobal proseslərə və müasir çağırışlara adekvat cavab verən, praqmatik yanaşmalar əsasında formalaşmış uğurlu dövlətçilik konsepsiyası bu gün də ölkə başçısı İlham Əliyev tərəfindən inamla həyata keçirilir.

Belə ki, icrası Məhkəmə-Hüquq Şurası tərəfindən uğurla davam etdirilən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixli Fərmanda məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayının 200 nəfər artırılması nəzərdə tutulmuşdur.

 Məhkəmə islahatları nəticəsində son illər məhkəmə aparatı işçilərinin sosial müdafiəsi gücləndirilmiş, onların sayı əhəmiyyətli dərəcədə artırılmışdır. Məhkəmələrdə inzibati vəzifələrin hazırlıqlı hüquqşünaslarla komplektləşdirilməsi üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən mütəmadi olaraq test üsulu ilə şəffaf müsabiqələr və müsahibələr keçirilir. Dövlət qulluğuna qəbul edilmiş gənc hüquqşünaslar vaxtaşırı Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən təlimlərə cəlb edilirlər.

Hər bir gənc hüquqşünas gələcəyin hakimi, prokuroru, müstəntiqi, vəkili deməkdir. Gənc hüquqşünasın kadr kimi formalaşması uzun bir proses olub, universitet auditoriyasından başlayaraq işlədiyi dövlət orqanında və ya qurumda davam etdirilir. Hakimliyə namizədlərin seçilməsində məhkəmələrdə püxtələşmiş gənc hüquqşünasların fəaliyyətinə şəraitin yaradılması özü də məhkəmə sistemində şəffaflığa işarədir.

Bakı Apellyasiya Məhkəməsində də vakant olan dövlət qulluğu vəzifələrinin şəffaf müsabiqə və müsahibə yolu ilə tutulması üçün qanunla müəyyən edilmiş müddətlərdə və qaydada Dövlət İmtahan Mərkəzinə təqdim olunur. Layiqli gənc kadrların yaradıcı və innovativ potensialının üzə çıxarılması Bakı Apellyasiya Məhkəməsinin əsas prioritet hədəflərindən biridir. Bu, həm də hazırda respublikada Prezident İlham Əliyevin müdrik rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna qayğısı ilə aparılan uğurlu gənclər siyasətinin təcəssümüdür. Həyata keçirilən kadr islahatlarının təməl prinsiplərində yüksək bilikli, müasir, eyni zamanda dövlət və dövlətçiliyin sarsılmaz ənənələrinə sədaqəti ilə seçilən gənclərin önə çəkilməsi, onların potensialının üzə çıxarılması, həmçinin yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik gənclərin püxtələşməsi, eyni zamanda ölkəmizdə inkişaf etməkdə olan könüllülük hərəkatına töhfə verilməsi dayanır.

Onu da qeyd etmək lazımdır ki, düzgün kadr islahatları hər bir ölkənin inkişaf strategiyasının ana xəttini təşkil edir. Ölkəmizdə institusional islahatların davamı olaraq kadr siyasəti də keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Cənab Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə ölkədə bütün sahələr üzrə ciddi kadr islahatları aparılır, dövlət strukturlarında dövrün tələbləri səviyyəsində idarəetmə bacarığına sahib olan, yeni təfəkkürlü, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə malik kadrlar hazırlanaraq irəli çəkilir.

Yeni mərhələdə kadr siyasətində Prezident İlham Əliyevin gənclərə üstünlük verməsi, onlara güvənməsi isə heç də təsadüfi deyil. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün qalib Azərbaycanın intellektual və güclü gəncliyi ilə birlikdə eyni ardıcıllıqla davam etdirilir. Gənclərin yüksək səviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, onların fəal və sağlam həyat tərzi respublikamızda ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir.

Bəhruz RZAYEV,

Bakı Apellyasiya Məhkəməsi Kadr işləri üzrə baş məsləhətçi.